• cümə, 19 Aprel, 20:26
  • Baku Bakı 24°C

Putinin növbəti prioritetləri elan etdi

07.05.18 18:31 617
Putinin növbəti prioritetləri elan etdi
Böyük Kreml Sarayında inauqurasiya mərasimini keçirən Rusiya prezidenti Vladimir Putin dördüncü müddət üçün and içib. Kremldə keçirilən mərasimdə təxminən 5000 qonaq iştirak edib. Mərasimi təntənəli şəkildə düzənləyən Putin çıxışında prioritetlərini də elan edib. Bundan sonra veriləcək qərarların tarixi olacağını bəyan edən V.Putin bununla Rusiyanın gələcək taleyinin müəyyənləşdiriləcəyini deyib. Həmçinin, bundan sonra qəbul ediləcək qərarlarda xalqın iştirak etməli olduğunu, eyni zamanda nailiyyətlər əldə etmək üçün ölkədəki istedadlı insanlardan istifadə edəcəyinə söz verib. "Rusiya dövlətinin prioritet hədəfləri təhsil, səhiyyə, ana və uşaqların qorunmasıdır. Rusiya 1000 illik tarixi boyunca dəfələrlə toqquşmalarla üz-üzə qalıb. Rusiya hər dəfə bunlardan feniks quşu kimi küllərindən doğularaq çıxıb. Bu, hər dəfə bizim üçün tramplin rolu oynayıb”, - Putin deyib. V.Putin 18 mart seçkisinin xalqın onun rəhbərliyinə inamının göstəricisi olduğunu deyib və əlavə edib ki, Rusiya beynəlxalq həyatın güclü, aktiv, nüfuzlu iştirakçısıdır. "Biz dialoqa açığıq. Tərəfdaşlarımızla birlikdə fəal şəkildə inteqrasiya layihələrini təşviq edəcək, işgüzar, humanitar, mədəni və elmi əlaqələri artıracağıq”, - deyə V.Putin bildirib. Onun sözlərinə görə, Rusiya dünyada sülh və sabitliyin qorunmasında maraqlı tərəf olduğundan hamı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. "Bu gün həyatın yeni keyfiyyəti, rifah, təhlükəsizlik insan sağlamlığı ən əsas amillərdir. Siyasətimizin mərkəzində dayananlar məhz bunlardır”, - o vurğulayıb. Onu da qeyd edək ki, Putin andiçmə mərasiminə "Kortej” ("Aurus”) adlı yerli istehsal olan avtomobillə gedib. Mətbuat Putinin bundan sonra yalnız bu avtomobildən istifadə edəcəyini bildirib.
O ki qaldı növbəti baş nazirin kimin olacağına, böyük ehtimalla bu elə Dmitri Medvedyev olacaq. Dünən prezident onun namizədliyini parlamentin aşağı palatasına təqdim edib. Bu haqda Kremlin vebsaytında məlumat yerləşdirilib. "Rusiya Konstitusiyasının 83 və 111-ci maddələrinə müvafiq olaraq prezident Rusiya Federasiyasının hökumət sədri vəzifəsinə təyin olunması üçün Dmitri Medvedyevin namizədliyini Dövlət Dumasına təqdim edib”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunub. Dövlət Duması məsələyə mayın 8-də baxacaq. Hakim "Vahid Rusiya” Partiyasının üstünlük təşkil etdiyi Dumanın onu təsdiqləyəcəyi gözlənilir. Medvedyev partiyanın sədridir. Konstitusiyaya görə, yeni prezident fəaliyyətə başlayan kimi hökumət istefa verməlidir. Rusiyada baş nazir ikinci rəsmi şəxsdir, iqtisadiyyata görə məsuliyyət daşıyır, prezidentə hesabata verir. 52 yaşlı Medvedyev 2008-ci ildə, Putin ölkəni iki müddətə idarə edəndən sonra prezidentliyə gətirilib, 2012-ci ildə yenidən yerdəyişmə olunub. Medvedyev 2003-2005-ci illərdə Putinin idarə rəisi, 2003-2005-ci illərdə baş nazirin birinci müavini idi. Beləliklə, tərəfdarlarının ölkəni "ayağa qaldıran şəxs”, opponentlərinin isə korrupsioner, avtokratiyanı gücləndirən fiqur kimi təqdim etdiyi Putin növbəti müddətə ölkəni idarə edəcək.
Ölkənin iqtisadi durumuna gəldikdə, bu elə də ürəkaçan deyil. Məsələn, "Nezavisimaya qazeta” yazır ki, Rusiya yeni maliyyə fəlakətinin astanasındadır. Məqalədə vurğulanır ki, yaxın bir-iki ildə vəziyyət pisləşməkdə davam edəcək. Səbəblər sırasında da ilk növbədə "pis kreditlər” göstərilib. Bundan əlavə, ölkədaxili vəziyyətdə də gərginlik hökm sürür. İki gün öncə Moskva küçələrində və ölkənin digər yerlərində antiPutin və antihökumət etirazları keçirilib. TəşkilatçıAleksey Navalnı,yüzlərlə etirazçı qısa müddətə saxlanıb. Media Moskvada minlərlə, polis isə 1500 nəfərin etiraz aksiyasına qoşulduğunu yazıb. Putinin prezidentliyinə qarşı Rusiyanın 85 şəhərində aksiyalar keçirilib. Saxlanılanların 700 nəfəri Moskvanın payına düşüb. Moskvadakı etirazçılara qarşı həmçinin xüsusi kazak dəstələrindən də istifadə edilib. Kazak dəstələrinin hücumu nəticəsində bir neçə etirazçı xəsarət alıb.
Bütün bunlara baxmayaraq, Rusiya prezidentinin nüfuzu əvvəlki tək yüksək olaraq qalır. "Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini rusların 82 faizi dəstəkləyir”, - deyə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğuda bildirilir. Mərkəz Putinin reytinqinin son 4 il ərzində 82-88 faiz arasında dəyişdiyini bildirib. Putinin fəaliyyətini daha çox kəndlərdə yaşayanların (85 faiz) və yaşlı qadınların (91 faiz) dəstəklədiyi açıqlanıb. Bundan əlavə, ruslar V.Putinin əsas uğurları və uğursuzluqlarını da açıqlayıblar. Bununla bağlı nəticə "Levada Çentr” şirkətinin keçirdiyi sorğuda müəyyən olunub. Sorğuya əsasən, ruslar Putinin qazandığı ən böyük uğurun Rusiyanın yenidən böyük gücə çevirməsi (47 faiz) olduğunu bildiriblər. Ondan sonrakı yerdə Şimali Qafqazda situasiyanın stabilləşməsi (38 faiz), Rusiyanı süqutdan qoruması (27 faiz), islahatlar keçirməsi (22%) cavabları qərarlaşıb. İnsanların Putindən narazılığının əsas səbəbi gəlirlərin sadə insanların maraqlarına uyğun olaraq doğru bölüşdürülməməsi (45 faiz) olub. Vətəndaşların fikrincə, hakimiyyət sadə insanların qayğısına az qalır.

Azər
banner

Oxşar Xəbərlər