• çərşənbə, 24 Aprel, 18:21
  • Baku Bakı 23°C

“Putin Krımın işğalına tarixi-hüquqi don geyindirməyə cəhd edir”

19.04.14 08:59 1540
“Putin Krımın işğalına tarixi-hüquqi don geyindirməyə cəhd edir”
Rusiya Federasiyasının prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarını cavablandırarkən Krım tatarlarının reabilitasiyası ilə bağlı fərman hazırlandığını bildirib. Krım tatarlarının Stalin repressiyalarından çox əziyyət çəkdiyini deyən Putin qeyd edib ki, yarımadanın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi Krım-tatar xalqının haqlarının bərpası ilə paralel aparılmalıdır.
XVIII əsrdə Krım Rusiya imperiyasına birləşdirilərkən II Yekaterinanın Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasını nəzərdə tutan Fərman imzaladığını xatırladan Rusiya prezidenti bu siyasətin davam etdiriləcəyini vurğulayıb. Eyni zamanda bildirib ki, Stalin repressiyaları zamanı təkcə Krım tatarları deyil, ermənilər və almanlar da əziyyət çəkiblər. II Dünya Müharibəsi dövründə deportasiya edilən bir sıra xalqların hələ 1950-ci illərdə bəraət aldığını nəzərə alsaq, Krım tatarlarının niyə o zaman deyil, məhz indi geri qaytarılması sual doğurur. Bununla yanaşı, Rusiya prezidentinin imzalayacağı Fərmanda Stalin repressiyalarından Krımda yaşayan ermənilərin əziyyət çəkməsi barədə bəndlərin yer alacağı da diqqəti çəkir.
Bununla bağlı “Kaspi”yə açıqlama verən millət vəkili, professor Musa Qasımlı Krımın tarixi türk-tatar torpaqları olduğunu xatırladıb. O, vaxtilə çox zəngin tarixi olan Krım xanlığının mövcudluğuna diqqət çəkərək, 1783-cü ildə çar Rusiyasının bu ərazini Osmanlı İmperiyasından qopardığını vurğulayıb: “Krım işğal edilərək çar Rusiyasının tərkibinə daxil edilib. Bundan sonrakı bütün dövrlər ərzində Krımın taleyi çox acınacaqlı olub. Çarizmin hakimiyyəti illərində Krımın etnik tərkibi dəyişdirilib, demoqrafik şərait tamamilə başqa forma alıb. Az qala yarımada tatarsızlaşdırılıb. Krım tatarlarının acı taleyinin daha bir səhifəsi ikinci dünya müharibəsi illərinə təsadüf edir. Müharibənin sonuna yaxın, daha dəqiq, 1944-cü ildə Stalinin qərarı ilə Krım tatarları yerlərindən, tarixi torpaqlarından sürgün ediliblər. Bu sürgündə başlıca məqsəd SSRİ-nin gələcəkdə Türkiyəyə qarşı ərazi iddialarını, Qara Dəniz boğazları üzərində nəzarət ələ almaq istəklərini təmin etmək idi. Bundan başqa Krım tatarlarının deportasiya edilməsini zəruri edən amil yox idi. Çünki, artıq 1944-cü ildə hərbi əməliyyatlar SSRİ ərazisindən kənarda aparılırdı. Stalinin ölümündən sonra “İsti yumşalma” baş verdi və deportasiya olunan xalqların bir çoxları öz yaşayış yerlərinə qayıtdılar. Əfsuslar olsun ki, Krım tatarlarına belə bir icazə verilmədi. Bu, bir daha sovet dövlətinin Krımı tamamilə tatarsızlaşdırmaq siyasətindən irəli gəlirdi. Yalnız Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra Krım tatarlarının ata-baba torpaqlarına qayıtmasına icazə verildi. Beləliklə də tatarlar sürgün olunduqları ərazilərdən, əsasən də Orta Asiyadan yarımadaya dönməyə başladılar. İndiki şəraitdə Valdimir Putinin Krım tatarlarının reabilitasiyası ilə bağlı Fərman hazırlatması Krım tatarlarının, eləcə də Rusiyada yaşayan tatarların rəğbətini qazanmaq, müsəlman dünyasını öz tərəfinə çəkmək, Ukraynanı parçalamaq niyyətləri güdür”.
M.Qasımlı deyib ki, Rusiya prezidenti tatarların geri qaytarılmasını düşünməkdənsə, birmənalı şəkildə onlara muxtariyyət veriləcəyini söyləsə daha yaxşı olardı. Onun fikrincə, vaxtilə Krım Muxtar Sovet Sosialist Respublikası yaradılanda, digər xalqlar üçün deyil, tatarlar üçün yaradılıb: “Amma indi Krımda tatar dili fakültətiv kurslar kimi keçilir. Simferopol – Ağ Məscid şəhərindəki universitetlərdə tatar dili keçilir. Krım tatarlarının hüquqları tamamilə tapdanmış haldadır. Yarımada çarizm tərəfindən işğal edildikdən sonra bütün çarlar Krım tatarlarına daim zülm ediblər. Stalin dövründə isə SSRİ rəhbəri öz siyasətinə görə Hitlerdən heç də geri qalmayıb. Fikrimcə, Rusiyanın indiki rəhbərləri bütün əvvəlki dövrlərdə yürüdülən siyasətdən imtina edərək, Krıma və tatarlara beynəlxalq hüquq, sivil yanaşma tərzi ilə münasibət göstərməlidirlər. Ümumiyyətlə indiki dövrdə bir dövlətin digər müstəqil bir ölkənin ərazisini işğal etməsi beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərin pozulmasıdır. Rusiyanın hərəkətləri isə faktiki olaraq işğalçılıq siyasətidir. Çünki rus hərbiçiləri tərəfindən zəbt edilən, sonradan referendum yolu ilə müstəqilliyini bəyan edib federasiya tərkibinə daxil olan Krım Ukraynanın ərazisidir. Putinin Krımda tatarlar, ermənilər və sair xalqların hüquqları pozulub deməsi isə əslində yarımadada demoqrafik vəziyyəti dəyişmək, bütün xalqları “bir qazanda qaynatmaq” niyyəti güdür”.
AMEA Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov Vladimir Putinin son bəyanatını Krımın Rusiya tərəfindən işğalına tarixi-hüquqi don geyindirmək cəhdi kimi qiymətləndirib. O, Krımın Ukrayna ərazisi olduğunu bildirərək, 1975-ci ildə Helsinki yekun aktında sərhədlərin toxunulmazlığı prinsipinin öz əksini tapdığını vurğulayıb. Professorun sözlərinə görə, bu sənədin davamı olaraq, 1990-cı ildə Paris xartiyası və 1999-cu ildə İstanbul xartiyasında da dövlətlərin sərhədlərinin dəyişdirilməsinin yolverilməz olduğu qeyd olunub: “Belə olan halda, Putinin indiki bəyanatının mahiyyəti işğalçılıq siyasətinə hüquqi-siyasi-tarixi rəng verməkdir. Çar Rusiyasının, Sovet Rusiyasının və indiki Rusiya Federasiyasının yeritdiyi siyasət ilk növbədə türk dünyasına, o cümlədən Azərbaycan xalqına qarşı işğalçılıq siyasətidir. Əgər Rusiya doğrudan da türk-tatarların qayğısına qalan bir ölkədirsə, o zaman Azərbaycan ərazisində müsəlman türklərinə qarşı rusların törətdiyi cinayətlərə hüquqi-siyasi qiymət versin. Eyni zamanda, Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların öz doğma torpaqlarına qayıtma hüququnu tanısın. 1992-ci ildə Rusiyada ölkənin müstəqilliyi haqqında sənəd qəbul edilib. Həmin sənədlə Rusiya Federasiyası bilavasitə Sovet İttifaqının varisi elan olunub. Əgər belədirsə, Rusiya Federasiyası Sovet Rusiyasının törətdiyi cinayətləri də öz üzərinə götürürsə, onda ilk növbədə Azərbaycan xalqının hüquqlarını, zaman-zaman parçaladığı, itirilmiş Azərbaycan ərazilərini bərpa etməlidir. İndiki halda bu, baş vermirsə, o zaman Putinin hazırlatdırdığı yeni Fərman Rusiyanın riyakarlığını ortaya qoyur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər