• cümə axşamı, 28 mart, 23:42
  • Baku Bakı 13°C

Putin və Ərdoğanın səfərləri nə vəd edir?

29.07.16 10:31 2064
Putin və Ərdoğanın səfərləri nə vəd edir?
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti raundunun baş tutacağı gözlənilir. Belə ki, avqustun 8-də həmsədr dövlət olan Rusiyanın prezidenti Vladimir Putin Bakıya səfər edəcək. Baş tutacaq üçtərəfli görüşdən (Azərbaycan, İran, Rusiya prezidentlərinin iştirakı ilə) sonra Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü də gözlənilir. Bu zaman isə Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyinə şübhə yoxdur. Onu da deyək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti gün, yəni avqustun 9-da Sankt-Peterburqa gedəcək. Onun V.Putinlə görüşü zamanı sözügedən münaqişə barədə də müzakirələr aparacağı proqnozlaşdırılır. Bu cür gedişatı ekspertlərlə müzakirə edib hansı gözləntilərinin olduğu ilə maraqlandıq. Onların fikrincə, münaqişə ilə bağlı aktiv həmsədr kimi Rusiyanın adını çəkir, bu dövlətlə danışıqlar aparırıq. Ona görə də baş tutacaq səfər müəyyən ümidlər yaradır. Ən azı, Azərbaycan görüş zamanı yenidən öz mövqeyini ifadə edəcək, uyğun həll yollarını təklif edəcək. Bu haqda fikirlərini bizimlə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, aprel ayında cəbhə xəttində yaşanan hadisələrdən sonra Rusiya danışıqlar prosesindəki aktivliyini bir qədər də artırıb: "Gözlənilir ki, avqustun 8-də Azərbaycan, İran, Rusiya prezidentlərinin birgə görüşündən sonra Rusiya rəhbərliyi ilə təkbətək danışıqlar baş tutsun. Belə olarsa, mütləq şəkildə Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək. Buna şübhə yoxdur. Təbii ki, Azərbaycanın mövqeyi səsləndiriləcək. Rusiya həmsədr dövlətdir, özü də bu məsələyə daha çox maraq göstərdiyi sirr deyil. Çünki problem onun cənub sərhədindədir”.
Həmsöhbətimizin fikrincə, müttəfiqləri arasında münaqişənin uzanması Rusiyanın forpostu olan Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxarır. Müsahibimiz avqustun 9-da Ərdoğanla baş tutacaq görüşü isə tarixi görüş hesab edir: "Bildiyiniz kimi, bir müddət əvvəl Rusiya hərbi təyyarəsinin vurulması nəticəsində iki ölkə arasında gərginlik yaşandı, bir sıra sahələrdə məhdudiyyətlər qoyuldu. Soyuq münasibətlər regiondakı proseslərə də təsir edir. Rusiya və Türkiyə rəhbərlərinin görüşü münasibətlərin yaxşılaşdırılması məqsədi daşıyır. Yəqin ki, soyuqluğun bir daha yaşanmaması üçün müəyyən addımların atılması da müzakirə ediləcək. Bu görüşlə bağlı Azərbaycanın da özünün maraqları var. Çünki Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir, müdafiə edir, qardaşlıq və dostluq münasibəti göstərir. Ona görə baş tutacaq görüşdə Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı fikirlərini bölüşəcəyi gözlənilir. Düşünürəm ki, nə qədər çox dövlət, nə qədər çox tərəf və qüvvələr məsələnin həll olunmasında maraqlı olduqlarını nümayiş etdirsələr, problem də bir o qədər tez həll olar və SSRİ dağıldıqdan sonra dünyaya miras qalmış bu ağır məsələ birdəfəlik tarixə göndərilər”.
Politoloq Qabil Hüseynli isə bir o qədər də ümidli deyil və məsələnin bir görüşlə həll oluna biləcəyinə inanmır. Amma düşünür ki, danışıqlar aparmaq, müəyyən irəliləyişə çalışmaq lazımdır: "Görüşlərin predmeti, mövzuları fərqli xarakter daşıyır. Yəqin ki, hər iki görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. Amma sözsüz ki, Qarabağla bağlı detallar prezident İlham Əliyevlə müzakirə edilə bilər. Çünki hazırda Türkiyəni daha çox maraqlandıran məsələ Rusiya ilə münasibətlərin qaydaya salınması və möhkəmləndirilməsidir. Türkiyə hər zaman Qarabağ mövzusunda Azərbaycanı dəstəkləyib. Bundan sonra fərqli bir mövqedə dayana biləcəyinə inanmıram. Görüş zamanı Qarabağ münaqişəsinin həllinin zəruriliyindən, beynəlxalq prinsiplərdən söz açıla, bununla bağlı fikir mübadiləsi aparıla bilər”.
Politoloq onu da qeyd etdi ki, gələcəkdə Rusiya ilə münasibətlər möhkəmləndikcə, Türkiyə daha təkidlə Azərbaycanın maraqlarına uyğun həll yolu təklif edə bilər: "Bakıda olan görüşdə təbii ki, Azərbaycan öz mövqeyini bildirəcək. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması şərtdir. Düşünürəm ki, beynəlxalq proseslər də Azərbaycanın maraqlarına uyğun şəkildə cərəyan edir. NATO-nun Varşavada keçirilən sammitində qəbul olunan qərarları nəzərdə tuturam. Orada birmənalı şəkildə bəyan edildi ki, münaqişəli məsələlər məhz ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, həm də 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktının prinsiplərinə uyğundur. Qərb ölkələri bir neçə dəfə qeyd ediblər ki, erməni qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bir sıra digər ölkələr üçün də yeganə prinsip məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Bütün bunlar siyasətdə Azərbaycanın əlini gücləndirir və ölkə siyasətçilərinə mövqelərini daha kəskin şəkildə qoymağa şərait yaradır. Bu məsələdə əsas müqaviməti qırılması lazım olan ölkə Rusiyadır. Azərbaycanın Rusiya ilə dil tapması məsələni həll edə bilər. Mən demirəm ki, bu məsələ bir görüşlə həll olacaq. Məhz bu görüşlərdən gözləntilərim çox deyil. Amma bildiyiniz kimi, qarşıda prezidentlərin planlaşdırılan Paris görüşü var. Hətta Nyu-Yorkda da görüş təşkil edilə bilər. Ümid edək ki, belə gedişat Qarabağ münaqişəsinin həllinə yardıma edəcək”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər