• cümə axşamı, 25 aprel, 14:21
  • Baku Bakı 23°C

Pulsuz tibbi müayinə kampaniyası bütün ölkə üzrə davam edir

28.02.14 18:31 2439
Pulsuz tibbi müayinə kampaniyası bütün ölkə üzrə davam edir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası paytaxt Bakı və bütün bölgələrdə davam etdirilir.
Ağdam rayon icra hakimiyyəti başçısının müavini Ağa Zeynalov AzərTAc-a bildirmişdir ki, dövlətimizin səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi olaraq son illər mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, ağ ciyər xəstəlikləri dispanseri və ruhi-əsəb dispanseri üçün binalar tikilib istifadəyə verilmiş, poliklinika şöbəsi əsaslı təmir olunmuş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir. Sakinlər Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən humanitar aksiyanı dövlətimizin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi kimi dəyərləndirirlər.
Rayon sakinləri qrafik əsasında mərkəzi rayon xəstəxanasında və 5 kənd sahə xəstəxanasında müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kənd və qəsəbələrində də əhalinin müayinəsi həyata keçirilir. İndiyədək 10 minə yaxın sakin tibbi müayinədən keçirilmişdir.
Kütləvi surətdə pulsuz tibbi müayinədən keçirilmə Zərdab rayonunda da uğurla davam etdirilir. Rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov bildirmişdir ki, rayon icra hakimiyyəti ilə birgə əvvəlcədən aparılmış ciddi hazırlıq işləri hər kəsin qrafik üzrə hərtərəfli tibbi müayinə olunmasını təmin edir. Ümumiyyətlə, rayon üzrə 40 min nəfər müayinədən keçməlidir. İndiyədək onların 4 min nəfəri hərtərəfli müayinə olunmuşdur. Hazırda hər gün orta hesabla 350 – 400 nəfər müayinəyə cəlb edilir.
Tibbi müayinə mərkəzi rayon xəstəxanasının poliklinikasında, Məlikli, Körpükənd və Əlvənd kənd xəstəxanalarında, habelə 11 həkim məntəqəsində aparılır. Bu tədbirə müxtəlif ixtisaslardan olan təcrübəli həkimlər cəlb edilmişlər. Yaradılmış 3 həkim briqadası isə bu işi yerlərdə - müayinəyə gələ bilməyənlərin evlərində yerinə yetirir.
Yasamal rayonu da ölkədə həyata keçirilən əhalinin dispanserləşdirilməsi aksiyasına qoşulmuşdur. Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.
Rayon icra hakimiyyətinin nümayəndəsi Zöhrab Cəfərov bildirmişdir ki, aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılmışdır. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilmişdir. Fevralın 17-dən bu günə kimi 21 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir.
16 nömrəli poliklinikanın baş həkimi Rövşən Abbasov demişdir ki, onun başçılıq etdiyi poliklinikada fevralın 17-dən 6530 rayon sakini müayinə olunmuş, o cümlədən 1145 nəfər rentgen, 1099 nəfər laboratoriya, 305 nəfər ultrasəs, 278 nəfər elektrokardioqrafiya müayinələrindən keçmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova AzərTAc-a demişdir ki, rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr mərkəzi rayon xəstəxanasında, Xaldan kənd sahə xəstəxanasında və Aran kənd həkim məntəqəsində həyata keçirilir. Fevralın 17-dən indiyədək 9 min nəfərdən çox sakin müayinə olunmuşdur. Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov bildirmişdir ki, bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa 5 həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər rayon xəstəxanasında müalicə edilir. 18 xəstə isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
banner

Oxşar Xəbərlər