“Qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var”

“Qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var”

Müsahibə
17 Sentyabr 2012, 13:28 1486
Sentyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların toplantısı keçirilib. YAP-ın mərkəzi qərargahında keçirilən toplantı Avropa Parlamentinin sentyabrın 13-də Azərbaycan zabiti Ramil Səfərovun azad olunmasına dair qəbul etdiyi qətnamə ilə bağlı olub. Həmin toplantıda iştirak edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Kaspi”nin suallarını cavablandırır.
- Fəzail müəllim, 2009-cu ildən sonra ilk dəfə olaraq iqtidar və müxalifət partiyaları bir araya gəldi. Bilmək olarmı, bu görüş Sizdə hansı təəssüratlarla yadda qaldı?
- Avropa parlamentinin Azərbaycana təhdid xarakterli qərarına, məsələyə qeyri-obyektiv yanaşılmasına etiraz olaraq, YAP-ın təşəbbüsü ilə həm parlamentdə olan, həm də parlamentdən kənar fəaliyyət göstərən siyasi partiyaların toplantısı oldu. Həmin toplantıda siyasi yönümündən asılı olmayaraq, demək olar ki, bütün partiyalar iştirak etdi. Bu formatı mən yüksək qiymətləndirirəm və hazırda da o fikirdəyəm ki, Azərbaycan dövləti ilə bağlı bütün taleyüklü məsələlərdə siyasi baxışımızdan asılı olmayaraq bir yerdə olmalıyıq. Ölkədəki hakimiyyət, parlament uğrunda mübarizə aparmaq əlbəttə ki hər bir partiyanın, hər bir Azərbaycan vətəndaşının Konstitusion hüququdur. Ona görə də buna anlaşıqlı və hörmətlə yanaşmaq lazımdır. Lakin kimin seçilib-seçilməməyindən asılı olmayaraq siyasətlə məşğul olan hər bir azərbaycanlı dövlətinin, vətəninin taleyi ilə bağlı bütün məsələlərdə bir yerdə olmalıdır. Sözügedən toplantı da bu baxımdan əhəmiyyətli idi. Düşünürəm ki, bütün məsələlərdə siyasi baxışımızdan asılı olmayaraq hər zaman bir yerdə olacağıq. Biz çalışmalıyıq ki, bundan sonra da bir yerdə olaq. Çünki belə olanda düşmən də, onları dəstəkləyənlər də bundan özlərinə bir nəticə çıxarır. Bizim birimizi digərinə qarşı qoymağa cəhd etsələr də buna nail olmurlar. Ona görə də mən bu formatı çox müsbət qiymətləndirirəm.
- Partiya sədrlərinin son toplantısını ümummilli məsələlərdə cəmiyyətimizin, o cümlədən siyasi partiyaların vahid mövqe nümayiş etdirməsi kimi qələmə vermək olarmı?
- Tamamilə mümkündür. Çünki orada çox zaman YAP-ın bu və digər təşəbbüslərinə biganə yanaşan, onu dəstəkləməyən, onu müdafiə etməyən partiya sədrləri də iştirak edirdilər. Söhbət əlbəttə Müsavat Partiyasından, Azərbaycan Xalq Cəbhəsi Partiyasından, Azərbaycan Demokratik Partiyasından və digər partiyalardan olan təmsilçilərdən gedir. Məncə biz bu ənənəni qoruyub saxlamalıyıq, inkişaf etdirməliyik və lazım gələndə bu cür formatla toplaşmağımız heç bir partiyada kompleks yaratmalı deyil. Bir daha təkrar edirəm, biz millətimizin, dövlətimizin taleyi ilə bağlı bütün məsələlərdə bir yerdə olub töhfəmizi birgə verməliyik. Düşünürəm ki, belə vəziyyətdən həm cəmiyyət udur, həm də bizi istəməyən düşmən qüvvələr daxili çəkişmələrdən özümüzə qarşı istifadə etməkdən məhrum olur.
- Bayaq qeyd etdiyimiz kimi siyasi partiyalar 2009-cu ildə Dağlıq Qarabağ məsələsi ilə bağlı bir araya gəliblər. İndi isə partiya sədrlərinin bir yerə toplaşmasına səbəb Avropa Parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun azad olunmasına dair qəbul etdiyi qətnamə olub. Sizcə, ötən 3 il ərzində müxalifət və iqtidar partiyalarının dialoqa doğru irəliləyişi hansı səviyyədə olub?
- Mən bunun hər zaman tərəfdarı olmuşam ki, partiyalar arasında mütləq dialoq olmalıdır. Vaxtilə onun təşəbbüskarlarından biri olmuşam. Bu dialoq konkret olaraq ümummilli məsələlər, o cümlədən ümumi dövlət məsələləri ətrafında ola bilər. Bu gün Azərbaycana təpkilər var. Azərbaycana Ermənistanı himayə edən dövlətlərin təzyiqləri var. Erməni lobbisinin təsiri altında olan ayrı-ayrı siyasətçilərin, konqresmenlərin, senatorların, dövlət xadimlərinin Azərbaycana qarşı qərəzli münasibəti var. Beynəlxalq təşkilatlarda təmsil olunan bu insanların təhriki ilə qəbul edilmiş qərarlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna zərbələr vurur. Azərbaycan neçə illərdir ki, Ermənistan və onu himayə edən dövlətlərin təzyiqi, təhdidi altındadır və işğal olunmuş torpaqları da göz önündədir. Azərbaycan həm də Ermənistanı qoruyub-dəstəkləyən dövlətlər tərəfindən işğala məruz qalıb. Belə olan halda əlbəttə dialoq hər zaman lazımdır, vacibdir və son dərəcədə əhəmiyyətlidir. Biz bu məsələlərdə hər zaman bir yerdə olmalıyıq. Milli məsələlər ətrafında birgə iradə nümayiş etdirməliyik. Bu belədir, ümidvaram ki, bundan sonra da belə olacaq.
- Sözügedən toplantıda müxalifət partiyalarından olan təmsilçilər əsasən hansı məsələlərə toxunublar?
- Orada müzakirə olunan geniş məsələlərdə bütün partiyalar ancaq Avropa Parlamentinin həmin bədnam qərarına etirazlarını ifadə etdilər. Hazırlanmış bəyanаtы bəyəndilər. Onu yüksək səviyyədə hazırladıqlarını önə çəkdilər və bəzi redaktə xarakterli təkliflər irəli sürdülər. Orada ciddi xarakter daşıyan fikir ayrılığı olmadı.
- Müsavat başqanı İsa Qəmbər “Facebook”- sosial şəbəkəsində siyasi partiyaların bir araya gəldiyi görüşü şərh edərkən, tədbirin neytral məkanda keçirilməməsindən, YAP rəhbərliyinin qeyri-təvazökarlıq edərək yuxarı başda oturmasından gileylənib. O, prosedurlarla bağlı bəzi tənqidi qeydləri qəbul etməyin zəruriliyini də vurğulayıb. Sizin bu kimi fikirlərə münasibətiniz necədir?
- Əslində YAP-ın icra katibi Əli Əhmədov toplantıda yuxarı başda oturmaq istəmirdi. O, burada yuxarı-aşağı baş ola bilməz deyib, təklif etdi ki, üz-üzə oturaq. Lakin ordakı iştirakçıların, eləcə də müxalifət partiyalarından olan təmsilçilərin də razılığı ilə Əli müəllim yuxarı başda oturdu. Məncə, bunun prinsipial əhəmiyyəti yoxdur. Bu xırda bir məsələdir. İsa Qəmbər belə xırda məsələləri sosial şəbəkələrdə qaldırıb özünü kiçiltməli deyil. Mən düşünürəm ki, bu, xüsusi ciddi xarakter daşıyan fikir də deyil. Qaldı ayrı-ayrı məsələlərlə bağlı tənqidi fikirlərə, bu, ola bilər. Buna da normal baxmaq lazımdır. Mən özüm də belə fikirləşirəm ki, Avropa Parlamentində, digər parlamentlərdə biz fikirlərimizi və fəaliyyətimizi daha da genişləndirməliyik. Düzdü, bununla bağlı işlər gedir. Milli Məclisin nümayəndə heyəti həm Avropa Şurasında, həm Avropa Parlamentində, həm NATO Parlament Assambleyasında və digər siyasi qurumlarda, beynəlxalq təşkilatlarda fəallıq göstərirlər. Lakin bu kifayət deyil. Mənə belə gəlir ki, Avropa Parlamenti kimi daha çox siyasiləşmiş, siyasi partiyaların daha çox yer aldığı bir məkana Milli Məclisdə təmsil olunan partiyalar nümayəndə heyəti kimi çağrılsalar, orada təmsil olunsalar daha yaxşı olar. Çünki həmin partiyalar arasında əlaqələrin qurulması baxımından bu, öz müsbət nəticəsini verər. Ancaq Avropa Parlamentinin tərkibində təəssüf ki, bu cür format yoxdur. Arzu edərdim ki, bu format təmin edilsin, siyasi partiyaların üzərində daha böyük yük qoyulsun. Digər tərəfdən, parlamentlər arası deputat qrupları da daha fəal işə keçməlidirlər. Bunun üçün artıq dövlətimizin imkanı var. Yəni, biz gözləməli deyilik ki, Avropa Parlamenti hər hansı qərar qəbul etsin, sonra da biz düşək onun dalınca. Qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var.
- Sizcə, partiyalararası bu görüş davamlı xarakter alacaqmı?
- Mən orada iştirak edən partiyaların əhval-ruhiyyəsindən, qaldırılan məsələyə konstruktiv yanaşma tərzlərindən gəldiyim nəticə budur ki, siyasi partiyaların bu formatda görüşü davamlı xarakter ala bilər. Bunun üçün hər hansı problem yoxdur.
Rufik İSMAYILOV