• cümə, 29 Mart, 16:17
  • Baku Bakı 14°C

Pusqudan çıxan şir – Elvin Mürsəliyev - Portret

22.06.15 11:04 3147
Pusqudan çıxan şir – Elvin Mürsəliyev - Portret
Kitabla sakitləşən, tatamidə coşan güləşçi
Azərbaycanın müstəqillik tarixində ən böyük hadisələrdən biri – ilk Avropa Oyunları tam sürətlə davam edir. İyunun 12-də möhtəşəm açılış mərasimi ilə nəinki “köhnə”, ümumilikdə bütün dünyanın rəğbətini topladıq. Rəngarəng, unikal və ecazkar tədbirdən bir neçə saat sonra isə idmançılar qızğın yarışların alovuna atıldılar. Azərbaycanın tarixən güclü olduğu, milli idman növü sayılan güləşdəki uğurları özünü gözlətmədi. Ard-arda gələn bütün ayarlarda medallar aktivimizə yazıldı. Ki, onlardan biri də Yunan-Roma güləşində idi. 75 kq çəki dərəcəsində fəxri kürsünün zirvəsinə qalxan Elvin Mürsəliyevi ölkə başçısı, cənab İlham Əliyev şəxsən təbrik etdi. Bu şərəfə nail olan idmançını çoxları yaxından tanımırdı. Odur ki, Avropa Oyunlarında zirvəyə qalxan güləşçinin haqqındakı bu boşluğu aradan qaldırmaq qərarına gəldik.
Dəcəl uşaq
17 avqust 1988-ci ildə Bakıda anadan olan Elvin Mürsəliyev bir çox həmkarları kimi kiçik yaşlarında çox dəcəl, “bir yerdə durmaz” biri olub. Bu səbəbdən də çıxış yolunu onu idmana yazdırmaqda görüblər. Əmisi oğlunun maraqlandığı Yunan-Roma güləşiylə yavaş-yavaş məşğul olmağa başlayıb. Sonra isə əl çəkə bilməyib və həyatını tatamidəki bu “pəhləvanlar rəqsi”nə həsr edəcəyini müəyyənləşdirib. Qısa müddət ərzində bütün həmyaşıdlarından güclü olduğu ortaya çıxan Elvini məşqçiləri diqqət mərkəzinə alırlar. 1999-cu ildə ölkənin klublararası çempionatında çıxış edən gənc güləşçi ilk cəhddən qələbə ilə iddiasını göstərir. Sonra isə enişli-yoxuşlu karyera başlanır.
Bir kitab çempionluq
Mürsəliyevin Avropa Oyunlarına qədər qazandığı nəticələr onun Bakıda əldə etdiyi qızılın təsadüfi olmadığına işarədir. Artıq 10 ildir beynəlxalq yarışlarda ölkəmizin şərəfini qoruyan Elvin ilk dəfə 2005-ci ildə Albaniyada yeniyetmələrin Avropa çempionatında çıxış edib. Orada bürünc medalla fəxri kürüyə qalxıb. Gənclərin yarışında 2007-ci ildə Çindəki dünya çempionatında gümüş, bir il sonra Türkiyənin İstanbul şəhərində isə qızıl medal əldə edib. Böyüklər arasında 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında gümüş, bir il sonra paytaxtımızda keçirilən Qızıl Qran-Pridə və Fransadakı “Kristo Lutte” turnirində eyni nəticə, 2012-ci il Bakı Qızıl Qran-Prisində bürünc, həmin il “Moskva işıqları” beynəlxalq turnirində qızıl, 2013-cü ildə Sankt-Peterbuqrdakı “Ümumdünya Döyüş Oyunları”nda gümüş, ötən il “Vehbi Emre” turnirində bürünc medal qazanıb. Məhz sonuncu bu turnirdən Mürsəliyevin Avropa Oyunlarında zirvəyə çatan yüksəliş xətti start götürüb. Azərbaycan çempionu və mükafatçısı, ölkə kubokunun sahibi titullarının sahibi olan Elvinin Finlandiyanın Vantaa şəhərindənki Avropa çempionatı, Tehrandakı Dünya Kubokunda bürünc, Bakıdakı “Qızıl Qran-Pri”də qızıl, Daşkənddəki dünya çempionatı və “Moskva işıqları”nda bürünc medallarından sonra yalnız qızıllar gəlib. Parisdəki Qran-Pri və Tehrandakı Dünya Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımız bir neçə gün əvvəl tarixi uğura imza atdı.
“Ulduz xəstəliyi”
Böyüklər arasında Avropa çempionatında fəxri kürsüyə qalxandan sonra tutulduğu “ulduz xəstəliyi” az qala karyerasını məhv edəcəkdi Elvinin. Özü də etiraf edir ki, həmin vaxtlarda ayağı yerdən üzülmüşdü. Məşqlərə barmaqarası yanaşır, hamını yarımgüclə yenə biləcəyinə inanırdı. Reallıqda isə durum fərqliydi. Yalnız ardıcıl yenilgilərdən sonra ayılan Mürsəliyev anlayır ki, çalışmadan, əziyyət çəkmədən heç nəyə nail olmaq olmaz və bir qələbə hələ yüzlərlə qələbə demək deyil. İdmançı həyatı daima rəqabət, mübarizə, döyüş deməkdir.
Səbir və gücün sintezi
Hər idmançının öz güclü tərəfləri olur. Avropa Oyunları zamanı Mürsəliyevin soyuqqanlı güləşçi olduğunu sezdik. Buna qədər də belə olub. Məşqçiləri də etiraf edir ki, Elvin fiziki cəhətdən çox güclü, pəhləvan enerjisinə malik biridir. Tatamidə tələskənliyə yol verməyən, ikinci planda güləşərək rəqibinin səhvini gözləyəndir. Ani ehtiyatsızlığı belə bağışlamır və bir həmləyə var gücünü qoyaraq qarşısındakını təslim edir. Sanki kölgədən ildırım sürətiylə çıxıb ovunu asan yemə çevirir. Səbir, dözümlülük və maksimum konsentrasiya Mürsəliyevin mübarizə şüarıdır. Avropa Oyunlarındakı görüşlərində rəqiblərinə çox az xal verməsi bunun daha bir sübutudur.
Mütaliə həvəskarı
Adətən idmançılar arasında savadlı, yetərincə mütaliəsi olanları barmaqla sayılacaq qədərdir. Elvin Mürsəliyev bu baxımdan müsbət fərqləndirə biləcəyimiz biridir. Kitab oxumayanda özünü pis hiss edən pəhləvanımız, detektiv janrın həvəskarıdır. Respublika Olimpiya İdman Liseyini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Mürsəliyev yerli yazıçılardan Çingiz Abdullayev və Elxan Elatlı, əcnəbilərdən Aqata Kristini oxuyur. Özünün dediyinə görə, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” əsərindən çox təsirlənib, düz bir həftə davamlıolaraq əsərdə cərəyan edən hadisələri yuxusunda görüb.
Fəlsəfi fikirlər
Əslində, kitablar ona çox şey verib. Özü də deyir ki, mütaliə hesabına güləşdəki çatışmazlıqlarını arxada qoya bilib. Karyerasındakı ən böyük rəqabətə də fəlsəfi yanaşması var: “Rafiq Hüseynovla eyni çəkidə idik. İkimiz də güclü, yaxşı güləşçiyik. Ancaq o, mənə qalib gəlirdi. Çünki zəif tərəfimin tez özümdən çıxmağım, səbirsizlik olduğunu bilir, bundan ustalıqla yararlanırdı. Ancaq kitabların hesabına bu pis xasiyyətimi yox edə bildim. Məhz oxuyan zaman sakitləşir, mənəvi hazırlığımı yüksəldə bilirdim. Bunun nəticəsidir ki, indi çempion adını qazana bildim”.
Anaya həsr olunan çempionluq
Elvin üçün Avropa Oyunlarının necə böyük əhəmiyyət daşıdığını təsəvvür etmək çətin deyil. Güləşçi yarışdan əvvəl də, sonra da verdiyi açıqlamalarda bunu aşkar büruzə vermişdi. Oyunlardan bir ay öncə dediklərindən: “Avropa Oyunları dünya çempionatından da nüfuzlu turnirdir. Doğma divarlar arasında keçirildiyindən içi özüm qarışıq bu turnirdə bütün idmançılarımız nailiyyət qazanmaq istəyi ilə alışıb-yanırlar. Komanda olaraq məşqlərə məsuliyyətlə yanaşırıq, bütün proqramları artıqlamasıyla yerinə yetiririk. Əlimdən gələni edəcəyəm ki, üzərimə düşən vəzifənin öhdəsindən artıqlamasıyla gəlim”.
Və qələbədən sonra dedikləri: “Qarşıma çempion olmağı məqsəd qoymuşdum. Şükürlər olsun ki, qızıl medalı qazandım. Ən çətin görüşlərim gürcü və rus güləşçilərlə oldu. Finalda qızılı əldən verməyi ağlıma belə gətirmirdim. Qələbəni anama həsr edirəm. Hər bir idmançının arzusu I Avropa Oyunlarında medal qazanmaqdır. Mən də qızıl medalı qazanmaqla adımı Azərbaycan tarixinə yazdım. Cənab prezidentin bizə göstərdiyi diqqət və qayğı göz önündədir. Dövlət başçısına öz təşəkkürümü bildirirəm. Tamaşaçılar da sağ olsunlar ki, gəlib sona qədər bizə dəstək verdilər. Bu qızıl medalı onlara hədiyyə edirəm”.
O ki qaldı Mürsəliyev Avropa Oyunlarındakı çıxışına, bu, yetərincə inamlı alındı. Rəqiblərinə onu məğlub etmək üçün çox az şans yaradan güləşçimiz yarışa ilk mərhələdən qoşulmuşdu. O, startda slovakiyalı Riçard Riqonu 8:0 yenib. Daha sonra ardıcıl rumın İonel Puskasu (2*:2) və rus Çingiz Labazanov (4:2) idmançımızın qarşısında tab gətirməyib. Yarımfinalda gürcü Zurab Datunaşvilini (3:2) yenən Elvin, finalda serb Viktor Nemesə (5:1) aman verməyib və çempion olub.
Portret
Cəmi bir neçə dəqiqə yetərlidir ki, Elvin Mürsəliyevlə söhbətin təsirinə düşəsən. Sakit, təmkinli, mütaliəli, bəzən fəlsəfi fikirlər belə səsləndirən biridir. İllər öncəki səbirsizliyi, özündən tez çıxması, yersiz əsəbiliyinin yerini kamillik alıb. Yaşadığı çətinliklər üz cizgilərində, baxışlarında əks olunsa da, təslim olmaq onluq deyil. Elvin nə istədiyini, buna necə nail olmağın yolunu bilən, güclü, mübariz, aslan ürəkli pəhləvandır. Avropa Oyunları onun üçün zirvə yox, başlanğıcdır. Artıq şir kölgədəki pusqusundan çıxıb. Tatami onun ov oylağıdır, şikarların isə heç bir şansı yoxdur.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər