AZE | RUS | ENG |

Putin Serbiyanı Aİ-yə qoşulmaqdan çəkindirə biləcək?

Putin Serbiyanı Aİ-yə qoşulmaqdan çəkindirə biləcək?
Qərbi Balkan ölkəsində əhalinin əksər hissəsi Rusiya ilə yox, Avropa ilə əməkdaşlığın tərəfdarıdır

Rusiya prezidenti Vladimir Putin Qərbdə böyük diqqətlə izlənilən Serbiya səfərini başa çatdırıb. Səfərdə məqsəd, Avropa İttifaqına qoşulmaq istəyən bu Qərbi Balkan ölkəsi ilə Moskvanın münasibətlərini möhkəmlətmək idi və Putinin bu arzusuna çatıb-çatmayacağını zaman göstərəcək. Beləliklə, Putini Belqradın Nikola Tesla hava limanında Serbiya prezidenti Aleksandar Vuçiç şəxsən qarşılayıb. Paytaxt boyunca Rusiya və Serbiyanın dövlət bayraqları və plakatlar asılıb və onlardan birində "Xoş gəlibsiniz, hörmətli prezident Putin, əziz dost!” yazılıb. Birgə mətbuat konfransında Kosovonu ordu yaradılması da daxil, təxribatçı tədbirlərə əl atmaqda ittiham edən Putin deyib ki, bu addımlar Serbiyada gərginliyi yüksəldib və bütün regionu sabitsizləşdirə bilər. NATO 1999-cu ildə etnik albanların qətliamının və qovulmasının qarşısının alınması üçün Serbiya qüvvələrinə hava zərbələri endirdikdən sonra Belqrad Kosovo əyaləti üzərində nəzarətini itirib. Kosovo 2008-ci ildə müstəqilliyini elan edəndən bəri, Belqradla Priştina arasında münasibətlər gərgin olaraq qalır. ABŞ başda olmaqla 100-dən çox ölkə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya və Serbiya isə bundan imtina ediblər. Putin deyib ki, Kosovonun ordu yaratmaq qərarı qanunsuzdur. Kosovo parlamenti dekabrın 14-də 2500 nəfərlik Kosovo Təhlükəsizlik Qüvvəsini 5000 əsgəri qüvvəsi olan nizami orduya çevirmək qərarı qəbul edib. Belqrad və Kosovonun 120 minlik etnik serb əhalisi Kosovoda ordu yaradılmasının əleyhinə çıxırlar. Onların fikrincə, Kosovoda ordu yaradılması BMT qətnamələrinə ziddir və serb əhalisinə qarşı istifadə edilə bilər. Priştina bu iddiaları rədd edir.
Putin bildirib ki, qəbul olunan qətnamələrə görə, Kosovoda BMT kontingentindən başqa hər hansı silahlı birləşmələrin yaradılması qadağandır. Birləşmiş Ştatlar Kosovonun ordu yaratmaq təşəbbüsünü dəstəkləsə də, NATO qərarın bir qədər "vaxtsız” olduğunu bəyan edib. Putin bu qənaətdə olduğunu bildirib ki, Serbiya və Kosovo arasında Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar arzu olunan nəticələri verməyib. Vuçiç də Belqrad və Priştina arasında daha yaxşı münasibətlərə ümid etdiyini bildirib, lakin deyib ki, bunun tezliklə baş verəcəyinə inanmır. Rusiya lideri bildirib ki, o Serbiya ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasına dair sazişin bu il imzalanacağına ümid edir.
Putin onu da deyib ki, Moskva çoxşaxəli "Türk axını” boru kəmərinin Serbiyadan keçməsi üçün infrastruktur yaradılmasına 1,4 milyard dollar investisiya yatırmağa hazırdır. Layihənin iki boru xətti vasitəsilə Rusiya təbii qazını Türkiyəyə və Cənub-Şərqi Avropa ölkələrinə çatdıracağını dəyərləndirən Putin, Ərdoğanın səfərindən də danışıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da gələn həftə ziyarətimizə gələcək. Türkiyənin "Türk axını” məsələsindəki mövqeyini bilirik. Bu yöndə müsbət işlər var. Türkiyə Avropadakı tərəfdaşları ilə əlaqələrini inkişaf etdirməyə çalışır”. "Türk axını” Rusiya qazını Qara dənizin dibindən keçməklə Türkiyəyə nəql edir və tikintisi ləğv olunmuş "Cənub axını” layihəsini əvəzləyir. Rusiyanın qaz nəhəngi – "Qazprom” şirkəti bildirib ki, Serbiyaya və Avropa İttifaqı üzvü olan Bolqarıstan, Yunanıstan, İtaliya və Macarıstana "Türk axını” ilə nəql olunan qazın potensial bazarı kimi baxır. Birləşmiş Ştatlar isə xəbərdarlıq edir ki, Rusiya bu qaz kəmərindən özünün, regionun enerji təhlükəsizliyi üzərində nəzarətini bərqərar etmək üçün istifadə etməyə çalışır.
Rusiya və Serbiyanı slavyandillilik və pravoslavlıq yaxınlaşdırır. Buna baxmayaraq, Serbiya Avropa İttifaqına inteqrasiya istəyini Moskva ilə bağların saxlanması ilə balanslaşdırmağa çalışır. Bunun üçün Serbiya Avropadan bir qədər fərqli mövqe tutmağa məcbur olub. Belqrad Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb, bunun müqabilində Moskva Kosovonun müstəqilliyini tanımayıb. Moskva habelə, Belqradla güclü hərbi bağlar qurmağa can atır. Rusiya Serbiyaya silah satmaqla yanaşı, bu ölkə ilə birgə hərbi manevrlər keçirir. Buna baxmayaraq, Serbiya əhalisinin böyük bir hissəsi ölkələrinin gələcəyini Rusiya ilə yox, Avropa ilə əməkdaşlıqda görür.
Serbiya və Rusiya arasında uzunmüddətli iqtisadi, mədəni və dini münasibətlər kök salıb. "Rusiya Belqradla güclü hərbi əlaqələr yaradıb, onu ağır texnika ilə təchiz edir, Serbiya qüvvələri ilə birgə manevrlər keçirir. Ancaq serblərin çoxu Aİ-nin onlar üçün Rusiyadan daha yaxşı gələcək model olmasına inanır”, - deyə  London İqtisadiyyat Məktəbinin professoru Ceyms Ker-Lindsay bəyan edib.
Yeri gəlmişkən, Putin Vuçiçi "Aleksandr Nevski” ordeni ilə təltif edib. Bu mükafat dövlət qulluğunda azı 20 il çalışanlara verilir, əcnəbilərə isə nadir hallarda təqdim olunur. Onu da qeyd edək ki, Putinin serblər arasında populyarlığı yüksəkdir. "Faktor Plus”un keçirdiyi sorğu, respondentlərin 57 faizinin Rusiya liderini ən etibarlı xarici siyasətçi saydığını üzə çıxarıb.
 
Kamran

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9284
GEL 1 1 Gürcüstan larisi 0.6418
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2203
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.6975
KWD 1 1 Küveyt dinarı 5.601
TRY 1 1 Türkiyə lirəsi 0.3215