• cümə, 29 Mart, 14:23
  • Baku Bakı 14°C

Qaçqın və məcburi köçkün qadınların problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb

26.06.19 13:06 471
Qaçqın və məcburi köçkün qadınların problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qadın hüquqlarının qorunması ilə bağlı problemlər iki məruzədə təqdim olunub və müştərək keçirilən bu müzakirələrdə 60-dan çox deputat iştirak edib.
AZƏRTACxəbər verir ki, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquqları pozulmuş və pozulmaqda davam edən yüz minlərlə Azərbaycan qadınının qayğılarından söz açıb. O, Avropa ölkələrində bu və ya digər şəkildə hüquqları pozulan qadınlarla bağlı aparılmış araşdırmaları xatırladaraq bu qəbil statistikaların azərbaycanlı məcburi köçkün və qaçqın qadınların üzləşdikləri haqsızlıqlar fonunda çox sönük göründüyünü bildirib.
O, şəxsi həyatda və cəmiyyətdə fərqli mənzərə ilə qarşılaşıldığını bildirərək, qayğıların çoxunun adətən qadınların zərif çiyinləri üzərinə düşdüyünü deyib. Qadınlar bir növ ailənin və cəmiyyətin əsas sütunlarıdır. Onları lazımınca qoruya bilməsək, ailə sarsılar, cəmiyyətin tarazlığı pozular.
Azərbaycanlı deputat bu sahədə Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyinin 28 üzv dövlətdə apardığı müşahidələrin statistik götəricilərindən, 42 min qadınla aparılmış sorğudan, Avropada 15 yaşından etibarən hər 3 qadından birinin müxtəlif gender bərabərsizliyi fəsadlarına, cürbəcür təzyiqlərə məruz qalmasından söz açıb. ATƏT-in 2018-ci ildə 15 min qadın arasında 8 ölkədə apardığı araşdırma onların 70 faizinin oxşar problemlərlə üzləşdiyini göstərir. Təbii ki, bunlar narahatedici, düşündürücü rəqəmlərdir.
"Azərbaycanın artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı nəticəsində yaranmış nəhəng qaçqın və məcburi köçkünlər ordusu var. Rəsmi statistikaya görə 1990-cı illərin əvvəllərində onların sayı 1 milyona yaxın idisə, indi 1 milyon 200 mini ötüb. Həmin kontingentin isə 60 faizə yaxınını qadınlar təşkil edir. Müxtəlif yaşlarda olan uşaq, gənc, orta yaşlı, yaşlı qadınlar. Avropa İttifaqına üzv olan, yaxud qaçqınsız, məcburi köçkünsüz ölkələrdəki qadınlarla onları eyni müstəviyə qoyaraq müqayisə aparmaq mümkün deyil. Yəni gözümüzü yumub vicdanımızı susduraraq müqayisələr də apara bilərik. Lakin nəyə şahid olacağıq? Başqa ölkələrdə gender bərabərsizliyi ilə bağlı araşdırmalar zamanı qadınlara qarşı çeşidli təzyiqlərlə əlaqədar hansısa böyük, ya kiçik faizlərdən söhbət gedə bilərsə, Azərbaycanın timsalında bu təbəqənin məruz qaldıqlarını xüsusi hesablamağa lüzum yoxdur. Yüz minlərlə qadının hamısı 1988-ci ildən başlayaraq hər gün, hər saniyə əzab içərisində, bir-birindən şiddətli təzyiqlər altındadır. Biz bütün digər qadınlar haqqında bəhs edərkən, onları xüsusi bir kateqoriya kimi qeyd etməliyik. Bu isə, öz növbəsində, diskriminasiyanın başqa bir təzahürü olacaq, ya da faciələrinin əsas səbəbkarı olan məcburi köçkün və qaçqın damğasının bu qadınların üzərindən götürülməsinə müvəffəq olmalıyıq”,-deyə R. Hüseynov bildirib.
Azərbaycanlı deputat vurğulayıb ki, əvvəlcə münaqişələr həll olunmalıdır. Belə olan halda Azərbaycanın 100 minlərlə qaçqın və məcburi köçkün həyatı yaşayan qadınının, eləcə də eyni dərdə düçar olmuş başqa ölkələrdəki qadınların həyat səviyyəsi yaxşılaşar.
banner

Oxşar Xəbərlər