AZE | RUS | ENG |

Putin gürcülərə güzəşt etdi

Putin gürcülərə güzəşt etdi
Gürcüstan prezidenti Moskvanı radikal gürcü qüvvələrinin təxribatlarına reaksiya verməməyə çağırıb

Tbilisidə parlament qarşısında 20 gündür ki, daxili işlər naziri Georgi Qaxariyanın istefası tələbi ilə aksiya keçirilir. Bu 20 gündə ölkəni bir-birinə vuran və əsas etibarilə Rusiya ilə münasibətləri kritik həddə çatdıran qalmaqallar da yaşandı. "Rustavi-2” telekanalının efirində Rusiya prezidenti qeyri-etik şəkildə aşağılandı. Nəticədə telekanal bir müddət bağlandı, prezidenti təhqir edən jurnalist işdən qovuldu. Gürcü rəsmiləri ən yüksək səviyyədə olayı pisləyən bəyanatlar versələr də, qarşı tərəfdən sərt sanksiya tələbləri səslənməkdədir. Uzun fasilədən sonra Rusiya prezidenti Vladimir Putun də məsələyə münasibət bildirib. Gözləntilərin əksinə olaraq, o, Gürcüstana sanksiyalar tətbiq edilməsinə dair parlamentdəki çağırışlara müsbət cavab verməyib. Sankt-Peterburqda müxbirlər qarşısında danışan Putin deyib ki, "biz Gürcüstana qarşı sanksiyalardan gürcü xalqına olan ehtiramımıza görə çəkinməliyik”. Prezident bildirib ki, o iki ölkə arasında münasibətləri korlayan heç bir addım atmayacaq. Ona qarşı Gürcüstan televiziyasında səslənmiş şəxsi təhqir məsələsinə işarə edən Putin deyib ki, "bəzi zibillər”in qaraqışqırığını ciddi müzakirə etməyə dəyməz.
Yeri gəlmişkən, DİN rəhbərinin istefasını tələb edənlər onu Rusiyanın adamı olmaqda da ittiham ediblər. Onu Kremlin canişini və Putinin Tbilisidəki nümayəndəsi adlandırırlar.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Putinin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina etməsini şərh edib. Siyasətçi bu barədə "Rustavi 2” telekanalına müsahibəsində danışıb. "Bu, siçanla oynayan pişikdir: ölkəmiz bu vəziyyətdədir”, - Saakaşvili bildirib. Eks-prezident situasiyadan çıxış yolunu ölkə rəhbərliyinin dəyişdirilməsində gördüyünü açıqlayıb.
Gürcü rəsmilərinə isə Putinin bəyanatı göydəndüşmə olub. Prezident Salome Zurabişvili Rusiya hakimiyyətinə səslənərək onları radikal gürcü qüvvələrinin təxribatlarına getməməyə çağırıb. "Rusiya hökumətini eskalasiyaya getməməyə çağırıram. Əgər qonşu ölkə özünün xarakterizə etdiyi radikal qüvvələrin provokasiyalarına cavab versə, bu, paradoks olacaq və bununla onların destruktiv hədəflərinə çatmalarına yardım edəcək. Qeyd etmək istəyirəm ki, bizim dinc siyasətimiz ölkə və regionda stabilliyin saxlanılması üçün yeganə yoldur. Rusiyada yaşayan vətəndaşlarımıza müraciət edirəm. Mən sizin prezidentinizəm və sizin rifahınız bizim üçün çox vacibdir. Bilirəm ki, hakimiyyət bu situasiyada mümkün olan hər şeyi edəcək ki, siz dinc və stabil yaşamağa davam edəsiniz”, - deyə o bildirib.
Baş nazir Mamuka Baxtadze də Rusiya prezidentinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməməklə bağlı qərarına münasibət bildirib. Hökumət başçısı deyib ki, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır. M.Baxtadzenin sözlərinə görə, xalqlar arasında əlaqələr böyük əhəmiyyətə malikdir və son illər bu istiqamətdə irəliləyiş əldə olunub. Baş nazir qeyd edib ki, Gürcüstan cəmiyyətinin qütbləşməsinə cəhdlər qəbuledilməzdir. M.Baxtadze bəyan edib ki, heç kəsə Gürcüstanı həm daxili, həm də xarici siyasətin aqressiv gündəliyinin əsirinə çevirməyə imkan verilməyəcək.
"Rusiya prezidentinin Gürcüstana qarşı sanksiya tətbiq etməməklə bağlı qərarını düzgün addım hesab edirəm”. "İmedi” TV xəbər verir ki, bunu isə xarici işlər naziri David Zalkaliani Putinin müvafiq bəyanatını şərh edərkən bildirib. "Təbii ki, hadisələri izləyirdik və qeyd etməliyəm ki, gərginliyi artıran, vəziyyətin daha da pisləşməsinə gətirib çıxaran o təxribatçı çıxışlar əsla qəbuledilməzdir. Sizdən eşitdiyim Rusiya prezidentinin qərarı, əlbəttə ki, yeganə düzgün addımdır və təqdirəlayiqdir”, - deyən gürcüstanlı nazir ölkədə sabitliyi pozmağa çalışan müəyyən pozucu qüvvələrin fitnələrinə uymamağın vacibliyini vurğulayıb.
Putinin bəyanatının ardınca Gürcüstanın müxalif "Vətənpərvərlər Alyansı” Partiyasının deputatları yaxın günlərdə Moskvaya səfər etmək qərarına gəliblər. Bunu sosial şəbəkədəki səhifəsində partiyanın lideri, Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili paylaşıb. O, səfər zamanı əsas müzakirə mövzusunun Gürcüstan-Rusiya münasibətləri olacağını bildirib. Partiya lideri gürcü deputatların nə zaman Moskvaya göndəriləcəyini və kimlərlə görüşəcəyini açıqlamayıb.
Ölkədə isə maraqlı hadisələr yaşanır. Gürcüstanın ikinci ən güclü adamı sayılan Mamuka Xazaradze ölkədə gərginliyin deeskalasiyası üçün ictimai hərəkat yaradılması bəyanatıyla çıxış edib. Xazaradze bu fikirlərini facebookda paylaşıb. "İctimaiyyətin cari proseslərdə aktiv iştirakı vacibdir və ona görə də fərqli sfera nümayəndələrini birləşdirəcək yeni ictimai hərəkatın əsasının qoyulmasını məqsədəuyğun hesab edirəm. Məhz bu gün sağlam, proqressiv və qərbyönlü ictimaiyyətin birləşməsi və konsolidasiyası mütləqdir. Aydındır ki, yalnız hökumət və ya siyasi partiyaların iştirakı ilə deeskalasiya əldə etmək mümkün olmur”, – deyə o bildirib.
Qeyd edək ki, Xazaradze "TBC Bank” və "TBC Holdinq”in rəhbəridir. Onun "TBC Holdinq”i həmçinin Anakliya limanının tikintisi ilə məşğul olur. Xazaradze Bidzina İvanişvilidən sonra Gürcüstanın ikinci ən güclü şəxsi sayılır. Bir müddət əvvəl bu iki şəxs arasında münasibətlər gərginləşib. Münasibətlərin gərginləşməsinə səbəb hökumətin Xazaradzeyə təzyiqlərinin artmasıdır.
Beləliklə, "Gürcü arzusu” çox çətin duruma düşüb. Hakim partiyanın ciddi struktur problemi yaranıb. Əksəriyyət hesab edir ki, sədrin idarəçilik stili dövləti idarəetmə ilə üst-üstə düşmür. Vəziyyəti gərginləşdirən həm də odur ki, son günlər ərzində "Gürcü arzusu” xalqın gözündə legitimliyini itirməyə başlayıb. Proqnozlar həddən artıq dumanlıdır. Hazırda hakimiyyət üçün yeganə və daha etibarlı variant müxalifəti zəiflətmək və ona güclü bir koalisiya qurmağa imkan verməməkdir. Yaxın bir neçə ay ölkənin həyatında qəti və həlledici olacaq.
 
Azər Niriyev
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965