• cümə axşamı, 28 mart, 19:10
  • Baku Bakı 13°C

Putin erməniləri sevindirəcək?

12.09.19 17:45 540
Putin erməniləri sevindirəcək?
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri ətrafında yaşanan ajiotaj davam edir. Düzdür, Rusiyanın Ermənistandakı səfiri bu səfərin baş tuta biləcəyini istisna etməyib. Lakin hələ ki, vaxta var və planlar hər an dəyişə bilər. Məlumat üçün bildirək ki, Putinin səfəri Avrasiya İqtisadi İttifaqının oktyabrın 1-də keçiriləcək iclası ilə bağlıdır. "Rosbalt” Ermənistanın təşkilatla problemləri, səsləndirdiyi mütəmadi ittihamlar və bu fonda Putinin Yerevana səfərinə həsr etdiyi məqalə dərc edib. Müəllif yazır ki, "məxməri” inqilabdan sonra Ermənistan mütəmadi olaraq Aİİ və KTMT-yə iradlarını səsləndirir. "Onu ən çox özündən çıxaran isə Rusiyadır. Bir sıra erməni KİV-ləri mütəmadi olaraq bu iki bloku tənqid edir. Buna baxmayaraq yeni rəhbərlik hər iki qurumu tərk etməyə, eləcə də, Moskva ilə "bağlılıqdan” uzaqlaşmağa risk etmir. Yalnız bir səbəblə - sərf etmir”, - deyə müəllif yazır. Müəllif əlavə edir ki, Aİ sammiti ərəfəsində erməni cəmiyyəti Putinin Yerevana gəlib-gəlməyəcəyi ətrafında "fal” açır: "İkinci məsələ, Yerevan Aİİ-ni tərk edəcəkmi? Onların qənaətincə, qurumda qalmaq biabırçılıqdır, Ermənistanın suverenliyi və iqtisadi suverenliyini zərbə altına qoyur”. Rusiya nəşri daha sonra erməni kütləvi informasiya vasitələrində yayılan məlumatları önə çəkir. Məsələn, "Past” qəzetində dərc olunan materiala görə, Rusiya, erməni tərəfindən, Putinin islah-əmək müəssisəsinə gedən zaman təhlükəsizliyini təmin etməyi tələb etsə də, qarşı tərəf buna rədd cavabı verib: "Rusiya prezidenti dostu adlandırdığı Robert Koçaryana baş çəkmək istəyir. Erməni tərəfinə sentyabrın 10-na kimi bu məsələni həll etmək üçün vaxt veriblər. Əks halda Putin Yerevana gəlməyəcək. Putin Koçaryan üçün darıxıb və onu görmək istəyir. Onunla deyəsən pivə içəcək”. Ermənistanın "Nyus.am” nəşri və digər resurslar isə belə bir sualla çıxış edirlər – Putin belə olan halda sammiti təxirə salacaqmı? Erməni tərəfi hələ ki, israrla bəyan edir ki, Putin Yerevana gələcək. XİN rəhbərinin müavini Şavarş Koçaryan da bunu təsdiq edib. Erməniləri Putinin mütləq halda gələcəyinə ümidləndirən odur ki, sammitdə İran prezidenti Həsən Ruhani də iştirak edəcək. Ruhaninin gəlməsinə ermənilər gurultulu geoiqtisadi effekt kontekstində böyük ümid bəsləyirlər. Digər tərəfdən bu, onları ABŞ-ın qəzəbinə tuş gətirə bilər. Halbuki, Yerevan ABŞ-dan ciddi həcmdə kömək gözləyir. Düzdür, Paşinyan rejiminin gözləntiləri bir qədər uzanıb və yardımlar daxil olmur ki, olmur.
Materialda daha sonra belə bir sual qoyulur - Bəs görəsən İranla geosiyasi oyuna girmək Ermənistana nəyi vəd edir? Yerevanda "kozır” kimi İranla malik olduğu quru sərhəd götürülür. Ermənistan ümid edir ki, İranla geniş sərhədə malik olması, bu ölkənin Aİİ ilə əməkdaşlığını genişləndirə bilər. İran yükləri, onun ərazisi ilə Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin ərazisinə keçə bilər. Lakin məsələ ondadır ki, Ermənistanın quru sərhədi olan yeganə ölkə Gürcüstanladır. O yol da tez-tez bağlı olur.

Ümumiyyətlə, Rusiyaya qarşı Ermənistanda hücumların ardı-arası kəsilmir. Erməni siyasilər və media ölkənin bədbəxtliklərinin əsl səbəbkarı kimi məhz Rusiyanı görməkdədir. "Ermənistan Rusiya ilə münasibətləri əsnasında öz dövlət maraqlarını qurban verir, Rusiyaya hər şey verir, əvəzində isə heç nə almır”. Bunu parlamentdə millət vəkili Arman Babacanyan bəyan edib. "Bizim KTMT ilə bağlı istənilən fəaliyyətimiz, ancaq Ermənistanın ləyaqəti və suverenliyi hesabına onun, Rusiya maraqlarına qulluq edən qurum statusunu dərinləşdirir”, - millət vəkili Babacanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin tənzimlənməsinə dair qanunvericilik dəyişikləri ilə bağlı müzakirələr zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın KTMT üzvü olaraq Rusiyanın maraqlarına xidmət etməyə məcburdur, bir halda ki, Azərbaycan qurumun üzvü olmaya-olmaya daha böyük imtiyazlara malikdir. Millət vəkili parlament iclasında iştirak edən hökumət nümayəndəsi, xarici işlər nazirinin müavini Şavarş Koçaryandan Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmaq istədiyinə dair məlumatlarla tanış olub-olmadığını və bununla bağlı "mümkün risklərin qarşısını almaq üçün” nə edildiyini soruşub.
XİN rəsmisinin sözlərinə görə, başqa ölkə və beynəlxalq təşkilatlara qurumda müşahidəçi statusunun verilməsi KTMT nizamnaməsi ilə tənzimlənir, lakin müəyyən qeyri-dəqiqliklər var, odur ki, sənədlərdə bu proses və namizədlər üçün nəzərdə tutulan tələblər dəqiqləşdirilməlidir. Parlamentin Xarici Məsələlər üzrə Komissiyasının sədri Ruben Rubinyan KTMT tərəfdaşı, yaxud müşahidəçi statuslarının konsensus əsasında təqdim olunduğunu bildirib və "Ermənistanın bu məsələdə mövqeyi qətidir”, deyib. "Biz hər hansı bir ölkənin KTMT-də tərəfdaş, yaxud müşahidəçi olmasını istəsək - olarlar... Lakin Azərbaycan KTMT-də nə tərəfdaş, nə də müşahidəçi olacaq, çünki Ermənistan konsensus təmin etməyəcək. Hər şey bu qədər aydındır", - Ruben Rubinyan bildirib. O, deputat həmkarına "Ermənistanın acizliyi və bacarıqsızlığı barədə ehtimalları bir yana qoyub, Ermənistanın böyüklüyü, suverenliyi və öz maraqlarını müdafiə etməyə qadir olmasına” əmin olmağı məsləhət görüb. Arman Babacanyan ötən həftə "İşıqlı Ermənistan” fraksiyasını tərk edib, hazırda bitərəf deputat kimi çıxış edir.
Babacanyan yenidən tribunaya qayıdıb, Rusiyanın Ermənistanın müstəqilliyi və suverenliyinə qəsd etdiyini israr edib. "Konstitusiya qurumunu devirmək kimi ağır cinayət törətməkdə ittiham olunan bir şəxsə (Robert Koçaryana nəzərdə tutulur) Rusiya Federasiyası prezidentinin təbriknamə göndərməsi - bu, bizim suverenliyimizə təhdiddir, ya yox?” - millət vəkili sual edib. "Rusiya hüquq-mühafizə sistemi Ermənistanda axtarışa verilmiş keçmiş yüksək vəzifəli rəsmiyə dair xüsusi münasibət bəsləyir - bu, qəsddir, ya yox?", - Babacanyan xüsusilə böyük məbləğdə vəsaitlər mənimsəməkdə ittiham olunan sabiq məhkəmə qərarlarının məcburi icrası departamentinin rəisi, general Mihran Poqosyanı nəzərdə tutur. "Və siz, bütün bu hallarda səsinizi belə çıxartmayıbsınız”, - millət vəkili deyib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər