• çərşənbə, 24 Aprel, 20:38
  • Baku Bakı 23°C

Putinin Azərbaycan səfəri beynəlxalq mətbuatın diqqətində

15.08.13 09:17 1433
Putinin Azərbaycan səfəri beynəlxalq mətbuatın diqqətində
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri əksər beynəlxalq KİV-lərin baş xəbərlərindən birinə çevrilib. Qərbin aparıcı informasiya vasitələri iki ölkə arasında münasibətləri “soyuq” olduğunu iddia edənlərin artıq deməyə bir sözlərinin qalmadığını yazmağa başlayıblar. Qardaş Türkiyənin nüfuzlu “Hürriyət” qəzeti “Putindən Qarabağ şərhi” başlıqlı məqalədə bu səfərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mühüm bir addım kimi qiymətləndirib. Qəzet prezidentlərin keçirdiyi mətbuat konfransına xüsusi diqqət ayıraraq bir sıra məsələlər ətrafında fikir ayrılıqlarının tam şəkildə aradan qalxdığını bəyan edib. Eyni zamanda Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində danışıqların intensivləşə biləcəyi irəli sürülüb.
“Şimal-Cənub” Politologiya Mərkəzinin rəhbəri Aleksey Vlasov isə BBC-yə açıqlamasında bildirib ki, Azərbaycandakı prezident seçkilərinə seçkilərə iki ay qalmış həyata keçirilən bu səfər birmənalı şəkildə göstərir ki, Rusiya nəinki ikitərəfli münasibətlərə aid məsələlərin həllində, habelə Cənubi Qafqaz geosiyasəti, Xəzər və İran mövzusunda tərəfdaş olaraq məhz İlham Əliyevi görür: “Rusiya bu tərəfdaşla gələcəkdə də danışıqlar aparıb ortaya çıxan məsələləri həll etmək niyyətindədir”.
Rusiyanın aparıcı telekanalları, məsələn, RTR, ORT, NTV də Putinin səfərini işıqlandırıblar.
NTV: “Putin Bakı buxtasında olan Rusiyanın Xəzər donanmasının “Dağıstan” raket gəmisində oldu. Hər iki ölkə liderləri Rusiya və Azərbaycan Hərbi Dəniz Qüvvələrini rəhbərlərinin hesabatlarını dinləyiblər. Daha sonra dövlət başçıları gəmi ilə tanış olublar. Komandir gəminin texniki xarakteristikası haqqında məlumat verib. Rusiya hərbi gəmisinin komandiri xatirə olaraq hər iki dövlət başçısına matros köynəkləri hədiyyə edib. Daha sonra Vladimir Putin və İlham Əliyev şəhər gəzintisinə çıxıblar, Putin “Brilliant əl” filminin çəkilişləri gedən yerlə tanış olub”.
Rusiya kanalları Bakıda aparılan yenidənqurma işləri, şəhərin sürətlə inkişafı barədə də reportajlar veriblər. “Nezavisimaya qazeta” qəzetində dərc edilən “Putin Bakıya dəniz piyadası gətirdi” başlıqlı məqalədə Moskvanın Bakı ilə bağlı planları barədə yazılıb. Qeyd edilib ki, Rusiya Əfqanıstandan çıxarılacaq ABŞ qoşunlarının Azərbaycanda yerləşdirilməsinə qarşıdır. “Rusiya bununla bağlı Azərbaycandan təminat istəyir” - deyə qəzet yazıb. Məqalədə qeyd olunub ki, səfər qısa müddətli olsa da, məhsuldar keçib: “Azərbaycanda bu səfərə böyük önəm verirdilər. Azərbaycan və Rusiya arasında ciddi fikir ayrılıqlarının olduğuna dair ehtimallar arxa plana keçmiş oldu”. Eyni zamanda Rusiya nümayəndə heyətinin tərkibinə də böyük önəm verilib: “Nümayəndə heyəti, eləcə də imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yüksək həddə olmasının göstəricisidir”. Qəzet Rusiya gəmilərinin Bakı limanına yan almasını zarafatyana “Rusiya Bakıya desant yerləşdirdi” formasında şərh edib. Qəzet yerli analitiklərə istinadən yazır ki, Putinin səfəri sübut etdi ki, Azərbaycan Rusiya Federasiyası üçün tərəfdaş ölkə kimi böyük maraq kəsb edir. Belə ki, qəzetə fikirlərini bölüşən Milli Məclisin deputatı Rasim Musabəyov “Rusiya prezidentini müşayiət edən altı aparıcı nazirin gəlməsi tək nümayişkaranə bir səfər deyil, həm də keçirilən görüşlər zamanı ciddi müzakirələrin gedəcəyindən xəbər verir. O ki qaldı müdafiə naziri Sergey Şoyqunun səfərinə - bu hərbi sahəyə aid məsələ olub, müzakirə olunmalıdır. Bu tək hərbi-texniki əməkdaşlıq deyil. Xəzərlə də bağlı məsələ ciddidir. Dənizdə hərbi iştirak məsələsi aktivləşib. Ən əsası, Dağlıq Qarabağ münaqişəsi var. Rusiya Bakının loqistik mərkəzə çevrilməsinə qarşıdır”.
“Komsomolskaya qazeta” isə “Putin Bakıya Rusiya rus ləhcəsi ilə gəldi” başlıqlı məqalədə Bakıda rus dilinin qonub saxlanılmasından bəhs edilib. Qəzet Azərbaycan prezidentindən sitat da gətirib. “Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb var. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, bizim 27 universitetdə rus dilində tədris aparılır. Tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatına münasibətimizin mühüm göstəricisidir. Azərbaycanda keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunub saxlanılır” - deyə qəzet dövlət başçısından sitat gətirib.
“İzvestiya” səfərlə bağlı “Rusiya və Azərbaycan körpülər salır”, “Moskovsksi komsmolets” “Rusiya və Azərbaycan gəmilərlə mübadilə etdilər”, “Rossiyskaya qazeta” “Bütün cəbhələr üzrə dostluq”, “Komersant» “Rosneft Azərbaycana gəldi” başlıqlı məqalələr dərc edib. BU məqalələrdə də Rusiya prezidentinin Bakı səfəri ətraflı işıqlandırılıb. Həmin məqalələrin əksəriyyətində birmənalı olaraq vurğulanır ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Nəşrlər bu səfəri ikitərəfli münasibətlərdə problemlərin olduğunu iddia edənlərə layiqli bir cavab kimi qələmə veriblər.
Ən maraqlısı isə düşmən Ermənistanda bu səfərə olan reaksiyalardır. Belə ki, bu səfər Ermənistan siyasi dairələrində çox böyük narazılığa səbəb olub. Hakimiyyət və müxalifət partiyaları Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı yekdil mövqedə olublar. Erməni mətbuatı Ermənistanın strateji partnyoru olan Rusiya prezidentinin Azərbaycana səfərini ölkələrinin təhlükəsizliyinə ciddi təhlükə kimi qələmə veriblər. Bundan əlavə Cənubi Qafqaz üzrə politoloqlar Vladimir Putinin Bakıya səfərini Ermənistana “meydan oxumaq” kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, hazırkı mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya səfər edib. Bu addım ənənənin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı Ermənistana verilmış aydın bir siqnal kimi qiymətləndirilib. Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşmasını ekspertlər Ermənistan diplomatiyasının tamamilə iflası kimi qiymətləndiriblər. Erməni saytları yazır ki, Putinin səfəri Ermənistanın siyasi səhnəsində narahatçılıq üçün əsas yaradıb.
Ermənistanın hakim Respublika Partiyasının nümayəndəsi, xarici əlaqələr üzrə komitənin sədri Artak Zakaryan Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlik bu səfərin “narahatçılıq” doğurduğunu bildirib. «Təbii ki, bizim üçün düşmən olan bir ölkə ilə tərəfdaş dövlətin münasibətləri narahatçılıq doğurmalıdır” - deyə Artak Zakaryan vurğulayıb. Erməni deputat ümidvardır ki, Rusiya prezidentinin işgüzar səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə təsir etməyəcək.
Erməni Milli Konqresinin üzvü Vladimir Kapapetyan da bu səfərin narahatçılıq doğurduğunu deyib. O, hələ də Serj Sarksiyanın Putinə ölkəsinə səfər etmək barədə müraciətinin qulaqardına vurulduğunu deyib. Erməni politoloqları Levon Şirinan və Aqasi Yenokonyan isə ermənilərin Rusiyadan deportasiyası məsələsini şərh ediblər. Onlar Rusiyada millətçiliyin sürətlə artdığını, Rusiyanın Ermənistanın Avrasiya İttifaqına üzv olması üçün təzyiq göstərdiyini bildiriblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər