• cümə, 29 Mart, 19:49
  • Baku Bakı 14°C

Putinin əsas rəqibi kim olacaq?

03.03.17 10:00 981
Putinin əsas rəqibi kim olacaq?
Rusiyada prezident seçkilərinin tarixi bəlli olub. Məlumata görə, seçkilər gələn il martın 11-də baş tutacaq. Rusiya KİV-inin yaydığı məlumata görə, bu barədə Prezident Administrasiyasından bildirilib. Seçki tarixi bəlli olsa da, hələ də indiki prezident Vladimir Putinin növbəti seçkilərdə iştirakı rəsmi təsdiqini tapmayıb.
"Moskovski komsomolets” isə yazır ki, Vladimir Putinin növbəti seçkilərdə iştirak edəcəyi gün kimi aydındır: "Əgər Putin seçkilərə gedərsə, onda 2024-cü ilə qədər prezident kürsüsündə oturacaq. Həmin ildə onun 71 yaşı tamam olacaq”. TASS-ın məlumatına görə, Prezident Administrasiyası seçkilərin əvvəlkilərlə müqayisədə daha şəffaf və ədalətli keçməsi üçün əlindən gələn edəcək, seçkilərdə seçicilərin yüksək dərəcədə aktivliyinə nail olmaq üçün çalışacaq. Rusiya Konstitusiyasına görə, bir şəxs iki müddətdən çox prezident ola bilməz. V.Putin birinci dəfə 2000-ci ildə, 47 yaşında prezident seçilib. 2008-ci ilə kimi iki dəfə prezident olaraq, sonrakı illərdə baş nazir təyin edilib. 2012-ci ildə yenidən seçkilərə qatılıb. Həmin ilə qədər prezidentlik müddəti dörd il idi, lakin 2012-ci ildən bu müddət altı ilə qaldırılıb.
Öz növbəsində, İtaliyanın II Giornale qəzeti yazır ki, Rusiya prezidenti Vladimir Putin 2018-ci il martın 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək. Qəzet yazır ki, politoloq və analitiklər artıq əminliklə bildirirlər ki, bütün proseslər ona doğru gedir və yalnız məsələni rəsmiləşdirmək qalır. Kremldən məsələ ilə bağlı hər hansı bir rəsmi məlumat daxil olmasa da, siyasi və iqtisadi elita hesab edir ki, Putin mütləq namizədliyini irəli sürəcək. Rusiya prezidenti də ilin sonunda keçirdiyi mətbuat konfransında bəyan edib ki, yekun qərarını vaxtı çatanda elan edəcək. İndi isə analitiklər ən müxtəlif ssenarilər irəli sürürlər. Və onların hamısında ana xətt odur ki, indiki prezident 2024-cü ilə kimi öz vəzifəsində qalacaq.
Onun rəqibinin kimlər olacağı da ən çox müzakirə olunan məsələlərdəndir. Məşhur bloger - müxalifətin ən nüfuzlu nümayəndəsi Aleksey Navalnı namizədliyini verəcəyini bildirib. Bu yaxınlarda məhkəmə onu korrupsiya ittihamı ilə mühakimə edərək barəsində beş illik şərti cəza kəsib. Onunla yanaşı, "Yabloko” Partiyasının lideri Qriqori Yavlinski, Liberal Demokratların lideri Vladimir Jirinovski və kommunistlərin lideri Gennadi Züqanov da seçkilərdə iştirak edəcəklər. "Əbədi namizədlər” - Züqanov və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski mütləq namizəd olacaqlar. V.Jirinivski artıq altıncı dəfə olacaq ki, namizədliyini irəli sürəcək. Rusiyanın ən varlı şəxsləri sırasında ikinci olan "NBA Brooklyn Nets”in rəhbəri Mixail Proxorovun yerinə məşhur iqtisadçı Aleksey Kudrinin çıxa biləcəyi proqnoz edilir. 2001-2011-ci illərdə Putin və Medvedyevin prezidentlikləri dövründə iqtisadiyyat naziri postunu tutmuş bu şəxsin ciddi rəqibə çevrilə biləcəyi gözlənilir. Rusiyalı politoloq və analitik Valeri Solovyov hesab edir ki, Navalnının yerinə Kudrinin namizədliyinin irəli sürülməsi ən optimal variantdır. Analitik hesab edir ki, Kudrinin baş nazir olmaq şansı yüksəkdir. Bu şəxsin ölkədə antiböhran islahatları keçirmək iqtidarında olduğu vurğulanır. Bəziləri hesab edir ki, mühacirətdə olan iş adamı Mixail Xodorkovski də seçkilərdə Putinin rəqiblərinə maliyyə dəstəyi göstərə bilər. O ki qaldı Putinin özünə, prezident 2018-ci il seçkiləri ilə bağlı ciddi planlar üzərində işləyir. Bunu onun mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Yeri gəlmişkən, "Stratfor” Araşdırmalar Mərkəzi Rusiyada gözlənilən seçkilər ilə bağlı proqnozlarını dərc edib. Hesabatda sentyabrda keçiriləcək parlament seçkilərinin prezident seçkilərinə ciddi təsir edəcəyi göstərilib. Təhlildə deyilir ki, ölkənin iqtisadi çətinlikləri hakim "Vahid Rusiya Partiyası”na olan ictimai dəstəyə zərbə vuracaq. Kreml də məcbur olacaq ki, bu partiyanın parlament seçkilərində çoxluğu qazanmasından ötrü tədbirlər görsün: "Seçkinin açıq-aşkar manipulyasiyası kütləvi etirazlara gətirə bilər. Əvəzində Kreml istədiyi nəticəni əldə etmək üçün pərdəarxası siyasi sövdələşmələrə və seçki sisteminə yüngül dəyişikliklərə gedə bilər. Bu nəticə prezident Vladimir Putinin 2018-ci ildə təkrar seçkiyə getməyə yetərli siyasi gücünün olub-olmamasını da üzə çıxaracaq”. Təhlildə vurğulanır ki, "rusiyalılar ölkə çiçəkləndiyi bir dönəmdə seçki saxtakarlığına göz yumublar. Kreml 2011-ci ildə parlament seçkilərini saxtalaşdırmağa cəhd edəndə, ölkədə kütləvi etirazlar aylarla sürdü. Putin bəzi güzəştlərə getməyə məcbur oldu. Bu il isə Kreml həm nəticələrə nəzarət etmək istəyir, həm də etirazlardan qaçmağa çalışır. Vladimir Çurkin Mərkəzi Seçki Komissiyasına rəhbərlikdən uzaqlaşdırıldı və onun yerinə insan haqları üzrə ombudsman Ella Pamfilova gətirildi. Məqsəd daha çox seçiciləri sakitləşdirmək, onları seçkiyə getməyə həvəsləndirməkdir.
Putin hökuməti qanunvericiliyə də dəyişikliklər edir. Dövlət Dumasındakı 450 yerin yarısı birbaşa səsvermə, digər yarısı isə partiya siyahıları üzrə seçiləcək. Partiyalar 5 faizlik baryeri aşmalıdırlar. Majoritar yolla seçki siyasi liberallıq kimi görünə bilər. Ancaq məsələn, 2003-cü ildə bu üsuldan da qazanan "Vahid Rusiya” Partiyası olub. Tanınmış siyasətçilər seçkidə qalib gəlib, daha sonra hakim partiyaya qoşuldular. Kreml siyasi partiyaların qeydiyyatına qadağaları da götürüb. 2011-ci il seçkisində 7 partiya qeydiyyatdan keçmişdisə, indi onların sayı 78-dir. Yenə də, ilk baxışdan siyasi plüralizm kimi görünür, ancaq kiçik partiyalar bir-birindən səs oğurlamaqla məşğul olacaq. Kreml həm də onların koalisiya yaratmasına imkan vermir. O da qeyd edilir ki, bəzi partiyaların, məsələn, liberal müxalifət qruplarının liberal regionlarda kampaniya aparmasına məhdudiyyətlər qoyula bilər. Və nəhayət, seçki komissiyası müşahidəçilərin sayını azaltmaq qərarına gəlib. Onlar məntəqələr arasında koordinasiya da qura bilməyəcəklər. Medianın nəzarəti də məhdudlaşdırılır, yalnız akkreditədən keçmiş media orqanları və jurnalistlər seçkini işıqlandıra biləcək.
Azər
banner

Oxşar Xəbərlər