• çərşənbə axşamı, 19 mart, 07:22
  • Baku Bakı 8°C

“Pulu şeytan apardı...”

06.10.16 11:15 5492
“Pulu şeytan apardı...”
"Ay qızım, ay qızım... Cavan qızsan, nəsə fikirli görünürsən. Gəl bir falına baxım...”. Qız gedir. "Qızım, qızım... 2 manata baxıram. 2 manata nə verirlər ki, gəl sənə taleyini deyim. Xoşuna gəlməsə, pulunu alarsan...”.

Necə deyərlər, qızın "saqqızını” oğurlayır, qız şəhərin mərkəzində skamyada onu çağıran qaraçıya yaxınlaşır. Əvvəlcə, özünün də dediyi kimi, "əl haqqı”nı alır. Təbii ki, qız pul qabından pulu götürərkən qaraçı boş dayanmır və pul qabına göz atır...
"Qızım, səni tilsimləyiblər (saçından bir tük qırır və əlində tükü düyünləyir), pul qabında böyük məbləğdə pul var. Ver, bu tükü pula büküm tilsimin getsin”. Qız 5 manat uzadır.
- Yoox, böyük pul olmalıdır. Bu təsir etməz. Narahat olma, özünə qaytarıram.
Qız 50 manat verir. Qaraçı saçı bükür, dodağının altında mızıldanır, üfürür və pul yoxa çıxır.
Qız: Pulumu ver...
Qaraçı: Qızım, tilsimin, üzərində olan nəfəs o qədər güclüdür ki, pulu şeytan apardı...
Uzun mübahisələrdən sonra qız 52 manatını fırıldaqçıya verərək oradan uzaqlaşır.

Yəqin ki, bizim şahidi olduğumuz bu hadisə çoxlarının başına gəlib. Etiraf etməliyik ki, istər ziyalısı, istər savadsızı, istərsə də savadlısı- bütün təbəqələrdən olan insanların bir qismi ömründə bir dəfə də olsa falçıya müraciət edir. Kimisi taleyi, kimisi itkisi ilə bağlı, kimisi də problemlərini həll etmək üçün bu yolu seçir.
İstər cahillik deyin, istərsə də bilgisizlik...
Günay da fala inanır. Demək olar ki, bütün işlərini falçı ilə məsləhətləşir. İddia edir ki, fala inanmıram deyən insanların əksəriyyəti baxıcı yanına gedənlərdir: "Fala inanma, falsız da qalma” deyə bir söz var. Başqalarını deyə bilmərəm. Mən fala inanıram. İstər cahillik deyin, istərsə də bilgisizlik. Cadu ilə insan həyatını dəyişmək mümkündür. Allah da cadunu lənətləyib. Əgər cadu, falçı yoxdursa, necə ola bilər ki, Allah olmayan bir şeyi lənətləsin? Qurani-Kərimdə də cadugər sözü hallanır. Bu səbəbdən də cadumu təmizlətdirmək üçün falçılara müraciət edirəm”.
Bəs falçılarla mübarizə aparmaq üçün nə etməliyik? İnsanlar nə üçün falçılara, baxıcılara üz tutur?
"Niyyətin hara, mənzilin ora”
"İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, insanların əksəriyyəti öz problemlərinin sivil yollarla həllini tapmadıqda falçılara və ziyarətgahlara müraciət edirlər və bu onlara sonuncu ümid yeri kimi görünür: "Əslində nə ziyarətgah, nə də falçı heç bir problemi həll etmir. Ziyarətgahdan fərqli olaraq, falçının mövcud problemlərin haradan qaynaqlandığını demək imkanı ola bilər. Bu da yalnız yüksək intellekt sahibi olan ekstrasenslərə aiddir. Digərlərinin əsas məqsədləri insanları onların istəklərinə inandırmağa cəhddir. Əgər kimsə ona deyilənlərə səmimi qəlbdən inanırsa və bunu öz arzusuna, məqsədinə çevirirsə, istəyi reallaşa bilər. Bu, falçıdan deyil, insanların kainatla şüuraltı münasibətlərindən asılıdır. "Niyyətin hara, mənzilin ora” atalar sözü də elə buradan qaynaqlanır”.
Dinşünas alimin sözlərinə görə, insan bir şeyi ürəkdən istəyirsə, mütləq ona nail olur: "İnsanın beynində minlərlə niyyət ola bilər. Yalnız dilə gətirilən arzuya çevrilir və ətrafımızda olan enerji sisteminə qarışaraq kainatın energetikasının bir hissəsi olur. Biz insanlara da, əslində Allahın özü deyil, onun göndərdiyi mələklər kömək edirlər. Onların sayı-hesabı yoxdur. İnsanın istəyi, arzusu onlara enerji vasitəsilə çatır və əksər vaxt onların inandığı arzu, istək reallaşır. Mən paralel dünyaya inanıram və orada olan mələklərin bizimlə əlaqəsinə də şübhə etmirəm. Odur ki, bir şeyi ürəkdən, səmimi qəlbdən istəyin, o, reallaşacaq. Falçıların yanına gedib aldanmayın”.
"Falçılar cinlərlə oturub-durur”
Astroloq Firudin Qurbansoy qəzetimizə açıqlamasında bildirdi ki, falçılıq islam dinində ən böyük günahlardan hesab olunur. Müsahibimizin sözlərinə görə, peyğəmbər falla məşğul olmağı bədənini satan küçə qadınlarının işinə bənzədir: "Falçılıq murdar və Allah qatında bəyənilməyən əməldir. Ona görə də burada halallıqdan söhbət gedə bilməz. Bu, günahdır. Falçının da, cindarın da gördüyü işlər islam dininin əleyhinədir. Falçılar cinlərlə oturub-durur, gözəgörünməyən şər qüvvələrlə əlaqədə olurlar. O cin şeytani təbəqədəndir və falçılara doğru informasiya vermir. Bu mənada falçılar çox böyük günah sahibləridir. Ona görə də onlardan uzaq durmaq lazımdır. Ümumiyyətlə, bu işlə məşğul olanlara müəyyən cəzalar tətbiq edilməli, falçılıq qadağan olunmalı, bir sinif kimi aradan götürülməlidir”.

Astroloq deyir ki, falçılarla mübarizə aparmaq, insanları bu yoldan çəkindirmək üçün maarifləndirilmə aparılmalıdır: "Lakin efirlər daha çox reklam edirlər. Allahın işinə qarışmaq olmaz, falçılar əslində Allahın işinə qarışırlar. Falçılığın heç bir elmi əsası yoxdur. Şeytan nə deyirsə, onu da təqdim edirlər. Bəzən savadlı adamlar belə, onlara üz tuturlar. İnsanlar arasında maarifləndirmə işləri aparılmalı, imana gətirilməlidirlər. İmanlı adam heç vaxt cadugərin, falçının yanına getməz. Son zamanlar telekanallarımızda falçıların reklamı ilə dolu proqramların sayı getdikcə artmaqdadır. Bu verilişlər elə qurulur ki, guya tamaşaçıları maarifləndirirlər, əslində isə bu proqramlarda falçılığın reklamı gedir. Əgər insan falçıya inanırsa, onun həyata baxışında ciddi problemlər var. Əgər fal doğru olsaydı, insanlar bir an öncə nəyin baş verəcəyini öyrənib, hər cür hadisəyə qarşı tədbirli olardılar. Məsələn, zəlzələdən, yanğından, daşqından öncə təhlükəsiz yerlərə çəkilərdilər. Bir an sonra nələrin baş verəcəyi qeyb aləmidir, yəni Allahın elmi çərçivəsindədir və kimsə ora müdaxilə edə bilməz, ordan bir xəbər söyləyə bilməz. Dəhşətli orasıdır ki, bu cür günah işlərlə məşğul olanlar tez-tez Allah adını çəkir, onlara vergi verildiyini söyləyir, özlərinin də gerçək müsəlman olduqlarını iddia edirlər”.
Sabaha ümidi itən insanlar...
"Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli deyir ki, insanların falçılara meyl etməsi onların sabaha ümidlərinin itməsi ilə bağlıdır: "İnsan var Allaha dua edir, hansısa problemin həllini səbrlə, ümidlə gözləyir. İnsan da var ki, falçılara üz tutur. Falçılar, baxıcılar şeytanın əlaltılarıdır. Adətən bir quruluşdan digər bir quruluşa keçəndə, insanların təfəkküründə boşluq yarananda falçılar, baxıcılar inkişaf edir. Məsələn, sovet rejimi dağıldı, sistem çökdü, bir quruluşdan digərinə keçid mərhələsi başlandı. Bundan başqa, müharibələr, kənar təzyiqlər, iqtisadi böhranlar, kütləvi işsizlik, işgüzar təbəqənin ölkəni tərk etməsi maddi-mənəvi cəhətdən ahəngi pozdu. İnsanlar doğrunun harada, yalanın harada olduğunu bilmədilər. Bu səbəbdən də ümid axtarışına çıxdılar. Çünki müharibə dövründə, iqtisadi böhran vaxtında insanlarda ümidsizlik yaranır. Gələcəyi öyrənmək üçün falçılara üz tutur, magiya daşıyıcılarına müraciət edirlər. Amma düşünmürlər ki, onlar bacarsalar özlərinə əlac edərlər. Adətən əksər falçılara fikir versəniz, özləri daha betər vəziyyətdədirlər. Amma dünya yaranandan ağ qüvvələr, qara qüvvələr olub. Qeyri-sabit dövrdə qara qüvvələr meydan sulayırlar. Çox təəssüf ki, bəzən falçıları bəzi məmurlar da dəstəkləyir”.

Astroloqun sözlərinə görə, falçı yanına gedən insanlar imanı zəif insanlardır: "Bütün insanların zaman-zaman müəyyən problemləri olur. Falçı yanına gedən insanların da əksəriyyəti problemli insanlardır. Falçının da ilk sözü onun problemləri ilə bağlı olur və insan da avtomatik düşünür ki, bu hardan bildi ki, mənim belə bir problemim var? Belə olduğu halda biri digərinə məlumatı ötürür və insanlar arasında təbliğat güclü gedir. Maariflənmə zəif olduğu üçün falçılara da tələbat artır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər