• şənbə, 20 Aprel, 07:16
  • Baku Bakı 14°C

Putin və Fukuyama: siyasi-ideoloji reallığa fərqli yanaşmalar

29.07.19 13:15 11132
Putin və Fukuyama: siyasi-ideoloji reallığa fərqli yanaşmalar
Şübhə yoxdur ki, mədəniyyətlər əsrində ideoloji konseptlər ciddi əhəmiyyət kəsb edir. XXI əsrin əvvəlləri göstərir ki, bu istiqamətdə bəşəriyyət qarşısında qlobal miqyasda ciddi problemlər dayanır. Bu bağlılıqda liberalizmə olan hücumlar diqqəti daha çox çəkməyə başlayır. Bu ideoloji konsept, faktiki olaraq, XX əsrin sonlarında ciddi rəqabətdə qalib gəlmiş nəzəri-ideya sistemidir. Ancaq sonrakı mərhələdə meydana xeyli fərqli mənzərə çıxdı. Mütəxəssislər və ekspertlər liberalizmin tənəzzülündən danışmağa başladılar. Paralel olaraq, fərqli ideoloji konseptlərin populyarlığı bir qədər yüksəldi. Bütün bunlar Rusiya Prezidenti V.Putinin liberalizm haqqında söylədiyi bir fikirlə yeni istiqamət almağa başladı. Həmin kontekstdə müasir mərhələdə siyasi-ideoloji rəqabətin bir sıra əlamətləri üzərində geniş dayanmağa ehtiyac görürük.
Qalibin səhvləri: Qərbin ideoloji cəbhədə zəif yerləri
Müxtəlif ideoloji düşərgələrin mövcud olduğu bir zamanda, şübhəsiz ki, onlar arasında mübarizə də xüsusi məzmun kəsb edir. Siyasi baxımdan bu, özünü hazırda daha çox göstərir. Yəni sovetlər dağılandan sonra Qərbin bu hadisəni ideoloji qələbə rəngində təqdim etməsi sonrakı proseslərə də ayrıca məzmun verdi. Rusiya bir müddət Qərbin liberalizmi qarşısında susqun qaldı. Çin isə öz ideoloji xəttini davam etdirdi. Lakin artıq görünür ki, Rusiya da ideoloji sferada hücum taktikasını seçib. Bunun bariz nümunəsi Vladimir Putinin "Böyük iyirmilər"in Osaka sammiti zamanı liberalizmin nüfuzunu itirməsi və artıq dominant rol oynaya bilməməsi barədə söylədiyi fikirlər oldu.
Bir sözlə, Rusiya Prezidenti iddia edir ki, liberalizm artıq köhnəlib, aparıcı rol oynaya bilmir və bu mənada dünyanın gələcək ideoloji paradiqması olmaq imkanını itirib. Bu fikrə Qərbin müxtəlif dairələrindən münasibət ifadə edilib. Lakin ideoloqların münasibəti daha maraqlıdır. Çünki bu, ideoloji cəbhənin nəbzini tutmağa imkan verir. Həmin səbəbdən ekspertlər Frensis Fukuyamanın liberalizm və başqa ideoloji konseptlərlə bağlı fikirlərinə maraq göstərirlər (bax: məs., Фрэнсис Фукуяма о прошлом, настоящем и будущем либерализма / "Голос Америки", 12 iyul, 2019).
Liberalizm ideoloji konsept kimi müasir cəmiyyətlərin mənəvi-əxlaqi, hüquqi və demokratik inkişafı üçün zəruri olan faktor kimi meydana gəlib. Onun tarixinə varmadan, deyək ki, F.Fukuyama və digər alimlər liberalizmi Avropanı dini ixtilaflardan xilas edən sistem kimi dərk edirlər. Məsələn, Avropada protestantlar və katoliklərin 150 il davam edən savaşının bitməsində liberal dünyagörüşünün mühüm rol oynadığına əmindirlər. Yalnız Almaniyada Otuzillik (!) müharibədə əhalinin 1/3-i həlak olmuşdu. Çünki "insanlar hesab edirdilər ki, dövlət vahid dini doktrinanı dəstəkləməlidir" (bax: əvvəlki mənbəyə).
Bu, liberalizmin keçmişi baxımından maraqlı məqamdır. Belə ki, liberalizm dini fərqliliklərin yanaşı mövcud olmasına mənəvi, dünyagörüşü və ideya əsası verən cərəyan kimi meydana gəlib. Daha doğrusu, sosial sifariş olaraq öz təsdiqini tapıb. Liberalizm bu mənada plüralizm və tolerantlığın qaynağıdır. Onda liberal cəmiyyətlərdə fərqli dinlərə, ideoloji konseptlərə, mənəvi-əxlaqi dəyərlərə, mədəniyyət növlərinə tolerant münasibət şərtdir. Bundan kənarda liberalizm boş söz yığınına çevrilir.
Nəzəri olaraq, bu, yaxşı bir yanaşmadır. Müasir qloballaşma şəraitində fərqli düşüncə və əxlaq, din və mədəniyyət sahiblərinin eyni hüquq çərçivəsində dinc yaşamaları üçün səmərəli tənzimləmə mexanizmidir. Lakin məsələ ondan ibarətdir ki, son onilliklər məhz bu prinsiplərin liberalizm tərəfdarlarının özü tərəfindən pozulduğu haqqında fikirlər səslənir. Yəni həmin bağlılıqda liberalizmin keçmişi ilə indisi arasında bir "qırılma nöqtəsi" meydana gəlib. V.Putin də məhz bu fakta istinad edərək liberalizmin köhnəldiyini deyir. Liberalizm iki mənada köhnəlib: birincisi, öz real məzmununu keçmişdə almış bu ideoloji cərəyan onu lazımi keyfiyyətdə indiyə daşıya bilməyib; ikincisi, qloballaşan dünyada geriyə dönüş yoxdur, yəni real tolerantlıq, plüralizm, hüququn aliliyi, demokratik birgəyaşayış qaydalarının bərqərar olması zəruridir. Lakin liberalizm indiki məzmunu ilə bu tələbi ödəyə bilmir, bu səbəbdən artıq köhnədir.
Belə çıxır ki, liberalizmə dair mövqedə V.Putin də, F.Fukuyama da haqlıdırlar, lakin fərqli kontekstlərdə. F.Fukuyama nəzəri olaraq, dünyagörüşü forması qismində, sosial-tarixi missiyası baxımından liberalizmin müasir dünyanın tələblərinə daha uyğun olması barədə fikrində haqlıdır. V.Putin isə bu nəzəri müddəanın artıq real vəziyyətə, praktiki duruma uyğun gəlmədiyini iddia edərkən haqlıdır. Bu mövqeni təsdiq edən nümunələr siyasi, geosiyasi və ideoloji aspektlərdə kifayət qədərdir.
Alternativlik və tolerantlıq: liberalizmin özünü inkarı
Onların bir qismi üzərində dayanmaq olar. Keçən əsrin 90-cı illərində sosialist ideoloji sisteminin dağılması ilə liberalizm özünü hakimi-mütləq kimi hiss etməyə başladı. Yəni yeganə düzgün ideoloji sistem olduğu iddiasına düşdü. Bu isə liberalizmin mahiyyətində olan tolerantlıq və plüralizmə zidd mövqe idi. Liberalizm özünə alternativ görməməyə başlayandan tənəzzülü də başladı. Ancaq bunu Qərbdə dərindən duyan olmadı. Və, təbii olaraq, liberalizmə uyğun saymadıqları bütün siyasi-ideoloji hadisələri və geosiyasi seçimi antidemokratik, antisivil, radikal hadisə kimi təqdim edərək sərt mövqe tutdular. Bu istiqamətdə keçmişdə liberal olanlar daha radikal və kəskin mövqe tutduqca liberalizmin yayılma imkanları da məhdudlaşdı. Bu, tədricən liberalizmə alternativlərin formalaşmasına təkan verdi.
Bunu iki sferada müşahidə etmək olardı. Onlardan biri geosiyasi aspektlə bağlıdır. Burada ikili standart və fərqli geosiyasi yanaşmalara dözümsüzlük liberal cəbhənin cəlbedicilik səviyyəsini kəskin azaltdı. ABŞ-ın öz maraqları naminə istədiyi hərəkəti etməyə çalışması bu prosesi daha da gücləndirdi. Bununla beynəlxalq münasibətlər sistemində liberalizmin mövqeyi zəifləməyə başladı.
Digər məqam Qərbin özü də daxil olmaqla cəmiyyətin gənc təbəqəsinin yeni ideoloji axtarışları gücləndirməsində ifadə olundu. Bu zaman gənclər daha çox radikal, solçu və ultramillətçi ideoloji düşərgəyə meyil etməyə başladılar. Siyasi mühitdə isə sağ populizm və solçu mövqe tədrici nüfuz əldə etməyə başladı. Artıq Qərbdə liberalizmlə populizmin seçki mübarizəsinə çox ciddi yanaşırlar. Liberallar həyəcan təbili çalırlar ki, seçkidə populistləri məğlub etmək, dünyanı xilas etməyə bərabərdir. Sual olunur: hansı səbəblərdən belə bir vəziyyət yaranıb? Və yaxud seçkidə liberalların qalib gəlməsi, real olaraq dünya siyasi mühitində liberal dəyərlərin bərqərar olması deməkdirmi?
Məsələn, islamofobiyaya son qoyulacaqmı? Yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ədalətli yanaşılacaqmı? Ermənistanın təcavüzkarlığı real təpki görəcəkmi? Dövlətlərarası münasibətlərdə keçmiş liberalizm ruhunda qaydalar bərqərar olacaqmı? Bu suallara cavab vermək çətindir. Çünki hazırda liberalizmdən danışanların real addımları tamam fərqli bir mənzərə ortaya qoyur.
Bundan başqa, ABŞ-da sağ populist kimi təqdim edilən Donald Tramp hakimiyyətdədir. İtaliyada da populistlərin mövqeyi güclüdür. Avropa Parlamentinə son seçkilərdə populistlər xeyli irəliləyiş əldə etdilər. Bütün bunlar dünya miqyasında ideoloji mübarizə cəbhəsinin dəyişdiyini və məzmunca yeni keyfiyyət aldığını göstərir. Bunun da öz əlamətləri vardır.
Artıq ideoloji ayrılıq tam olaraq Qərb-Rusiya və ya Qərb-Çin xətti üzrə deyil. Qərbin özünün daxilindən belə ayırıcı xətlər keçir. Liberalizm-populizm-solçuluq ideoloji xətti daha mürəkkəb bir cizgi alıb. Bu baxımdan Rusiya ilə bərabər Qərbin öz daxilində yetişən ideoloji parçalanma faktını unutmaq olmaz. Deməli, qlobal miqyasda ideoloji mübarizə yeni mərhələyə qədəm qoyur. Burada "soyuq müharibə" dönəmindən prinsipial fərqlənən bir vəziyyət yaranmış olur.
Müəyyən mənada liberalizm özü öz daxili ilə mübarizə aparmağa məhkumdur. Bəlkə də bu anlamda onun ən ciddi rəqibi elə özüdür. Liberalların özlərinə tənqidi yanaşmaq potensialı barədə indi qəti söz demək çətindir. Digər tərəfdən, populistlərin Qərbdə siyasi-ideoloji mövqelərinin güclənməsi Rusiya və Çin üçün də yeni imkanlar açır. Bu isə o deməkdir ki, ideoloji cəbhədə pilləvarı bir rəqabət mənzərəsi yaranır. Bu, mürəkkəb bir durumdur və kimin hansı şansa malik olduğunu zaman göstərəcək. Liberalizmin özünün yetişdirdiyi ideoloji böhran vəziyyətindən necə çıxacağı çoxməchullu bir tənlikdir. Bu baxımdan V.Putin kimi, F.Fukuyamanın da formulu mükəmməl deyil.
Newtimes.az
banner

Oxşar Xəbərlər