Qablaşdırma Sənayesi Assosiasiyası yaradılıb
Ölkədə fəaliyyət göstərən
qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü,
İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis
olunub.
Bununla bağlı martın 17-də Bakı
Biznes Mərkəzində keçirilmiş
tədbirdə ölkəmizdə qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul
olan 30-a yaxın sahibkar, habelə aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin
müavini Sahib Məmmədov çıxış edərək sahibkarlığın inkişafının, əlverişli biznes
mühitinin yaradılmasının Azərbaycan
Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi
siyasətin prioritet istiqaməti olduğunu vurğulayıb. Dövlət başçısının iqtisadi
islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən
Sahib Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların
dayandırılmasının, lisenziya və icazə sisteminin təkmilləşdirilməsinin,
apellyasiya şuralarının yaradılmasının, dövlət satınalmalarında yerli mallar
üçün güzəştlərin tətbiqi və şəffaflığın artırılmasının, investisiya və ixrac
təşviqi mexanizmlərinin özəl sektorun inkişafında xüsusi rol oynadığını qeyd
edib. Bildirilib ki, Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına
həsr olunmuş konfransda tara və qablaşdırma istehsalının ölkədə təşkili və bu
sahədə idxaldan asılılığın aradan qaldırılması ilə bağlı tapşırığına uyğun olaraq, qablaşdırma məhsullarının
istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək və
onların qarşılaşdıqları problemlərin həlli məqsədilə yaradılacaq assosiasiyanın fəaliyyəti də sahibkarlığın inkişafı, eləcə də qablaşdırma
istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi
baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat
Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.
Sonra
Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov
çıxış edərək son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və
orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl
beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib,
Konfederasiyanın yeni yaradılacaq assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini
vurğulayıb.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin
İbrahimov isə tədbir iştirakçılarına beynəlxalq təcrübədə geniş yayılmış bu cür
assosiasiyaların fəaliyyəti və onların sahibkarlığın inkişafında rolu barədə
məlumat verib.
Sonra tədbir iştirakçılarının təklifi əsasında "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın
təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub.
Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair
müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və
nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Kartonpak” MMC-nin rəhbəri
Kamran Hacızadə assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
Göstərilən etimada görə təşəkkürünü bildirən Kamran
Hacızadə "Azərbaycan
Qablaşdırma Sənayesi Assosiasiyası”nın fəaliyyətinin qablaşdırma
məhsullarının istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar
arasında assosiativ əlaqələrin qurulması, onların qarşılaşdıqları problemlərin
birgə həlli, eləcə də ixrac imkanlarının genişləndirilməsi baxımından səmərəli
olacağını qeyd edib.