• çərşənbə axşamı, 19 mart, 12:31
  • Baku Bakı 8°C

Puşkin və Puqaçov

03.12.18 15:30 16379
Puşkin və Puqaçov
Əvvəli ötən sayda

Amma başqa Puqaçov da var – "Kapitan qızı” və "Puqaçov üsyanı tarixi”ndəki Puqaçov.
Yazılış formasına nəzər saldıqda ilk baxışdan elə təəssürat yaranır ki, hər ikisi eynidir. Amma yenə də bir fərq var: "Kapitan qızı”ndakı Puqaçovu şair yazıb, "Puqaçov üsyanı”ndakı Puqaçovu nasir. Buna görə də eyni Puqaçov alınıb.
"Kapitan qızı”ndakı Puqaçova duyduğumuz heyranlıq qədər, "Puqaçov üsyanı”ndakı Puqaçovdan da üz çevirmək cəhdimiz bərabərdir.
Birincisi, öz vəhşilikləri fonunda yaratdığı xeyirxahlığın namərdlik üzərində qələbəsindən, o cümlədən, minnətdarlıqdan və alicənablıqdan ibarətdir. "Kapitan qızı”ndakı Puqaçov xeyirxahlıq və sevgi məsələsində əsl Puqaçova xas özünəməxsus davranışdan bütünlüklə uzaqdır. Hamını edam edirəm, səni isə əfv edirəm. Özü də bu "sən” insan təbiətinə və müəllifin dahiliyinə arxalansaq, məhz oxucunun özüdür (Hamını edam etdi, məni isə əfv etdi, hər kəsi qarət etdi, mənə isə ənam verdi və s.). Puqaçov Qrinyovun şəxsində hər şeyi bağışlayırdı. Ona görə də biz ona hər şeyi bağışlayırıq.
Düşüncəmizdə "Kapitan qızı”ndan nə qaldı? Onun rəhmi? Edamlar, qarətlər, yanğınlar? Puqaçov ağdərili təsvir edilsəydi daha yaxşı, daha namuslu təsvir edilməliydi, buna görə də qaradərilidir.
"Kapitan qızı”nı ilk dəfə oxuyan (bizim hamımızın başına gəlib) oxucu "Puqaçov üsyanı tarixi”ndən nə gözləyəcək? Elə bu təsvirdə Puqaçov, daha doğrusu, xeyirxah, genişürəkli, rəhmli insan.
Oxucunun əsərin və Puqaçov hadisələrinin ilk səhifələrindən əldə etdikləri:
"...Bu zaman qalanın arxasında dar ağacı qurulmuş, Puqaçov isə əhalinin və qarnizonun etimadını qəbul edərək onun qarşısında əyləşmişdi. Qan içərisində olan yaralı Xarlovu (qalanın komendantı – M.S.) onun yanına gətirdilər. Nizə ilə çıxarılmış gözü yanağından sallanmışdı. Puqaçov onun edamını əmr etmişdi”.
(Mironovun da edamını əmr etmişdi, amma onun gözü yanağından sallanmamışdı. Detalları incələməkdəyəm).
Ertəsi gün Puqaçov komendant Yelaginlə birgə Tatişev qalasını ələ keçirdi.
"Tosqun Yelaginin dərisini soydular. Zalımlar onun piyini çıxarıb yaralarına sürtürdülər”.
("Kapitan qızı”nda heç kimin dərisini soymur, piyini yaralarına sürtmürlər. Çünki Puşkin bilirdi ki, bu kimi təsvirlər oxucunu qəhrəmandan iyrəndirər, ürəyini bulandırar). Ardınca oxuyuruq:
"Onun arvadını döydülər. Valideynləri edam edilmiş dul Xarlovanı qalibin hüzuruna gətirdilər. Puqaçov onun gözəlliyindən vəcdə gəldi və xətrinə yeddi yaşlı qardaşına da rəhm edərək bədbəxt qadını girov götürdü”.
Rəhm etmək – zalıma xas hərəkətdir, zalımlıq özü də adi haldır: kimsə təzim edən kimi əfv etdi, öz tələbi üçün əfv etdi. Və həmin anda ripost (əsasən qılıncoynatmada cavab zərbəsi mənasında işlənən termin – X.N.): "Bizim Puqaçov bu cür rəftar etməzdi, bizim Puqaçov sevgisi xatirinə mütləq azad edərdi.”
...Sevərək deyil, məhz təzim edərək, zira mayor Vedovskinin təzim etməyən dul qadınını həmin anda boğub öldürmək əmri verdi.
Amma Xarlova ilə (qızlıq soyadı Yelagina) olan bu epizodun davamı və sonluğu var.
Bir neçə səhifə (bir neçə həftə və ya ay sonra) növbəti hadisə baş verir:
"Gənc qadın Xarlova yadellini özünə bağlamaq bədbəxtliyini yaşayırdı. O, qadını Orenburqdakı düşərgəsində saxlayır, onun arabasına özü istədiyi zaman ayaq basırdı. Qalanı ələ keçirərkən onun əmri ilə asılanların cəsədlərini dəfn etmək tələbi barədə Ozerə qadının xahişi ilə məktub göndərmişdi. Qadın qısqanc zalımların şübhələrinə rəvac verdiyindən, Puqaçov da eşitdiyi tələblərə güzəştə gedərək girovunu onlara təslim etdi. Xarlova və onun yeddi yaşlı qardaşı güllələndi. Yaralı halda bir-birinə tərəf sürünüb qucaqlaşdılar. Onların otluğa atılmış nəşləri uzun müddət həmin vəziyyətdə qaldı”.
Bütün heyranlıqları bir kənara qoyaq. Yaralarını kiminsə piyi ilə yağlamaq, al-qan içərisində bacısına tərəf sürünən yeddi yaşlı uşağı güllələmək – bədii əsər bunu qəbul etmir, əksinə rədd edir. Puşkin təxəyyülünün gücü ilə digər Puqaçovu vəsf edirdi.
Puqaçovun sevgisi bax, belədir. Puşkin "Kapitan qızı”nı yazdığı ərəfədə həmin Xarlova haqqında xatırladı, zira: "O, (Şvabrin) mənimlə olduqca qəddar rəftar edir. Dedikləri ilə razılaşmasam, düşərgəyə zalımın yanına aparacağı və Lizaveta Xarlovanın başına gələn hadisələrin mənim də başıma gələcəyi ilə hədələyir...” deyə Marya İvanovna Qrinyova məktubunda qeyd edirdi.
Puşkinin "Kapitan qızı”nda nələrisə dəqiqləşdirmədən oxucuya Xarlovanın taleyinin ancaq başlanğıcını təsvir etməsi üçün şərait yaradır. Burada eyni cığırı addımlaya bilməyəcəyini başa düşür.
Və bilavasitə Xarlova epizoduna qədər sətirbəsətir oxuyuruq:
"Puqaçov üsyana qədər edam dirəyinin altında əfv etdiyi serjant Karmitskini katib olaraq yanına götürmüşdü. Karmitski tezliklə onun sevimlisinə çevrildi. Yaitsli (Ural kazak ordusu. 1775-1917-ci illər aralığında Yaits kazak ordusu adlanmışdır. – X.N.) kazaklar Tatişevi ələ keçirib boğduqdan sonra boynuna daş bağlayaraq suya atdılar. Puqaçov onun haqqında məlumat alırdı. Onun Yayka tərəfdə anasını ziyarətə yollandığını deyirdilər. Puqaçov heç bir söz demədən əlini yelləyirdi”.
Puqaçovun dostluğu bu cürdü. İnsanı bu cür sevirdi.
Həmin Karmitskinin taleyi Qrinyovun potensial həyatıdır: əgər Qrinyov Puqaçovla "Kapitan qızı”nın deyil, "Puqaçov üsyanı tarixi”nin səhifələrində görüşmüş olsaydı belə, başına eyni hadisə gələcəkdi.
Burda Puqaçov qorxu səbəbindən sevgili qadını, günahsız uşağı, əziz dostu yoldaşlarının əlinə verən mənəvi qorxağa çevrilir!
– İcazə verin, nəsə tanış gəlir...

Ətrafda şikayətlər eşidilir:
– Bizi qadına dəyişdi!
Günü qadınla keçirib
Səhər özü də qadına çevrildi.
...Barmağının ucunda qaldırır göyə
Gözəl knyaginyanı...

Stenka Razin (Stepan Timofeyeviç Razin, 1630-1671. Eyni zamanda Stenka Razin kimi tanınmışdır. 1670-1671-ci il Rusiya tarixində Pyotr dövrünə qədər baş verən ən nəhəng üsyanın başçısı. Don kazakı – X.N.) haqqında bütün Avropanın nəğmə dediyi, barəsindəki əfsanələri Avropaya, hətta Afrikaya, Amerikaya belə yaydığımız şəxsdir. Zira o, yer kürəsinin bütün diyarlarında hər zaman xatırlanacaqdır.
Puqaçov və Razin – əslində, fərqi yoxdur!
Yoldaşları Razini ələ salır, sataşır, ataman qüruruna toxunurlar. Puqaçovun yoldaşları yaşamaq uğrunda qorxu yaradaraq onu hədələyir. Bu qədər fərqli qurbanlar! (hərəkət və günah arasında fərq).
Barmağıyla qaldırır göyə
Gözəl knyaginyanı...
Razin sevgilisini Volqa çayına özü atır, sanki sulara hədiyyə edir. Puqaçov sevgilisini ətrafdakılara öldürməyə verir, özgə əllərlə öldürür: özündən uzaqlaşdırır. Qadınla bərabər, oğulluğa götürmək fikrində olduğuna şübhə qalmayan günahsız qardaşına da əzab verir.
Razinin hekayəsində faciə, Puqaçovda rəzillik ön plandadır. Razində döyüşçünün cəsarət haqqındakı mülahizələrin ardınca təzahür edən zəifliyi, Puqaçovda həyatdan rəzilcəsinə yapışmaq ideyası nəzərə çarpır.
Razinə qarşı fars qızına görə mərhəmət, Puqaçova qarşı Xarlovaya görə ikrah və nifrət hiss edirik. Bu anda onu məhz öldükdən sonra dörd yerə böldükləri üçün heyfsilənirik.
Razin və fars qızı haqqında nəğmə oxuyan, Puqaçov və Xarlova haqqında susan xalq ən yaxşı hakimdir, nəğməyə aid edilən yararlı, yararsız nəsnələr səviyyəsini yeganə düzgün qiymətləndirəndir.
Amma Puqaçovun ,deyəsən, daha bir rəzil hərəkət edir. O, əmr verir ki, öz sadiq tərəfdaşlarından biri olan, bir neçə gün əvvəl sərxoş vəziyyətdə onunla sözü çəpləşən və nizə atan Dmitri Lısovu gizlicə boğsunlar. "Yoldaşları onları barışdırdı, Puqaçov isə Lısovun ölümündən bir neçə saat əvvəl onunla birlikdə içirdi.”
Xarlova ilə yaxın münasibətdə olur və güllələnməsinə şərait yaradır, Lısovla içir və boğulmasını əmr edir. Bu yerdə Puqaçov quldur dəstəsindəki ən namərd şəxsə çevrilir. Onu təslim etmiş kazak əllərini arxada bağlamaq istədikdə eşidilən "Məgər mən qulduram?” qəzəbli sualına ancaq bu cür cavab vermək olar.
Bəzən onun zalım alçaqlığından şeytancasına yüksəlişi baş verir:
"Puqaçov Volqanın sahilləri boyunca qaçdı. Bu zaman o, astronom Lovitslə qarşılaşdı və bu adamın kim olduğunu soruşdu. Lovitsin səma cisimlərini müşahidə etdiyini öyrəndikdə onun ”ulduzlara yaxın yerdə asılmasını əmr etdi”.
Və sonuncu. "Məhkəmədən əvvəl birdən-birə mənəvi cəhətdən zəiflədiyini dilə gətirdi. Onu tədricən ölüm hökmünə hazırlamaq lazım gəlirdi – "crainte qu'il ne mourût de peur sur le champ” (Onun qəfildən qorxudan öləcəyindən ehtiyat edərək – fransızca)” – Yekaterina Volterə məktubunda izah edir. Amma Yekaterinanın edam etdiyi qiyamçının taleyində maraqlı olmasına əsasən bu məlumatı etibarlı saymaya bilərik: Puqaçovun qorxub-qorxmadığı naməlumdur. Amma bir şeyi dəqiq deyə bilərik ki, o, ölümqabağı cəsurluğu ilə heyrətləndirməyi bacarmadı. Hətta Yekaterina da Volterə məktubunda bunu qeyd edir.
Amma bu edamda daha bir ağır detal var. Təfriqəçi Puqaçov heç zaman kilsəyə getməmişdi, amma edam zamanı bütün xalqın gözləri qarşısında baş kilsəyə tərəf baxaraq tez-tez xaç çevirirdi.
Mənəvi tənhalığa duruş gətirə bilməyib ilkin inamına geri döndü.
Sevgili qadından və dostundan sonra inamını da itirdi.
Ardı var
Marina Svetayeva
Rus dilindən tərcümə edən: Xatirə Nurgül

banner

Oxşar Xəbərlər