• çərşənbə, 24 Aprel, 20:09
  • Baku Bakı 23°C

Qabiliyyət imtahanından keçə biləcəksənsə...

12.03.14 10:27 2624
Qabiliyyət imtahanından keçə biləcəksənsə...
“Jurnalistika ixtisasına qəbulda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulub. Bundan sonra bakalavr və magistr səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanları tətbiq olunacaq”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rəhbərliyi ilə Mətbuat Şurasının (MŞ) işçi qrupu arasında keçirilən növbəti müzakirədən sonra qəbul edilən qərar gələcəkdə bu sahəyə daha çox həvəsli və bacarıqlı gənclərin üz tutmasın hesablanıb. Belə ki, yeniliklərə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının birinci mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK-nın quracağı müsabiqə komissiyasının keçirdiyi müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar. Nəzərdə tutulmuş digər yeniliyə görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda jurnalistika ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər ərizə qəbulu mərhələsində internetlə sorğu anketi dolduraraq qeydiyyatdan keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.
Jurnalistika fakültəsində qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı çoxdan müzakirə olunan və nəhayət, reallaşan qərar bu sahədə hansı yeniliklərə yol açacaq? “Jurnalistikaya ən həvəsli və istedadlı gənclər gəlməlidir” deyə səslənən fikirləri doğruldacaqmı?
Mövzu ətrafında “Kaspi” üçün səslənən fikirlər hər halda ümidlər vəd etdi.
“Mən jurnalist olmaq istəmirdim...”

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika fakültəsinin professoru, MŞ-nın İdarə Heyətinin üzvü Nəsir Əhmədlinin fikrincə, jurnalistika ixtisasına yiyələnməyi qərara alan gənclər eyni vaxtda həm düzgün düşünməyi, həm də fikrini məntiqli ifadə etməyi bacarmalıdır: “Sovet dövründə SSRİ-dəki bütün universitetlərdə jurnalistika fakültəsinə qəbul olunmazdan əvvəl üç turdan ibarət qabiliyyət imtahanından keçirdilər. Belə ki, birinci turda onların mətbuatda dərc olunmuş, radio və televiziya üçün hazırlanan verilişlərini nəzərdən keçirirdik. İkinci mərhələ şifahi sual-cavab idi və onların dünya görüşünü üzə çıxarırdı. Üçüncü mərhələdə onlara sərbəst mövzuda inşa yazdırılırdı. Nəticə çox gözəl olurdu. Onlar imtahanların hamısını yüksək keyfiyyətlə verə bilirdilər. Müsabiqədən keçənlərin hamısı da demək olar ki, qəbul olunurdu. Əfsuslar olsun ki, müstəqillik dövründə bu ənənəyə son qoyuldu. Yeri gəlmişkən, Rusiyanın ali məktəblərində bu gün də həmin ənənə davam etdirilir”. N.Əhmədlinin sözlərinə görə, TQDK sədri ilə görüşdə qəbul qaydalarına dəyişikliyin artıq üç deyil, bir mərhələdən ibarət olması barədə qərar qəbul edilib:
“Bu təşəbbüsün əleyhinə gedənlər deyirlər ki, orta məktəbi bitirən 16-17 yaşlı gəncdən hansı qabiliyyət imtahanı gözləyirsiniz? Ancaq Mədəniyyət və İncəsənət Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyası, Musiqi və Rəssamlıq akademiyalarına qəbul olunmaq istəyənlər qabiliyyət imtahanları verirlər. Bunlar hamısı sənət sahələridir. Jurnalistika sənət sahəsi olmasa da, yüksək peşədir. Hər bir gəncin içində gələcəkdə hansı peşəni daha yaxşı bacarması barədə müəyyən işartılar var. Onları üzə çıxarmaq lazımdır”. N.Əhmədli hesab edir ki, qabiliyyət imtahanı prosesin gedişatında jurnalistin qabiliyyətini tam üzə çıxarmağa deyil, daha çox meylini öyrənməyə hesablanıb: “Jurnalistika fakültəsi düşünə bilməyənlərə düşünmək, yaza bilməyənlərə yazmaq öyrətmir. Sadəcə, onlarda olan başlanğıcları inkişaf etdirir, cilalayır və nəhayət, onlara peşənin sirrini öyrətməklə məşğul olur. Təsəvvür edin, jurnalistikaya yüksək balla gəlirlər. Tutaq ki, hüquq fakültəsinə daxil ola bilmirlər, düşürlər jurnalistikaya. «Mən jurnalist olmaq istəmirdim, onsuz da gələcəkdə ikinci ixtisas alacam» deyirlər. Biz bu cür tələbələrlə nə edə bilərik?» Gənclərin yeni mərhələyə hazır olub-olmamasına gəlincə, N.Əhmədov hesab edir ki, yəqin ki, bu sahəyə yalnız həvəsi olanlar gələcək.
Qabiliyyət imtahanı olarsa...

«İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xüsusi istedad tələb edən sahələrə qabiliyyət imtahanlarının keçirilməsinin tərəfdarı olduğunu bildirib. Belə ki, ötən ilin noyabrında prezident İlham Əliyevə «Jurnalistlərin dostu» mükafatının təqdim olunma mərasimində də bununla bağlı fikirlər səslənib: «Jurnalistika xüsusi istedad tələb edən peşə olduğuna görə bu sahədə qabiliyyət imtahanlarının verilməsi zəruridir və buna ehtiyac var. Bu gün abituriyentlər test imtahanı ilə tələbə adını qazanır. Redaksiyamıza təcrübə keçməyə gələn tələbələrin timsalında deyə bilərəm ki, onların yalnız 10 və ya 20 nəfərindən biri «Həqiqətən jurnalist olmaq istəyirsiniz?» sualına müsbət cavab verir. Onların çoxu təsadüfən həmin ixtisasa düşür. Ancaq qabiliyyət imtahanı olarsa, həmin abituriyentləri hansı istedada malik olduğu üzə çıxacaq. Hesab edirəm ki, bu, jurnalistikamızın inkişafı üçün çox əhəmiyyət kəsb edən və töhfə verəcək bir addımdır. Bu, jurnalistikamıza yeni bir abı-hava gətirəcək. Şübhəm yoxdur ki, hamı bunun tərəfdarı olar”. Baş redaktor qabiliyyəti olan və bu sahəni sevən gənclərin dəyişikliklə bağlı mərhələni adlaya biləcəyinə şübhə etmir: “Hesab edirəm ki, bu sahən sevən və qabiliyyəti olan hər bir məzun jurnalistika fakültəsinə qəbul olunmaq şansı əldə edəcək».
“Dəyişikliyin təsdiqi vacibdir”

Jurnalistika ixtisasına qəbul qaydasının dəyişməsini “ənənə” adlandıran televiziya eksperti Qulu Məhərrəmli hesab edir ki, abituriyentlərin əlavə keyfiyyətlərinin üzə çıxarılmasından ötrü bu dəyişikliyin həyata keçirilməsi önəmlidir: «Sovet dövründə abituriyentlərin yazı qabiliyyətini yoxlayırdılar. Prinsipcə bu, işə mane olmur. Gənclər hədəf kimi jurnalistika fakültəsini seçirlər. Bu baxımdan bu, çox üstünlüklər vəd edir. Yəni bu sahəyə yalnız bu peşəni seçənlər qəbul edilirlər. Amma bu yoxlama imtahanları birbaşa onların yaxşı jurnalist kimi yetişməsinə təsir edəcəkmi? Bu, prinsip etibarı ilə təsir edəcək, amma həlledici təsir etməyəcək. Çünki 10-cu sinfi bitirən şagirdlərin hələ jurnalistika haqqında təsəvvürləri yoxdur. İnşa yazmaq və ya suallara cavab vermək o demək deyil ki, onlar gələcəkdə yaxşı jurnalist olacaqlar. Sadəcə, peşəni seçmək baxımından bunun müəyyən üstünlükləri var. Amma heç kəs tələbəni instituta qəbul edəndə bilmir ki, bu, yaxşı cərrah və ya terapevt olacaq. Ona görə də burada daha çox tədrisin yenidən qurulmasının üzərinə ciddi vəzifə düşür”. Ekspertin fikrincə, jurnalistikanı daha çox praktika üzərində aparmaq, tələbələrə müasir jurnalistikanın qaydalarını, prinsiplərini öyrətməyə ehtiyac var: “Yəni onların bəlli bir dünyagörüşü, dil bilgisi olmalı, etika qaydalarına riayət etməli, həm də materialı yaxşı formada çatdırmağı bacarmalıdırlar. Əsas məsələ burada həll olunur. Biz informasiya cəmiyyətinə daxil olmuşuq. İnternet bizə böyük imkanlar yaradıb. Bu resursdan bəhrələnən hər kəs portal aça, öz bloqunu yarada bilir. Ancaq bunların heç birini jurnalist adlandıra bilmərik. Bu, naşı adamın əlinə tüfəng vermək kimidir. Xüsusən indiki mərhələdə görün nə qədər etik qaydalar pozulur, məlumatlar yoxlanılmamış verilir. Sensasiya ardınca qaçırlar, qərəzli yanaşmalar var. Bu prosesdə jurnalistika mühitinin sağlamlaşması da çox vacib məsələdir. Ona görə biz yaxşı jurnalistlər yetişdirməliyik». Ekspert hesab edir ki, bu sahəni sevən, ürəkdən bu sahəyə bağlanan, gənclər bu mərhələləri keçməyə can atacaqlar. “Jurnalistika bir az ruh məsələsidir. Jurnalistika dünyaya fərqli baxış, daha çox sosiologiya, psixologiya, cəmiyyət həyatının bir qolu deməkdir. Bakalavr səviyyəsində qabiliyyət imtahanının olması yaxşıdır, magistratura səviyyəsində isə xüsusən vacibdir. Onlar artıq öz istədikləri ixtisası seçirlər. Yəni təsadüfən gəlib, sonradan peşmançılıq keçirməyəcək ki, bu, onun seçdiyi ixtisasdır. Bu baxımdan dəyişikliyin təsdiqi vacibdir».
Təbii ki, qərarın qəbul olunması işin başlanğıcıdır. Əsas məsələ isə zaman və prosesin gedişatıdır. Yalnız bu iki amil qabiliyyət imtahanından çıxan jurnalistika peşəsinin gələcək nəticələrini ortaya qoyacaq. Gözləyək...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər