• şənbə, 20 Aprel, 10:59
  • Baku Bakı 14°C

Putinin səfəri Rusiya-Azərbaycan arasındakı münasibətlərə dinamizm verə bilər

31.07.13 09:10 1683
Putinin səfəri Rusiya-Azərbaycan arasındakı münasibətlərə dinamizm verə bilər
Avqust ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərə gələcəyi gözlənilir. Diplomatik mənbələrdən əldə edilən məlumatlara görə, səfər zamanı iki ölkə arasında əməkdaşlığın gələcək konturlarının müəyyən ediləcəyi, bir sıra sənədlərin imzalanacağı planlaşdırılıb. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Azərbaycan mediasına açıqlamasında söylənilənlərin həqiqət olduğunu inkar etməyib. O, səfərin dəqiq tarixini bildirməsə də, hazırda V.Putinin Azərbaycana rəsmi səfərinə hazırlıq işləri getdiyini diqqətə çatdırıb.
Rusiya prezidentinin Azərbaycana səfərinin Moskva-Bakı əlaqələrinin gələcəyinə təsirini “Kaspi”yə şərh edən politoloq Elman Nəsirli hər iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Qeyd edib ki, xüsusilə iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan arasında çox ciddi əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya ilə bu münasibətlərin, həmçinin qarşılıqlı əməkdaşlığın daha da inkişafında hər zaman maraqlı tərəf kimi çıxış edib: “Bizim ticarət dövriyyəsində əsas tərəfdaşlarımızdan biri məhz Rusiyadır. Şimal qonşumuzun ölkəmiz üçün əhəmiyyətini artıran digər bir məqam onunla bağlıdır ki, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya həmsədr dövlət kimi xüsusi statusa, potensiala malikdir. Bunu Azərbaycan dövləti hər zaman nəzərə alır. Bunlarla yanaşı, iki ölkə arasındakı münasibətlərdə anlaşılmaz məqamlar, həllini tapmayan məsələlər də mövcuddur. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Vladimir Putinin Azərbaycana səfəri xüsusi aktuallıq kəsb edir. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı üçün yeni hüquqi-normativ bazanın yaradılması, həm də bu günə qədər həllini tapmayan məsələlərin müzakirəsi və bir sıra problemlərin aradan qaldırılması baxımından əhəmiyyətlidir.”
E.Nəsirli Azərbaycanın Avrasiya Birliyi və Gömrük İttifaqına üzv olma ehtimalına da toxunub. Deyib ki, Azərbaycan tərəfi qarşılıqlı faydalı münasibətlər əsasında qurulan inteqrasiya məsələlərinə müsbət yanaşır. Lakin Azərbaycanın ərazi bütövlüyünün, milli maraqlarının nəzərə alınmadığı bir quruma üzv olmaq istəmir: “Avrasiya Birliyi Rusiya prezidentinin ideyasıdır. Putinin son bəyanatlarında da qeyd edib ki, 2015-ci ildən başlayaraq, Avrasiya Birliyinə tam, real məzmun verilməsi planlaşdırılıb. Bu istiqamətdə artıq bir neçə vacib addım atılıb. Rusiya tərəfi Qazaxıstan, Belarus, Qırğızıstan son zamanlar isə Özbəkistan, Ermənistan, hətta Gürcüstanın da müsbət cavabını ala bilib. Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulmaq məsələsində hələlik fərqli mövqedə dayanan Azərbaycan və Türkmənistandır. Türkmənistan ümumiyyətlə özünü neytral dövlət elan edib. Azərbaycan isə MDB-yə üz dövlət olaraq Avrasiya Birliyinə qoşulmaq üçün özünəməxsus mövqe tutub. Azərbaycan tərəfi bildirir ki, hər iki ittifaqa üzv olan dövlətlər bir-birinə qarşı loyal münasibət sərgiləməlidirlər. Faktiki olaraq, bu birliklərə üzv olacaq Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır. Belə çıxır ki, Azərbaycan Rusiyanın layihələrinə qoşulsa işğal faktına göz yummalı, Ermənistanla əlaqələr qurmalıdır. Bu isə Azərbaycanın milli maraqlarına uyğun deyil. Ona görə də rəsmi Bakı bəyan edib ki, Azərbaycan qarşılıqlı faydalı münasibətlər əsasında qurulan inteqrasiya məsələlərinə müsbət yanaşır. Amma bir tərəfin xeyri fonunda heç bir halda bərabər münasibətlərdən söhbət gedə bilməz. Əgər Avrasiya Birliyinə və Gömrük İttifaqına qoşulmaq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə müsbət təsir edəcəksə, Ermənistanın ölkəmizə qarşı aqressivliyinə, əsassız ərazi iddialarına son qoyacaqsa, ərazi bütövlüyümüz inkar edilməyəcəksə, rəsmi Bakı hər iki məsələyə yenidən baxa bilər. Hətta gələcəkdə Azərbaycanın indiki mövqeyində dəyişiklik də ola bilər”.
Digər bir politoloq Qabil Hüseynli isə bir vaxtlar Rusiya-Azərbaycan münasibətlərində gərginliklərin müşayiət olunduğunu söyləyib. O, bunun səbəbini Rusiyanın müəyyən ambisiyaları ilə əlaqələndirib: “Rusiya Avrasiya Birliyində və Gömrük İttifaqında, enerji siyasətində onun strateji maraqlarına zidd olan ölkələrə ciddi təzyiq göstərir. Xüsusilə Avrasiya Birliyini özünün strateji fəaliyyət planının mərkəzinə çevirib. Bu nöqteyi-nəzərdən Azərbaycanın bu proqrama etiraz etməsi Rusiyanın qəzəbləndirən amillər sırasındadır. Hətta Rusiya Azərbaycana qarşı müəyyən şantaj və təhdid xarakterli hərəkətlərdə də bulunub. Buna misal olaraq separatizmi şirnikləndirməsini, milli azlıqların hüquqlarını qabartmasını, ölkədə gərginlik yarada biləcək müəyyən siyasi qüvvələrə dəstək verməsini göstərmək olar. Bir sözlə, Azərbaycanı sıxmağa çalışırdı. Son dövrlər isə Azərbaycan şimal qonşusu ilə münasibətlərini yaxşılaşdırmaq üçün ciddi səylər göstərməyə başlayıb. Elə Vladimir Putinin Azərbaycana səfər etməsi də onu deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlərdə xoş bir dönüş yarana bilər. Mənim fikrimcə, Putin Azərbaycana gəlirsə, deməli, bu səfərdən müsbət nəticə gözləməyə dəyər. Belə vəziyyət də bu günə qədər yaşanan narazılıqları aradan qaldıra bilər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər