• cümə, 29 Mart, 12:16
  • Baku Bakı 14°C

Pulu kim verirsə, musiqini də o sifariş edir

18.04.14 10:06 1065
Pulu kim verirsə, musiqini də o sifariş edir
QHT-lərlə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin qüvvəyə minməsi ilə bu məsələ son günlər KİV-də ən çox diqqət mərkəzində olan mövzulardan birinə çevrilib. Məlum olduğu kimi, dəyişikliklər bəzi xaricdən maliyyələşən vətəndaş cəmiyyəti təsisatları tərəfindən narazılıqla qarşılanıb. Sirr deyil ki, onlar daha çox qeyri-şəffaf fəaliyyəti ilə ad çıxarmış QHT-lərdir. Fəaliyyətini şəffaf şəkildə quran QHT-lər isə qanunvericiliyə dəyişikliyin qüvvəyə minməsini normal qarşılayaraq bunun müsbət addım olduğunu bəyan ediblər.
Xarici donorlardan maliyyələşən QHT-lərin narahatlığınının hansı səbəblərdən qaynaqlanması məsələsini bu günlərdə Haqqın.az saytında yer almış araşdırma və təhlil yazısı bütün çılpaqlığı ilə ortaya qoyub.
Yazıda qeyd olunur ki, xarici donorlar tərəfindən Azərbaycan QHT-ləri üçün nəzərdə tutulan vəsaitlər tamamilə mənimsənilir. Azərbaycandakı qrantyeyənlər dəstəsi bu vəsaitləri öz qərbli kuratorları ilə əlbir şəkildə oğurlayır və mənimsəyirlər: «Bizim “kapitan Qrantın uşaqları” qrant kimi verilmiş maliyyə vəsaitinin oğurlanmasında yalnız öz belaruslu həmkarları ilə yarışa girə bilərlər. Lukaşenkonun devrilməsi üçün ayrılan pulların həcmi Yanukoviç və ya Qəzzafi ilə mübarizə məqsədilə ayrılan pulların məbləğindən on dəfələrlə çoxdur. Belarus QHT-lərinə çatası pullar MKİ-dən gəlir və Litva (ümumən Baltikyanı ölkələr) xüsusi xidmət orqanlarının əli ilə ünvanına çatdırılır. Belaruslu qeyri-formallar öz litvalı kuratorları ilə birlikdə milyonları silib yeyiblər. Elə azərbaycanlı qrantyeyənlər və onların qərbli kuratorları da hətta iki inqilaba bəs edəcək pulları oğurlayıblar!»
Məqalə müəllifi qeyd edir ki, 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Yəni Azərbaycan müxalifətinə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar.
Göründüyü kimi, xaricdən pul alan QHT-lər şəffaf hesabatlılıqdan məhz yuxarıda göstərilən amillər səbəbindən narahat olurlar. Ölkənin müvafiq qurumlarının onların yol verdikləri maxinasiyaların üstünü qanunvericiliyin verdiyi imkandan istifadə edərək aça biləcəyi ilə yanaşı, öz donorlarının onlardan üz döndərəcəyindən də narahatdırlar.
Qrant layihələrinin maliyyəsinin qanunsuz mənimsənilməsi ilk baxışda donorlarla QHT-lər arasında olan problem kimi görünsə də, mənimsənilmiş həmin pulların hansı məqsədlərlə, hansı antiAzərbaycan fəaliyyətinə xərcləndiyi isə cəmiyyəti narahat etməyə bilməz. Adətən xarici donorlar maliyyəni antiAzərbaycan mövqeli şəxslərin rəhbərlik etdiyi qurumlara ayırırlar. Mənimsənilmiş həmin vəsaitlər isə bütün hallarda həmin şəxslərin mahiyyətindən irəli gələrək dövlətin, xalqın mənafeyinə zidd formalarda istifadə olunur.
Ümumiyyətlə xarici donorların maliyyələşdirdiyi QHT-lərin fəaliyyəti ilə bağlı şübhəli məqamlar daim gündəmdə olub. Onlardan ən çox narahatlıq doğuranı belə QHT-lər vasitəsilə ölkənin ictimai-siyasi həyatına xarici müdaxilə təhlükəsidir. Məsələn, xarici qüvvələr bəzən ölkənin daxili siyasi sisteminə təsir göstərmək, dövləti, hökuməti hansısa məsələlərdə güzəştlərə vadar etmək niyyətilə müəyyən müxalif partiyanı maliyyələşdirmək üçün onun ətrafında peyk funksiyasını yerinə yetirən QHT-lərə maliyyə vəsaiti ayırır. Partiyanı birbaşa maliyyələşdirə bilməyən qüvvələr məhz QHT-lər vasitəsilə ona bu yardımı göstərir. Xaricdən alınan maliyyənin qarşılığında həmin partiyanın donorunun sifarişini yerinə yetirdiyi isə sirr deyil.
Deməli, xaricdən ayrılan maliyyə vəsaiti ölkədə vətəndaş cəmiyyətinin inkişafından daha çox, hansısa xarici qüvvələrin maraqlarının reallaşmasına xidmət edir. Belə bir situasiya ilə Azərbaycan cəmiyyəti 2012-ci ildə Bakıda keçirilən «Avroviziyon» mahnı yarışması öncəsi rastlaşmışdı və əlbəttə ki, bu, heç kimin yadından çıxmayıb. Xarici donorlardan pul alan bir sıra QHT-lər daxildə və xaricdə bütün vasitələrdən yararlanmaqla ölkənin imicinə ləkə vurmağa çalışdılar.
Məhz bütün bunlar onu göstərir ki, cəmiyyətin, xalqın milli maraqları nöqteyi-nəzərindən, eyni zamanda bu sektor vasitəsilə korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə ən optimal variant yerli QHT-lərin şəffaf hesabatlılıqla daxili mənbələrdən qidalandırılmasıdır. Artıq bir neçə ildir ki, Azərbaycan dövləti bu istiqamətdə real və effektiv addımlar atır. QHT-lərə Dövlət Dəstəyi Şurası məhz bu məqsəddən irəli gələrək yaradılıb və çox effektiv bir qurumdur. Şuranın bu vaxtadək maliyyələşdirdiyi layihələrin gözdən keçirilməsi, müsabiqələr üçün elan edilmiş istiqamətlərə nəzər salınması əminliklə deməyə imkan verir ki, qurum Azərbaycan dövlətinin, xalqının milli mənafelərini özündə əks etdirən fəaliyyət göstərib və sırf bu yöndə olan layihələrə maliyyə vəsaiti ayırıb. Bu isə onu göstərir ki, Azərbaycan dövləti ölkədə vətəndaş cəmiyyətinin formalaşması işində birbaşa maraqlıdır və bu prosesə hərtərəfli təkan və dəstək verir. Azərbaycan dövlətinin hazırkı resursları imkan verir ki, bu iş davam etdirilsin və daha da genişləndirilsin.
Məqsədəuyğun olardı ki, xarici donorlardan maliyyələşən QHT-lər də öz layihələrini QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim edərək onunla əməkdaşlıq etsinlər. Bu, heç də onların müstəqil fəaliyyətlərinə xələl gətirməz. Çünki əgər onlar hesab edirlərsə ki, dövlətdən qrant almaqla dövlətin nəzarəti altına keçəcəklər, eyni məntiqlə iddia etmək olar ki, xaricdən maliyyələşməklə də xaricilərin sifarişlərinin icraçısı olurlar (hərçənd vəziyyət elə bu cürdür).
Beləliklə də, aparılan təhlillər onu deməyə əsas verir ki, artıq Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyəti və inkişafı üçün hər cür daxili imkanlar var. Bu sahənin şübhəli xarici donorlardan asılılığının aradan qaldırılması isə sırf milli maraqlar nöqteyi-nəzərindən vacib addımdır.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər