• şənbə, 20 Aprel, 15:22
  • Baku Bakı 23°C

Putin Paşinyanı necə aşağıladı?

02.10.19 15:38 1304
Putin Paşinyanı necə aşağıladı?
Forpost damğası üzərində əbədi həkk olunan Ermənistanda ötən gün Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin növbəti toplantısı keçirildi. Maraqlıdır ki, bir vaxtlar Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını zəruri tələb kimi ortaya qoyan, hətta bununla bağlı müvafiq qanun layihəsi hazırlayan Nikol Paşinyan bu gün artıq həmin təşəbbüsünü yada belə salmaq istəmir. Əksinə, guya quruma üzvlüyün ermənilərin milli maraqlarına uyğun olduğunu iddia edir. Əksəriyyət gözəl anlayır ki, bu qurumun Ermənistana heç bir faydası yoxdur və erməniləri Kreml zorən ora üzv qəbul etdirib. Bu ölkəni iqtisadi və siyasi cəhətdən perspektivsiz dövlət kimi görürlər. Ermənistana nə investisiya yatıran var, nə də kredit verən. Nəticədə də hökumət yüksək faizlə kredit almağa girişir. Məsələn, "Past” yazır ki, Ermənistan yaxın vaxtlarda büdcəyə xidmət etmək üçün 250 milyon dollar dəyərində yeni kredit götürməyi planlaşdırır. Məlumata görə, bu mövzuda ilkin danışıqları baş nazirin müavini Mger Qriqoryan və maliyyə naziri Atom Djandjuqazyan aparıblar. Kreditin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən güzəştli şərtlərlə veriləcəyi bildirilir.
Avrasiya İqtisadi İttifaqından isə heç bir investisiya və yardım yoxdur. Ermənistanın heç bir mənfəət vermədiyini dəfələrlə Aİİ-yə daxil olan üzv dövlətlərin rəhbərləri də bildiriblər. Təşkilat daxilində problemlər də durmadan artır. Belarus, Qazaxıstan prezidentləri də dəfələrlə bunu bəyan ediblər. Beləliklə, qayıdaq Yerevan sammitinə. Hakimiyyətdə olduğu müddətdə bir dəfə də olsun rəsmi səfərlə heç bir ölkənin rəhbərini qəbul etmək şərəfinə nail olmayan Nikolun üzündəki sevinci başa düşmək mümkündür. Sevincindən hətta onlarla selfi də çəkdirib. Zirvədən sonra avtobusda liderlərə selfi çəkdirmək xahişini edib. Selfidə Rusiya lideri Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Nikol Paşinyan, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev yer alıb. Fotonu şəxsi sosial media hesabından paylaşan Paşinyan "Avtobus selfisi. Bu qısa müddətdə əhəmiyyətli məsələləri həll etdik” sözlərini yazıb. Rusiya prezidentindən başqa, bütün dövlət başçıları sentyabrın 30-da Yerevanda olub. Vladimir Putin Ermənistan paytaxtına oktyabrın 1-də, Parisdən, keçmiş Fransa prezidenti Jak Şirakın dəfn mərasimindən sonra gedib.
Maraqlıdır ki, tədbirlə eyni vaxtda Yerevanın mərkəzində Avrasiya İqtisadi İttifaqı sammitinin reallaşmasına və Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinə etiraz olaraqaksiya keçirilib. Məlumatı "Novosti Armeniya” yayıb. Bildirilir ki, aksiyanın təşəbbüskarıErmənistanınrəsmi dövlət qeydiyyatı olmayan Avropa Partiyasıdır. Bu təşkilat Ermənistanın NATO-ya üzvlüyünün tərəfdarıdır. Hakimiyyət dərhal bu aksiyadan sonra Rusiyanın Yerevandakı səfirliyi qarşısında Rusiya və Avrasiya İqtisadi İttifaqı tərəfdarlarının aksiyasını təşkil edib. Erməni mediası yazır ki, iclasda iştirak etmək üçün oktyabrın 1-də Yerevana gələn Vladimir Putin Rusiya səfirliyində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryan ilə görüşüb. Bu barədə Ermənistanın "Aysor” nəşri yazıb. Ermənistanın sabiq prezidentinin ofisi və Rusiya səfirliyi bu məlumatı şərh etməyiblər.
Tədbirdə iştirak etmək üçün Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinə erməni tərəfi ARM 007 dövlət nömrəli "Mercedes” miniveni ayırıb. Lakin Putin Yerevan küçələrində özünün Rusiya dövlət nömrə nişanlı "Aurus” limuzini ilə hərəkət edib və erməni tərəfinin ayırdığı "Ceyms Bond nömrəli” avtomobil onun mətbuat katibi Dmitri Peskovun, habelə beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun ixtiyarında qalıb.
"Kommersant” isə tədbirlə bağlı təqdim etdiyi reportajda erməniləri aşağılamaqdan da çəkinməyib. Qəzet yazır ki, Putin Paşinyanla, sözün əsl mənasında forpost kimi rəftar edib. Qəzetin məlumatına görə, pilləkənlə qalxan zaman Putin Paşinyana barmağı ilə hara getməyi göstərib. Bu zaman insident də yaşanıb. "Rustavi-2” telekanalının əməkdaşı qışqıra-qışqıra Putində, işğal etdikləri ərazilərdən çıxacaqları barədə vədini yerinə yetirməməklə bağlı sual verib. Məqalədə də bildirilir ki, quruma üzv dövlətlər arasında münasibətlər elə də sadə deyil. Bunlar artdıqca, hansısa bir məsələ ətrafında razılığa gəlmək də çətinləşir.
Sammit zamanı Vladimir Putin Nikol Paşinyanla və Həsən Ruhani ilə danışıqlar aparıb. İclasın gündəliyinə qurumun ümumi maliyyə bazarının formalaşdırılması, konsepsiyasının təsdiq edilməsi, 2020-ci il üçün Aİİ büdcəsi və nəqliyyat və energetika sahəsinə aid qanunvericilik üzrə qərarlara dair məsələlər daxil edilib. Aİİ-in cari fəaliyyətinə aid məsələləri, inteqrasiya prosesləri inkişafının perspektiv istiqamətləri, Aİİ vahid bazarının fəaliyyətinin təkmilləşdirilməsi və iqtisadiyyatın əsas sektorlarında əməkdaşlığın genişləndirilməsi yollarını, həmçinin üçüncü ölkə və birliklərlə iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Geniş tərkibdə iclasda Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu olan Moldova prezidenti İqor Dodon və fəxri qonaq kimi dəvət olunmuş dövlət başçıları - İran İslam Respublikası prezidenti Həsən Ruhani və Sinqapurın baş naziri Li Syan Lun iştirak ediblər.
Paşinyan Ruhani ilə görüşündə deyib ki, Tehran və Yerevan arasında münasibətlər yüksək səviyyədə qalmaqda davam edir. Ermənistan baş naziri bunu da deyib ki, Yerevan Tehranla münasibətlərin, imkan daxilində, geosiyasi təsirlərdən kənarda qalmasını istəyir. Bu, Ruhaninin Ermənistana bu ölkədə baş vermiş "məxməri inqilabdan” sonra ilk səfəridir.
"Biz dost və qonşu Ermənistanla bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi və genişləndirilməsinə tərəfdarıq. Biz sizin hökumətinizlə yeni proqramların işlənməsi və reallaşdırılması, qaz-elektrik enerjisi mübadiləsi proqramının genişləndirilməsinə tərəfdarıq” deyən Ruhani əlavə edib ki, İran Ermənistana qaz enerjisinin elektrik enerjisinə çevrilməsində, külək və günəş enerjisindən istifadə proqramlarında dəstək verə bilər.
İran prezidenti bunu da qeyd edib ki, onun ölkəsi Ermənistanla nəqliyyat infrastrukturlarının yaradılması sahəsində əməkdaşlığa hazırdır. Tərəflər habelə dəmir yolu, yüksək texnologiyalar, gömrük, elm və turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ruhani deyib ki, baş nazir Paşinyanın İrana səfərindən sonra iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb.
Ruhani bildirib ki, Tehran Yerevana Meğri su elektrik stansiyasının inşasında kömək edə bilər.
Tərəflər habelə Fars körfəzindən Qara dənizə tranzit yolları layihələrini müzakirə ediblər.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunublar. Paşinyan İran prezidentinə Qarabağ məsələsində "ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib.
Öz növbəsində Ruhani bu münaqişənin dinc vasitələrlə və bütün tərəflərin maraqlarının nəzərə alınması ilə həllinin vacibliyini vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər