• cümə, 29 Mart, 17:15
  • Baku Bakı 14°C

Putinin Bakı səfərində mühüm bəyanatlar səsləndi

13.08.13 18:30 1722
Putinin Bakı səfərində mühüm bəyanatlar səsləndi
Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana gəlib. APA-nın məlumatına görə, onu xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov müşayiət ediblər.
Avqustun 13-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında təkbətək görüş olub. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və Rusiya prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
“Dünya iqtisadiyyatındakı ümumi mürəkkəb vəziyyətə baxmayaraq, ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin inkişafı 47 faiz təşkil edib, bu, bizim üçün rekordlardan biridir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord templə inkişaf edir”. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Vladimir Putin İlham Əliyevlə görüşdə deyib. O bildirib ki, Rusiya Azərbaycanla ticarət-iqtisadi əlaqələrdə lider ölkələrdən biridir: “Bu sahədə ikinciyik, ticarət dövriyyəsi artır. Ən xoşagələn də odur ki, ticarət dövriyyəsinin strukturu da həm Azərbaycan, həm də Rusiya tərəfdən olduqca yaxşıdır”. V.Putin əlavə edib ki, iki ölkə arasında əlaqələr çoxsaylı istiqamətlər üzrə inkişaf edir və çoxçeşidli xarakter daşıyır.
“Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə əlavə impuls vermiş olacaq”. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti ilə görüşdə deyib. “Münasibətlərimiz çox dinamik, pozitiv və uğurlu inkişaf edir. Bu münasibətlər çox sahələri əhatə edir və bu gün ikitərəfli münasibətləri, həmçinin regional məsələləri müzakirə etmək imkanımız olacaq. İqtisadiyyat sahəsində hətta gözlədiyimizdən də gözəl nəticələr var, humanitar sahədə ənənəvi nəticələr və perspektivlər var. Başqa sözlə desək, münasibətlər uğurla inkişaf edir, sizin səfəriniz münasibətlərimizin inkişafında xüsusi yerə malik olacaq. Əminəm ki, bu səfərdən sonra münasibətlərin inkişafında pozitiv dinamika davam edəcək. Rəsmi Bakı və Moskvanın bütün əsas məsələlərdə mövqeləri üst-üstə düşür”.
Vladimir Putin öz növbəsində humanitar sahənin inkişafına yönəlmiş təşəbbüslərə toxunub: “Bilirəm ki, burada sizin şəxsi təşəbbüsləriniz də var. Biz bu gün o təşəbbüsləri müzakirə edəcəyik. Əminəm ki, bugünkü görüşümüz münasibətləri inkişaf etdirməyə kömək edəcək. Mənimlə birgə böyük komanda, əməkdaşlığın əsas sahələri üzrə nazirlər mənimlə gəlib. Ona görə də görəcəyimiz iş məzmunlu, böyük, maraqlı və çox sərfəli olacaq”.
Rusiya prezidenti Azərbaycanda rus dilinə göstərilən diqqətdən məmnun olduğunu da bildirib: “Azərbaycanda rus dilinin qorunması və tədrisinə diqqətlə yanaşılır və bu, ikitərəfli əməkdaşlığın digər bütün sahələri üzrə işin əsasını təşkil edir”. O deyib ki, Azərbaycanda rus dilinin inkişafına, rusca təhsilin saxlanmasına və bu sahədə birgə işə çox böyük diqqət yetirilir, məktəblərdə rus dili tədris olunur, Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olub. “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri”ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzalayıblar. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı”nı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.
“Rusiya-Azərbaycan dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş”i Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov, “2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzalayıblar.
Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan və Rusiya prezidentlərinin mətbuat konfransı olub. İlham Əliyev bildirib ki, Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir və artım tendensiyasına malikdir. “Hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir”, - deyə dövlət başçısı vurğulayıb. O, bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır”.
Daha sonra Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini bəyan edib. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, dövlət başçısı birgə mətbuat konfransında bildirib ki, Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir.
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə dağıdılması mümkün olan hər şey dağıdılıb: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır. Bu münaqişənin tezliklər həlli regionda sabitliyə və əməkdaşlığa gətirib çıxaracaq. Dağlıq Qarabağ münaqişəsi tarixi ədalətə, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun həll edilməlidir”. Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanla Rusiyanın möhkəm baza üzərində qurulmuş dostluq və mehriban qonşuluq münasibətləri xalqlarımızın tarixinə, eyni taleyə sahib olmasına və qarşılıqlı maraqlarımıza əsaslanır. Bu gün siyasi əlaqələrimiz inkişaf edir, beynəlxalq təşkilatlarda dost və tərəfdaş kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və gələcəkdə də bu siyasətimizi davam etdirəcəyik”.
V.Putin qeyd edib ki, Rusiya Xəzər regionunun əməkdaşlıq regionuna çevrilməsi üçün dənizin probleminin tezliklə nizamlanmasının tərəfdarıdır: “Biz danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə böyük diqqət ayırdıq. Biz bu regionun sülh, sabitlik və əməkdaşlıq regionuna çevrilməsində maraqlıyıq”. Rusiya prezidenti qeyd edib ki, hələlik həllini tapmamış çox problem qalır: “Buraya təhlükəsizlik, sərhədlərin bölünməsi, Xəzər dənizinin biomüxtəlifliyinin qorunub saxlanması və digər məsələlər daxildir. Biz bu məsələlərin həllini və təbii ki, bütün region ölkələrinin maraqları nəzərə alınmaqla həllini istəyirik.
V.Putin diqqətə çatdırıb ki, Bakıda yüksək səviyyədə keçirilən danışıqlarla eyni vaxtda Rusiyanın Xəzər Flotiliyasının gəmi dəstəsi də Azərbaycan paytaxtına səfər edib: “İlin sonunda isə Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri edəcəklər”.
banner

Oxşar Xəbərlər