• cümə axşamı, 28 mart, 12:50
  • Baku Bakı 16°C

Qaçqın və məcburi köçkünlərin problemi diqqət mərkəzində - Fotolar

07.06.17 12:00 2271
Qaçqın və məcburi köçkünlərin problemi diqqət mərkəzində - Fotolar
SSRİ-nin süqutundan sonra Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı deportasiyaya məruz qalıb. Onlar son nəfərədək öz doğma yurdlarından zorla qovulub və Azərbaycana pənah gətiriblər. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb. Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılaryaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı da insanları öz evlərini, el-obasını zorla tərk etmək məcburiyyətində qoyub. 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub. Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq, məcburi köçkün düşüblər. Onlar Azərbaycanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektindəmüvəqqəti məskunlaşıblar. Beləliklə, 1991-ci ildə müstəqilliyini ikinci dəfə bərpa edən Azərbaycan ağır iqtisadi, ictimai-siyasi çətinliklərlə yanaşı, humanitar böhranla, qaçqın və məcburi köçkünlərin problemləri ilə də üz-üzə qalıb. Müstəqilliyin ilk illərində ölkədəki acınacaqlı vəziyyət bütün bu problemlərin həllini qeyri-mümkün edib, üstəlik, cəbhədəki məğlubiyyətlərlə bərabər, daxildəki vətəndaş müharibəsi müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaradıb.

"Hamımız üçün bir nömrəli problem”

Məhz belə bir ağır dönəmdə siyasi hakimiyyətə gətirilən ümummilli lider Heydər Əliyev Azərbaycanı yox olmaq təhlükəsindən qurtarıb. Atəşkəsin əldə edilməsindən sonra ölkədə bir çox islahatlara start verilib, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirib. "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın və köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri hamımız üçün bir nömrəli problemdir” deyən, ulu öndər Heydər Əliyev ilk növbədə çadır şəhərciklərində, vaqonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32 qəsəbə, 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikilib, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik xətti, 22 artezian quyusu, 133 km irriqasiya sistemi, 73 su anbarı və sair sosial obyektlər istifadəyə verilib. Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin, ümumilikdə 32 min nəfərin mənzil şəraiti yaxşılaşdırılıb. Beləliklə də ölkəmizdə mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edilib.

50 min ailə evlə təmin olunub

Ulu öndərin öz yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət, qayğı, himayədarlıq siyasəti onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunub, 2007 və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan bütün lazımi tədbirlər mərhələlərlə həyata keçirilib. Ümumiyyətlə, bu istiqamətdə tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılıb. Nəticədə, Azərbaycandakı son çadır şəhərciyi də 2007-ci ildə ləğv olunub. Çadır şəhərciklərində ağır şəraitdə yaşayan insanlar qaçqın və məcburi köçkün ailələri üçün inşa olunmuş 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüblər. Beləliklə də ümumilikdə 50 min ailə, 250 mindən çox insanın yaşayış şəraiti yaxşılaşdırılıb, onlar yeni mənzillə təmin olunublar. Eyni zamanda, salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunub. Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün işlə təmin olunub. Bütün bu işlər, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğı dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən də yüksək qiymətləndirilib. Hətta bir çox hallarda Azərbaycan bu sahədə nümunəvi dövlət adlandırılıb.

Münaqişədən əziyyət çəkən insanların taleyinə həssaslıq

Sevindirici haldır ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva üçün də mühüm əhəmiyyət kəsb edir. Bu, onun öz fəaliyyətində sosial sahəyə daha çox diqqət ayırması ilə yanaşı, həm də Azərbaycanın milli maraqlarına, Dağlıq Qarabağ münaqişəsinə, bu problemdən əziyyət çəkən insanların taleyinə həssaslıqla yanaşmasının göstəricisidir. Mehriban xanım Əliyeva birinci vitse-prezident kimi bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu özü də bəyan edib. O, mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb. Bunun ardınca Mehriban xanım Əliyeva cari il martın 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın, məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirib. Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həllinin artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu xatırladan Birinci vitse-prezident görülən işlərlə bərabər, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığını vurğulayıb. Bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. O, qeyd edib ki, qarşıda duran əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.

4 min ailənin yeni mənzillərə köçürülməsi

Mehriban xanımın sədrliyi ilə keçirilən müşavirədən sonra Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi üçün müvafiq tədbirlər görülüb. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 binanın inşa olunmasına başlanılıb. Sumqayıt şəhərində isə qaçqın və məcburi köçkün ailələri üçün 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün də yer ayrılıb. Yaxın zamanda bu ərazidə də təyinatı üzrə tikinti işlərinə başlanılacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda tikintisi başa çatmış hazır binalardan da qarşıya qoyulan məqsəd üçün dövlət tərəfindən mənzillər alınmaqdadır. Bu günlərdə isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Layihəyə görə, Qaradağ rayonundakı 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılacaq, ümumilikdə, 1026 ailə üçün 9 mərtəbəli 11 binainşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, o cümlədən 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Plana əsasən bütün işlər bir il ərzində başa çatdırılmalıdır.

Nəcib işə özəl sektorun töhfəsi

Xüsusilə qeyd olunmalıdır ki, öz fəaliyyətini dövlət idarəçiliyində daha sistemli şəkildə, uğurla həyata keçirən birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın özəl sektorunun da qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə töhfə verməsinə nail olub. Onun yüksək təşkilatçılıq qabiliyyəti sayəsində bu nəcib işə "Kristal Abşeron”, "Azercell Telekom”, "Kontakt Home” mağazalar şəbəkəsi, "Sədərək” ticarət mərkəzi, "Retro Holdinq”, "Askorp”, "Azinşaat N”, "Dərhal” MTK, "Xəzər” MTK, "Araz-2011 A”, "Vesta Konstrakşn”, "Paşa İnşaat” kimi şirkətlər də qoşulublar. Bununla da biznes strukturları, sahibkarlar ölkəmiz üçün çox vacib olan bir məsələyə, soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmadıqlarını, dəstək verməyə hər zaman hazır olduqlarını nümayiş etdiriblər. Bu, bir növ xalqımıza məxsus xeyriyyəçilik ənənələrinin yaşamasının, vətənpərvərliyin nümunəsi kimi də qəbul oluna bilər.

Azərbaycan xalqı işğal faktı ilə barışmayacaq

Bütün bu faktlar bir daha əyani şəkildə sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemi ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub və bu gün də qeyd edilən sahədə mühüm işlər görülməkdədir. Təbii ki, bu, heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərindən əl çəkməsi, Dağlıq Qarabağın itirilməsi, status-kvonun qəbul edilməsi kimi başa düşülə bilməz. Çünki, Prezident İlham Əliyev, həmçinin birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın işğal faktı ilə barışmayacağını, Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, ərazi bütövlüyünün hərbi yolla bərpa olunacağını dəfələrlə bəyan ediblər. Lakin münaqişə həllini tapana qədər bir milyona yaxın qaçqın və məcburi köçkünün – azərbaycanlının həyat şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması, sosial problemlərinin həlli dövlətin, ölkə rəhbərliyinin qarşısında dayanan prioritet məsələlərdən biri olub və bundan sonra da belə olacaq.

Rufik İSMAYILOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur


banner

Oxşar Xəbərlər