AZE | RUS | ENG |

Putinin Paşinyana münasibəti dəyişibmi?

Putinin Paşinyana münasibəti dəyişibmi?
Politoloqların fikrincə, Kremlin göndərdiyi təbrikəbənzər mesaj ciddi qəbul olunmamalıdır

Ermənistanda növbədənkənar parlament seçkilərində Nikol Paşinyan və tərəfdarları qalib gəldilər. Seçkidən sonra qələbə münasibəti ilə Paşinyanı bir çox ölkələrin rəhbərləri təbrik etsələr də, Rusiya prezidenti Vladimir Putin tələsmədi. Onun bu addımına ekspertlər müxtəlif kontekstlərdə münasibət bildirdilər. Faktiki olaraq, ötən ilin dekabrında baş nazir postunda təsdiqlənən N.Paşinyanı Putin yalnız yanvarın 14-də - parlamentdə baş nazir seçildikdən sonra təbrik etdi. Bəs görəsən Rusiya prezidenti niyə belə davrandı?
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, son illərin təcrübəsində belə məqamlar olub: "Dünya elitası, aparıcı dövlətlərin rəhbərləri özünə əmin olmayan siyasətçilərlə bağlı ehtiyatlı mövqe tuturlar. Çünki ilk olaraq çaşqın bir vəziyyət yaranmasın, digər tərəfdən də əmin olsunlar ki, onlar həqiqətən də vəziyyətə hakim kəsilə bilirlər. Paşinyan da özünə əmin siyasətçi deyil. İkincisi, Paşinyana rəqiblik edən qüvvələr kifayət qədər potensiala malik və radikal metodlardan istifadə etməyə meylli güclərdir. Həm də sirr deyil ki, onları uzun müddət Rusiya himayə edib. Əlbəttə ki, söhbət "Qarabağ klanı”ndan və onlara yaxın olan qruplardan gedir. Bu baxımdan, Rusiya ilə bağlı naməlum siyasət, ikibaşlı yanaşma, Kremli ayaq saxlamağa və prosesləri səbirlə izləməyə məcbur etdi”.
T.Abbasov qeyd etdi ki, Ermənistanda baş verən proseslərdə Qərb tərəf tutur: "Çünki onların gözündə baş vermiş inqilab anti-Rusiya xarakterlidir. Ona görə də Qərb durmadan Nikol Paşinyanı ruhlandırırdı və bu, indi də davam edir. Ancaq Rusiyanın münasibəti başqadır. Moskva başa düşür ki, Qərbin ssenarisi 50 faiz gerçəklik təşkil edir. Yəni Ermənistanda baş verənlər həqiqətən də Rusiyanın qələbəsi deyil. Rusiya yönümlü qüvvə hakimiyyətdən devrilib və onun əvəzinə qərbpərəst Paşinyan gəlib. İndi ölkədə dərin problemlərin olduğu vaxtda Paşinyana böyük məharət və çeviklik lazımdır və təsadüfi deyil ki, Ermənistan hakimiyyəti çalışır ki, Gürcüstan vasitəsilə Rusiya istiqamətində ən azından bir avtomobil yolu inşa etsin. Buna görə də İrəvan ciddi-cəhdlə çalışır ki, Cənubi Osetiyanın rəhbərliyi ilə danışsın, o cümlədən Gürcüstanı razı salsın və belə bir ssenarini işləsin. Bu, özü-özlüyündə anti-Azərbaycan gedişidir. Çünki Azərbaycan sərhədlərini Ermənistanla bağlamayıb ki, İrəvan İran, Türkiyə və ya Gürcüstan vasitəsilə çıxışlar əldə etsin və öz vəziyyətini yüngülləşdirməklə işğalçı siyasətindən geri çəkilməsin. Ona görə də bu məsələləri götür-qoy edəndə görürük ki, Paşinyanın dedikləri heç də əməlləri ilə üst-üstə düşmür və naməlum bir strategiya cızır. Məhz bu səbəbdən heç bir ölkə istəmir ki, tələskənliyə yol verib, çiy qənaətlər üzərində çalışsın. Hesab edirəm ki, Kremlin Paşinyana gec, həm də təbrikə bənzər bir mesaj göndərməsi əslində anlaşılandır”.
 

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Putinin yanvarın 14-dəki təbriki simvolik xarakter daşıyır: "Rusiya prezidenti bununla bir daha Paşinyana anlatdı ki, çıxışlarında və siyasi davranışlarında diqqətli olmalıdırlar. Onlar arasında münasibətlər əvvəldən də soyuq idi. Eyni zamanda vurğulayaraq ki, Paşinyan tərəfindən Koçaryan başqa olmaqla "Qarabağ klanı” təqib olunur. Koçaryan isə Putinin dostudur və belə olan təqdirdə Rusiya liderinin Paşinyana rəğbət bəsləməsi mümkün deyil. Bundan sonra da Paşinyan və Putin arasında şəxsi münasibətlər yaxşı olmayacaq. Dövlətlərarası münasibətlərə gəlincə, burada bir çox məsələlər Ermənistanın atacağı addımlardan asılıdır. Əlbəttə ki, Paşinyanın manevr imkanları azdır və əgər belə bir imkanı olsaydı rəsmi İrəvan açıq şəkildə qərbyönümlü siyasət yürüdərdi. Düşünmürəm ki, bundan sonra Ermənistan və Paşinyan Rusiyaya qarşı siyasət yürüdəcək. Sadəcə olaraq, hələlik Paşinyan bunu etməyəcək. Baş nazir ilk növbədə öz qərbyönümlü tərəfdarları ilə Ermənistanın əvvəlki siyasi elitasını sıxışdıracaq və öz yerini gücləndirəcək. Hesab edirəm ki, Paşinyanın birinci hədəfi budur. Eyni zamanda, Paşinyan öz kadrlarını işğal altındakı Dağlıq Qarabağa da yerləşdirməyə çalışacaq”.
Z.Məmmədov əlavə etdi ki, Putin-Paşinyan münasibətlərinə fərqli baxış ona görədir ki, Ermənistanda inqilabdan sonra baş nazir açıq şəkildə Rusiya şirkətlərini, eləcə də rəsmi Moskvaya yaxın olan qeyri-hökumət təşkilatlarını, siyasi partiyaları təqib etməyə başladı: "Bu günlərdə Paşinyan Ermənistandakı kütləvi informasiya vasitələrinin, bütövlükdə ictimai-siyasi sektorun sıradan çıxarılması ilə məşğuldur. Onun adamlarının "Qazprom-Armeniya” şirkətinə qarşı etdikləri də hamıya məlumdur. Bundan başqa, Gümrüdə yerləşən Rusiya hərbi bazası ilə bağlı baş verən hadisələri də qeyd etmək istərdim. Bütün bunların hamısı anti-Rusiya xarakterlidir. Əlbəttə ki, Ermənistanda keçirilən mitinqlərdə anti-Rusiya şüarlarının səsləndirilməsini Putin yaxşı bilir. Yaxşı anlaşılır ki, Ermənistanda olan inqilabın gələcək məqsədi Rusiyanı ölkədən çıxarmaqdır. Belə olan təqdirdə simvolik xarakterli təbrikə baxmayaraq, Ermənistan-Rusiya münasibətləri Paşinyan dövründə əvvəlki kimi sıx olmayacaq”.
 
BƏXTİYAR          

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202