Qaçaq Qardaşxanın nağılı

Qaçaq Qardaşxanın nağılı

Təfsilat
12 İyun 2019, 11:30 6619
Yamyaşıl otların üstünə sərilmiş yapıncıya bürünüb uzanmış və başını yəhərin üstünə qoymuşdu. Bütün gecəni yuxusuz qalsa da, yata bilmirdi. Ona rahatlıq verməyən, kənddən gələn xəbər idi. Taygöz Sərkisin oğlu Akop yaylaqda iki qadını ağaca bağlatdırıb o ki var döydürmüşdü. Üstündən iki saat keçmiş onlardan biri canını tapşırmışdı. Akop isə öz dəstəsini yığıb gedərkən qışqıra-qışqıra deyirmiş:

-        Bəs, hanı sizin o Bəylər oğlu Qardaşxan? Nə qədər ki, onun başını öz əllərimlə üzməmişəm, sizə dinclik yoxdur...
 
Daşlı bulaqda görüş
 
Döyülməkdən ölmüş qadının dörd uşağı qalmışdı. Körpələrin səsi elə bil Qardaşxanın qulağına dolmuşdu. Nə illah eləyirdisə, qulağına dolmuş o iniltilər, fəryadlar kəsilmək bilmirdi. Onu yatmağa qoymayan da elə bu səslər idi. Yuxusuzluqdan gözləri qan çəkmiş, şişmişdi. Elə bil bir ovuc torpaq tökmüşdün çuxura düşmüş gözlərinə, göyüm-göyüm göynəyirdi. Silah gəzdirməkdən, daş-qaya, kol-kos arasında yuva bağlamaqdan qaxaca dönmüş barmaqları ilə hey alnını ovxalayırdı. Çalışırdı ki, dəstəsindəkilər, xüsusilə ata kimi hörmət etdiyi, həmişə məsləhət aldığı Hüseyn kişi bu pərtliyi, darıxmağı hiss etməsin, duymasın. Ancaq yoldaşları Qardaşxanın ürəyindən keçənləri elə bil gözlərindən oxuyurdular. Lakin təkcə Hüseyn kişidən başqa heç kəs ürək edib ona bircə kəlmə də söz deyə bilmirdi. Çünki bilirdilər ki, onsuz da Qardaşxan bu qanı yerdə qoymayacaq. Taygöz Sərkisin oğlu lap dünyanın o başına getsə də, Qardaşxan onu gec-tez tapacaq. Bəlkə də iki-üç gün bu qayalıqda yatmaqda da elə məqsədi budur. Ancaq o, fikrini qabaqcadan açıb demirdi. Bu səhər demişdi ki, Hüseyn dayı, ürəyimə damıb ki, gavur oğlu gavur bu gün bu yoldan keçəcək. Neçə nəfər olsalar da, gərək Akopu ələ keçirək.

   Hüseyn kişi bu söhbətdən sonra Ayazı özlərindən bir qədər aralıdakı qoz ağacına çıxarmışdı. Şəki kəndinin yolları bu ağacdan əlin içi kimi görünürdü. Motal Şahverdinin oğlu Ayaz tez-tez aşağıya işarə ilə məlumat çatdırırdı. Onun verdiyi son məlumatda bildirilirdi ki, kəndin Toppuzlu məhəlləsində nə isə böyük yanğın var...

  Araya sükut çökmüşdü. Hamı Qardaşxanın danışmasını gözləyirdi. O isə susurdu. Axırda Hüseyn kişi dilləndi:

- Oğul, ürəyindən keçənləri bilirəm. Darıxma. "Yüz fikir bir borcu ödəməz" deyiblər. Qurban olduğum kişi heç kimin haqqını heç kimdə qoymayıb. Səbirli ol. Bax, bu igidlər var ha, hər biri sabah bir obanı qorumağa qadirdir...
Bu arada İmran daşın dalından çaxıb qaranəfəs dedi:
- Hüseyn dayı, Ayaz deyir  ki, kənd yolunda atlılar var. Bizə tərəf gəlirlər.
Qardaşxan uzandığı yerdən dik atıldı. Üzünü İmrana tutub: 
- Hərə öz yerində möhkəm dursun. Heç kəs əlini tərpətməsin. Milislər olsa, buraxın getsinlər. Yox, o gavur törəməsi olsa, işarəmi gözləyin. Tez uşaqlara çatdır dediklərimi.  
Hüseyn kişi qoşalüləni götürüb mamırla örtülmüş iri daşın arxasına keçdi. Daraqdan iki patron çıxarıb tüfəngin gözlərinə qoydu. Sonra səbirsizliklə yola baxmağa başladı.  Birdən yolda üç atlı göründü. Onlar bir az irəlilədilər və dayandılar. Ətrafı seyr etdikdən sonra öz aralarında nə isə danışdılar. İkisi atdan düşüb tüfəngi çiyinlərinə aşıraraq dərəyə enən cığırla getməyə başladılar. Daşlı bulağa doğru gedirdilər. Arxadakı uzundraz ətrafa çox baxırdı. Qabaqdakı isə özündən razı halda yeriyirdi.
     Qardaşxan onu tanıdı. Bir anda nifrət hissi boğazını tıxadı. Çətinliklə nəfəs aldı. Döyülən qadınların ah-naləsi, yetim qalan körpələrin qan donduran qışqırığı elə bil indicə qulaq pərdələrini dağıdacaqdı. Əlləri ilə bir anlığa qulaqlarını qapadı. Sonra boyun damarlarını sıxdı.  Bir qədər sakitləşdi və özünü ələ aldı... Deməli, yanılmamışdı. Onların buraya gəlişi də əlbəttə, səbəbsiz deyildi. Şübhəsiz Qardaşxanın izinə düşmüşdülər. Bəs, niyə belə saymazyana? Cəmi üç nəfərlə?...Bəlkə bu, bir tələdir...
Vaxt itirmək olmazdı. Bir də görərsən ki, güllə səsinə Gorusun milis dəstələri töküldü bura. 
     Qardaşxan Hüseyn kişiyə dedi:
- Hüseyn dayı, uşaqlara çatdır ki, atları və atları saxlayanı sakitcə aradan götürsünlər. Taygözün oğlu ilə mən özüm görüşəcəyəm. Ancaq siz arxadan cığırı bağlayın, özlərini kola-kosa vurub aradan çıxmasınlar.
      O, beşatılanı yoxlayıb bir andaca gözdən itdi. Daşlı bulağa tərəf gedirdi. Yenə qulaqlarında uğultu vardı. O səs, o dəhşətli uğultu Qardaşxanın ürəyində nifrət hissini daha da artırır, onu rahat buraxmırdı. Nə qədər özünü ələ almağa çalışsa da, bədəni titrəyirdi... 
 Yenə gözləri göynəyirdi. Ancaq indi o heç nəyin fərqinə varmadan dərəyə enən başqa bir yolla bulağa tələsirdi. O, çoxdan gözlədiyi bu görüşdə deməli olduğu hər şeyi ürəyində təkrarlayırdı. Bu, başqa görüş olmalı idi. O, görüş yerinə birinci çatdı və ağacın arxasında dayandı. Buradan geniş talanın kənarındakı bulaq aydın görünürdü. 
 Qardaşxan bulağa tərəf baxa-baxa  bir faciəni xatırladı. O hadisə mayın son günlərində olmuşdu. Qonşuları Almurad kişinin yeganə oğlu  Əhməd bu ətrafda mal otararkən ermənilər tərəfindən qətlə yetirilmiş, meyiti bulağın qarşısındakı ağacdan asılmışdı. Heyvanları isə aparmışdılar. Almurad kişi oğlunun qatilinin kimliyini öyrənəndən sonra xəbər göndərmişdi ki, bu qisası sizdən üzbəüz atışmada alacağam. Və günlərin bir günü quşu gözündən vuran Almurad kişi silaha sarılaraq həmin erməninin həyətinə girmiş, onun üç oğlunu və özünü o dünyaya göndərmişdi. Amma cavan oğlunu itirən Nurxanım arvad havalanmışdı və hər gün kənddə qapıları döyərək hər kəsdən oğlunu görüb-görmədiklərini soruşurnuş...
- Ara, gördünmü, dedim heç kim ola bilməz. İndi görəsən Qardaşxan hansı ayı mağarındadır...
Bu sözləri deyən Taygöz Sərkisin oğlu idi. O, bulağın üstünə çatar-çatmaz, gödəkcəsini soyunub bulağın kənarındakı daşların üstünə tulladı. Sonra silahı yerə qoydu. Sinəsini açdı. Hiss etmək olurdu ki, içib, kefi kökdür. Geriyə baxmadan ağzını bulağın gözünə dayadı. Qardaşxan beşatılanı qaldırdı. Astaca öz-özünə: 
- İç köpəkoğlu, iç, doyunca iç... Mən səni su içəndə vurmayacağam. Bu, kişiyə yaraşmaz. Gülləni kürəyinə yox, düz ürəyinə sıxacam ...
 Yoldaşları arxadan gələn uzunu da aradan götürmüşdülər. Birdən Akop nə hiss etdisə, geriyə dönmək istədi. Ancaq daha gec idi. Qardaşxan beşatılanı ona tuşlamışdı. Tətiyi çəksəydi hər şey bitəcəkdi. Lakin o, atəş açmırdı.
- Tərpənmə! Bulaq suyu ürəyini soyutdusa, indi mənə deyiləsi sözlərini de. Bəylər oğlu Qardaşxan səni eşidir.
Akop tərpənmirdi. Sanki özü boyda kötüyə, daşa dönmüşdü. Çətinliklə nəfəs alırdı. Gözləri isə elə bil indicə yerindən çıxıb Qardaşxana tərəf atılacaqdı. Alnından su süzülürdü. Bu bulaq suyu deyildi, əcəl təri idi. Özü də hiss edirdi ki, bədəni getdikcə soyuq tərə bələnir. Elə bil dilini yerindən çəkib çıxarmışdılar. Gözləri isə oynayırdı.
Qardaşxan dedi:
- Unutma ki, sənin və sənin kimi murdarların gəzib dolaşdığı, suyunu içib çörəyini yediyi bu torpaqlar Taygöz Sərkisin oğlu Akopun yox, Bəylər oğlu qaçaq Qardaşxanın dədə-baba yurdudur. Yüz il də, min il də keçsə, bizim olacaq. Müvəqqəti üstünlüyə, rusların köməyinə bel bağlamayın. Sizin kimi nankorlara torpaq öz sinəsində həmişəlik yer verməz. Yaxşısı budur ki, bizimlə torpaq davası etməyin. 
İndi isə get. Səni öldürmürəm. Ancaq and iç ki, bir də el-obaya əl qatmayacaqsan. Yadında saxla, nə qədər ki, Qaçaq Qardaşxan var, bu beşatılan səni izləyəcək... 
Akop yenə heç nə demədi. Əlləri ilə alnının, üzünün tərini sildi və qəfil, yaxınlıqdakı silaha doğru atıldı... Qardaşxan tətiyi sıxdı.  Akop zəhərli ilan kimi qıvrıldı. Sonra xırıldadı. Qardaşxan bir güllə də boşaltdı. Üçüncü gülləyə ehtiyac yox idi. Lakin üçüncü güllə Hüseyn kişinin qoşalüləsindən açıldı.
Hüseyn kişi:
- Gördün, necə öz ayağı ilə gülləyə gəldi.
Qardaşxan isə Hüseyn kişini tələsdirdi. Gecikmək olmazdı. Bir azdan yəqin ki, güllə səsinə milis dəstələri tökülüb gələcəkdilər. İrəmələrin başında ov gözləyən quzğunlar isə Akopun cəsədini didib-parçalamaq üçün hay-küy qoparacaqdılar...
 
Bir hekayə kimi qələmə aldığım bu söhbəti mənə neçə il əvvəl, ilıq yaz günlərinin birində qonşuluqda yaşayan əli çəlikli qoca danışıb. Dediyinə görə, o, qaçaq Qardaşxanı şəxsən tanıyırmış. Sonralar da İsfəndiyar kişi söhbətlərində tez-tez onun adını çəkər, ruhuna rəhmət oxuyar və "bizim tərəflərdə ona tay igid az olub" deyərdi.
 Düzü İsfəndiyar kişinin sözləri məni yaman marağa çəkmişdi... Ancaq az sonra Zəngəzur daşlarının əzəmətini, gül-çiçəkli biçənəklərinin gözəlliyini, qəhrəman igidlərinin şücaətini, söz-söhbətini sinəsində dastana çevirmiş İsfəndiyar kişi, doğma yurd-yuva həsrətinə dözməyib bu dünyadan köçdü.
    Hər dəfə işdən evə dönəndə yaşadığımız binanın qarşısındakı oturacaqda özümdən xəbərsiz, gözlərim onu axtarırdı...
 
  Qaçaq Qardaşxanın oğlu ilə söhbət
 
 Yay idi. Nahardan qayıdanda redaksiyamızın koridorunda ağ saçlı, dolu bədənli bir kişi qapıların üzərindəki yazılara baxa-baxa kimisə axtarırdı. Yaxınlaşıb istəyini soruşdum. Bir az üzümə baxıb dedi:
- Mənə dərdimi yazacaq biri lazımdı...
Otağa keçdik. Söhbət zamanı məlum oldu ki, həmsöhbətim qaçaq Qardaşxanın oğlu Kamran müəllimdir. Bu tanışlıq hər ikimiz üçün sevindirici oldu. Bir vaxtlar rəhmətlik İsfəndiyar kişidən eşitdiklərimi Kamran müəllimə danışdım. O, məni diqqətlə dinlədi. Sonra Kamran müəllim dedi:
- Atamı axırıncı dəfə görəndə on yaşım olardı. O vaxtdan 60 ildən çox keçib. Ancaq şəkli hər gün gözlərimin qarşısında olub. Nəinki, Gorus, eləcə də Qubadlı, Naxçıvan, Laçın, Kəlbəcər və Qarabağ bölgəsində onun adı dillər əzbəri olub. Qaçaqlığı, igidliyi yaşlı nəslin indi də yaddaşında, xatirələrində yaşayır. Bilirsiniz, atam təsadüfən qaçaq olmayıb. Ermənistanda Sovet hökuməti qurulandan sonra erməni millətçiləri yenə öz məqsədlərindən əl çəkməyiblər. Qədim Oğuz torpaqlarında yaşayan gözəgəlimli igidləri müxtəlif yollarla aradan götürmək üçün hər cür tələ qurublar. Xalqı doğma od-ocağından baş götürüb getməyə məcbur ediblər. Qeyrətli igidlər isə bu haqsızlıqlara dözməyərək, ələ silah götürüb erməni cəlladlarına və rus çinovniklərinə qarşı gizli mübarizəyə başlayıblar. Atam Zəngəzur mahalının Şəki kəndində doğulub boya-başa çatıb. El-obanın sayılan, qorxmaz oğullarından biri olub. Lap gənc yaşlarından ermənilərə qarşı amansız olub. Buna görə də, daşnaklar hər cür yolla onu həbs etməyə çalışıblar. Nəhayət, bir gün bəhanə tapıb (guya ki, onda beşatılan olub) onu həbs ediblər. Lakin o, rayon mərkəzinə gedən yolda - Söyüdlü bulaq deyilən yerdə qaçıb. Həmin vaxtdan onun qaçaqlıq həyatı başlayıb. Az sonra onun başına xeyli igid yığışıb və onlar uzun illər Zəngəzur və ətraf bölgələrdə Azərbaycan türklərini erməni daşnaklarının qırğınından mərdliklə qoruyublar....
      Biz böyük ailə olsaq da, atam heç vaxt el-obanı unudub yalnız bizim qayğımıza qalmayıb. Xalqın dərdi onun dərdi, xalqın sevinci onun sevinci olub. 1936-cı ilədək atam Sovet hökumətinə qarşı vuruşub....
 
 Yeri gəlmişkən... 
 
 Qardaşxan Bəylər oğlu Xıdırovun qəhrəmanlığı haqqında xalq yazıçısı Əli Vəliyevin "Qəhrəman" romanında bəhs edilir. Romanın "Ala qaya" fəslində qeyd edilir ki, Qardaşxan, M. Ə. Rəsulzadənin yaratdığı partiyaya hörmət bəsləyir. Bundan əlavə, müstəqilliyimizin ilk illərində Qardaşxan Bəylər oğlunun çox fədakar insan olması barədə bir məktub da tapılıb. Həmin məktub Məmməd Əmin Rəsulzadə tərəfindən 1919-cu ildə qələmə alınıb və o dövrün tanınmış maarifçi bəylərindən,   Yevlaxın Qaramanlı kənd sakini Qamboy ağa Quliyevə yazılıb. Məktubda deyilir: "Hörmətli cənabi Qamboy ağa, əvvəla salam təbiidir. Bu məktubu yazmaqda yeni qurulmaqda olan Müsavat partiyasının üzvü olduğunuza görə, Sizə müraciət edirəm. Azərbaycanın Cənub tərəfindəki qüvvələri birləşdirmək, Kürdüstanda Soltan bəylə, Şəkili Qardaşxan, Ağdamda Hacı Mir Fəttah, Qazi Mustafa Çopurov, Həsən Salehi, Həmzə Hacı Tağı oğlu və Qaryagində Həsən bəy Yeqanlə ilə birlikdə Ağdamda - Mərzili kəndində, Allahverdi Xudaverdi oğlunun evində bütün üzvlərin keçiriləcək iclasını məsləhət bilirəm. Qamboy ağa, keçiriləcək yığıncağın məzmununu Sizə yazmıram. Çünki Siz bilirsiniz ki, nə haqda yığıncaq keçirilməlidir..." ("Aydınlıq" qəzeti, 28 may 1993-cü il).
Bu məktub da bir daha sübut edir ki, qaçaq Qardaşxan xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi yolundan heç vaxt dönməmiş, dövrünün adlı-sanlı vətənpərvər igidləri ilə bu məqsəd uğrunda vuruşmuşdur. Aşıq Şəmşir onun haqqında xatirələrində deyir: " Qardaşxan çox cəsarətli qəhrəman idi. İki dünya bir olsaydı, dediyi sözü, verdiyi vədi yerinə yetirməli idi. Bir dəfə Kəlbəcərin Ala qaya kəndində idik. Qardaşxan öz dəstəsi ilə toy məclisinə gəldi. Mübarək elədi, nəmər verdi. Toyda daha da şənlik yaratdı. Gedəndə dedi ki, aşıq Şəmşir, qoy sənin sazınla mənim beşatılanım Vətənin azadlığı uğrunda həmahəng səslənsin!..." 
 
Kamran müəllimin dediklərindən
 
 Atamın ölümündən sonra ermənilər bizim ailəni incitməyə başladılar. Ailəmiz böyük idi - beş oğlan, dörd qız. Əvvəlcə evimizi müsadirə elədilər. Bircə dəst pambıq yorğan-döşək verdilər. Mal-qaradan bircə inək saxladılar. Bununla qurtarmış olsaydı, dərd yarı idi. Atamın vəfatından bir il sonra - 1937-ci ildə əmim Bəhmən Xıdırovu həbs etdilər. Sonrakı taleyindən xəbərimiz olmadı. Atamın dayısı oğlu Kətən və dostu Namazalını da məhkəməsiz-filansız "Dikdağ" deyilən yerdə güllələdilər. 1948-ci ildə isə böyük qardaşımı "xalq düşməninin oğlu" kimi həbs etdilər və İrkutsk şəhərinə sürgünə göndərdilər. 6 illik sürgün həyatı onun da həyatını məhv etdi. 
Mənim başıma çox iş gəlib. Lap Sovet hökumətinin son illərinədək ermənilər məni təqib ediblər. Yadınızda olar, Azərbaycan ikinci dəfə müstəqillik qazanana bir neçə il qalanadək Kirov (indiki Binəqədi) rayonunun birinci katibi erməni (Stepanyan) idi. Onda mən 29 nömrəli axşam məktəbində direktor işləyirdim. Sən demə, kimsə birinci katibə çatdırıb ki, bu, qaçaq Qardaşxanın oğludur. Onun atası vaxtilə Zəngəzur mahalında çoxlu erməni qırıb. Buna görə də mənə tələ qurmaq istədilər. Hətta həbs də etdilər. Ancaq dedikləri sübut olunmadığı üçün azad etdilər. Şükür ki, respublikamız müstəqillik qazanıb. Gec-tez, yenə ermənilər məğlub olacaqlar. Haqq-ədalət həmişə öz yerini tutur. Bir vaxt xalqının yolunda vuruşanlar axır ki, layiqli adını alırlar. Atamın adı, qəhrəmanlığı da xalqımızın ürəyində, xatirələrdə yaşayır. Bu, mənim üçün böyük fəxrdir. 
 
                                                          Qu nəğməsi
 
 Döyüş gecə olmasaydı, bəlkə də hər şey bitəcəkdi. Ancaq Qardaşxan bilərəkdən milis dəstələrini öz ardınca dağlara çəkib aparmış, sonra ilk atəşi özü açmışdı. Qaya ovuqlarındakı xüsusi yerlər onun dəstəsinin inamlı döyüşünə imkan vermişdi. Bir neçə nəfər ağır yaralansa da, itki olmamışdı. Milis dəstələri və onlara kömək edən əlavə qüvvələr bu vuruşda xeyli itki verdikdən sonra geri çəkilməyə məcbur olmuşdular. Çünki onlara başçılıq edən Taygöz Sərkisin kiçik oğlu yaxşı bilirdi ki, bu dağlarda Qardaşxanla döyüşmək və qələbə qazanmaq çətin məsələdir. Buna görə, o, göstəriş verir ki, gün doğanadək dağlardan ensinlər. Qaçaqların pusquda durmuş dəstələri isə bunu başa düşmüş və onların xeyli hissəsini arxadan qırmışdılar. Buna görə də, milis dəstələri sübhə yaxın pərən-pərən düşmüş, müxtəlif cığırlarla qaçıb canlarını qurtarmışlar. 
      Qardaşxan yaralıların ardınca tək gedirdi. Gecə ikən onları təhlükəsiz yolla yaylağa - İmişli tərəkəmələrinin yanına göndərmişdi. Döyüşün qələbə ilə başa çatması dəstəni ruhlandırmışdı. Ancaq Qardaşxan bilirdi ki, qarşıda gərgin döyüşlər durur. Çünki aldığı məlumata görə, bu günlərdə ona qarşı İrəvandan Gorusa əlavə batalyon gətiriləcəkdi. Buna görə də, vaxt itirmədən ya yerdəyişmə aparmaq, ya da müəyyən dövrədək dağılışmaq lazım gələcəkdi. Daha əvvəlki kimi kəndlərə də açıq girmək olmazdı. Şura hökumətinin tərəfdarlarına da xeyli silah paylanmışdı. Onlar kolxoz qurmaqla məşğul olsalar da, qaçaq dəstələrinə indi xalq düşməni kimi baxırdılar. Elə buna görə də vəziyyət getdikcə çətinləşirdi.
        Qardaşxan atın cilovunu boşaltdı. At sürətlə irəli atıldı. Birdən qəfil atəş açıldı. Atəşin açılması ilə onun kürəyinə sanki isti bir şey yapışdırdılar. Sonra bu istilik bütün bədəninə yayıldı. O, tez beşatılanını əlinə alıb bir göz qırpımında geriyə döndü. Həmin anda ikinci atəş eşidildi. Bir anlığa özündə qüvvə toplayıb beşatılanın tətiyini çəkdi. Kimsə qışqırdı. Sol əlini kürəyinə doğru uzatdı. İkinci güllə isə qoltuğunun altından dəymişdi. Barmaqları daha beşatılanı saxlaya bilmədi. Bədənini yəhərin üstünə doğru əydi. Gözlərini sanki qara duman bağlamaq istəyirdi. İki əlini irəliyə uzadıb bədəninə dayaq verdi. Başını son dəfə yuxarıya qaldırdı və qarlı zirvələrə, səhər günəşinin işığında yuyunan yamyaşıl dünyaya baxdı. Birdən sanki yuxuya getdi. Yuxuda yenə dağlar gördü. Dağın sinəsinə yayılmış sürü gördü. Bir oğlan uşağı oxuyurdu. Qardaşxanın uşaqlığı idi. Mahnı quş səsinə qarışmışdı. Bu, onun qu nəğməsi idi.
     Kürəyindən çıxan isti qan yəhərdən aşağı süzülür, damcı-damcı doğma torpağa qovuşurdu.

          Səməd Məlikzadə