• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

Putin Ruhani ilə Xəzərin statusunu müzakirə edəcəkmi?

13.09.13 08:51 1354
Putin Ruhani ilə Xəzərin statusunu müzakirə edəcəkmi?
Suriyanın başının üstünü alan hərbi müdaxilə ehtimalı İran ilə Rusiyanı yenidən bir-birinə yaxınlaşdırıb. Rusiya çox gözəl anlayır ki, Suriya məsələsi həllini tapan kimi növbədə İrandır. Və İran məsələsi də həll edildikdən sonra Birləşmiş Ştatlar düz Rusiyanın sərhədləri yaxınlığına gəlib çıxmış olacaq. Kreml də bunun baş verməməsi üçün əlindən gələni edir.
Rusiya İranın başının üstünü alan təhlükəni sovuşdurmaq üçün bu ölkə ilə hərtərəfli əməkdaşlığı genişləndirmə siyasətini davam etdirir. Ötən gün Rusiya kütləvi informasiya vasitələri İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putinin görüşəcəyi barədə məlumat yaydılar. Əvvəlcə Putinin Tehrana səfər edəcəyi məlumatı yayılsa da, sonradan ikitərəfli görüşün Qırğızıstanın paytaxtı Bişkekdə baş tutacağı bildirilib. “İran və Rusiya prezidentləri arasında ikitərəfli görüş sentyabrın 13-də keçiriləcək” - deyə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, görüş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində baş tutacaq. Görüşdə hərbi və texnoloji sahələrdə əməkdaşlıq müzakirə ediləcək.
Bu görüş ərəfəsində isə sensasion bir məlumat yayılıb. Belə ki, Rusiyanın “Kommersant” qəzeti rəsmi mənbələrə istinadən rəsmi Moskvanın Tehrana 5 ədəd “S-300” kimi tanınan “Antey-2500 S-300 VM” zenit-raket kompleksi təhvil verməyə və Buşəhr Atom-Elektrik Stansiyasında ikinci enerji blokunun inşasına hazır olduğunu yazıb. Ancaq bunun üçün ilkin şərt olaraq İranın müqaviləni yerinə yetirmədiyinə görə “Rosoboronexport”a qarşı qaldırdığı 4 milyard dollarlıq iddianı geri götürməsi istənilir. Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə “S-300” PMU-1 zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd “S-300” PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv etdi. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.
Çox güman ki, prezidentlərin görüşündə Xəzərin hüquqi statusunun müəyyən olunması ilə də bağlı məsələ gündəmə gətiriləcək. Bəlli olduğu kimi, hər iki dövlət Xəzərdə üçüncü dövlətin hərbi iştirakının qəti şəkildə əleyhinə çıxır. Son günlərə kimi gündəmdə Qazaxıstanın Aktau hərbi limanında Əfqanıstandan çıxarılacaq NATO qoşunlarının yerləşdiriləcəyi barədə məlumatlar yer almışdı. Və bu planın qəti şəkildə əleyhinə çıxan Moskva bunun yolverilməz olduğunu bəyan edib. Bu mövqedə İran da barışmaz mövqe sərgiləyir. Hər iki dövlət dənizdə birgə hərbi təlimlər keçirmək barədə də qərar qəbul ediblər. Hərbi təlimlərə Rusiyanın Həştərxanda yerləşən hərbi dəniz donanması qatılacaq. Bu yaxınlarda Rusiya hərbi donanması İranın Ənzəli liman şəhərinə də təşrif aparıb. İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər - “Peykan” və “Cuşan” isə Həştərxan sahillərində görünüb. Qeyri-rəsmi xarakter alan bu səfər ilk dəfədir ki, baş tutub. Qərb nəşrləri yazır ki, bu, Rusiya və İranın Xəzərdə öz mövqelərini gücləndirmək istəyi ilə bağlıdır. Xəzər donanmasının komandan müavini Nikolay Yakubovski bildirib ki, ilin sonunda dənizdə birgə hərbi təlimlər, o cümlədən Xəzər donanmasının İran limanlarından birinə keçirilməsi planlaşdırılır.
Xəzər dənizinin statusu və hüquqi məsələlərlə bağlı ziddiyyətlərə baxmayaraq, İran və Rusiyanın dənizdə geostrateji maraqları üst-üstə düşür. Hər iki ölkə həm də hərbi təhlükəsizlik və dənizdə üçüncü dövlətin iştirakının yolverilməz olması ilə də bağlı həmrəydir. Rusiyalı hərbi ekspert Vladimr Popov hesab edir ki, iki ölkə arasında münasibətlər Qazaxıstanın və Azərbaycanın maraqlarından belə yaxındır: “Belə ki, sonuncu hər iki ölkə NATO ilə sıx əməkdaşlığın tərəfdarıdır”.
Yeri gəlmişkən, son illər Xəzəryanı dövlətlərin hamısı istisnasız olaraq özlərinin hərbi donanmalarını gücləndiriblər. Bu sürətli silahlanmanın ən fəal iştirakçıları da Rusiya və İran olub. 2012-ci ildə Rusiya Xəzər sahillərində, Azərbaycanla sərhəd yaxınlığında “Bal-E” mobil raket kompleksini yerləşdirib. Bu sistem 120 km məsafədə dənizdəki hədəfləri vurmaq iqtidarındadır. Xəzər donanmasının tərkibinə, həmçinin “Kalibr-NK” universal raket kompleksinə malik “Dağıstan” adlı raketdaşıyan gəmi də yerləşdirilib. Bu sistem bir neçə raket tətbiq etmək kimi xüsusiyyətlərə malikdir. Bu il ərzində Xəzər donanmasının tərkibinə “Uqliç”, “Qrad Sviyajsk” raket gəmiləri də daxil edilib. İran isə 2013-cü ildə yeni “Camaran-2” esminesini suya buraxıb. Həştərxana gətirilən “Peykan” və “Cuşan” raket katerləri də İran gəmi zavodlarında istehsal edilib.
Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Sergey Mixeyev hesab edir ki, Xəzəryanı dövlətlər arasında problemləri hərbi yolla həll etmək ehtimalı var və bu səbəbdən də onlar silahlanırlar. Onun qənaətincə, bu, çox gözlənilməz nəticələrə gətirib çıxara bilər. Ölkəsinin mövqeyini müdafiə edən ekspert iddia edib ki, Rusiya ona görə silahlanır ki, məsələnin konstruktiv yolla həllinə çalışır. Bu istiqamətdə isə ona məhz İran kömək edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər