• cümə, 29 Mart, 09:38
  • Baku Bakı 5°C

Pulsuz işləməkdən zövq alanlar

06.12.16 13:32 3524
Pulsuz işləməkdən zövq alanlar
Onlar pulsuz işləməkdən zövq alan insanlardır. Çünki gördükləri işin qarşısında qazandıqları təcrübə puldan da önəmlidir. Heç bir mənfəət güdmədən gördükləri işin qarşılığını gələcək həyatlarında layiqincə alırlar. Eynilə həmsöhbətimiz Gülər kimi... Gülər uzun müddət könüllü kimi fəaliyyət göstərib. Hətta istedadlı fiziki qüsurlu insanların cəmiyyətə tanıdılması, onların işinin rahatlaşdırılması üçün əlindən gələni əsirgəməyib. Deyir ki, könüllü gördüyümüz işin qarşılığını həyatı boyu dəfələrlə görəcək: "Adətən gənclər könüllü işləməyin nə qədər çətin olduğundan danışırlar, amma unutmayaq ki, uğura gedən yol məhz könüllükdən başlayır. Könüllü işləmək mənə həyatda bəzi şeylərin qarşılıqsız ola biləcəyini, hər dəfə mənfəət güdmədən sadə bir gülüş, məmnunluqla kifayətlənməyi öyrətdi. Könüllük ürəkdən gələn bir hissdir, hətta gündəlik həyatımızda da könlümüzdən gələn yaxşılıq və hörməti göstəririk. Bunlar gözəl hisslərdir. Hər zaman insanlar deyirlər ki, kim nə əməl edirsə, onun qarşılığını görür. Biz də könüllü olaraq, sidq-ürəklə, heç bir mənfəət güdmədən gördüyümüz işin qarşılığını nəinki bir dəfə, hətta dəfələrlə, həyatımız boyu görəcəyik. Könüllülük insana gözəl dostlar, dəyərli insanlar tanıdır. Qazanca gəldikdə, işlərimizin nəticəsini görmək ən böyük qazancdır”.
Gülər kimi düşünən və könüllü kimi fəaliyyət göstərən minlərlə gənc var. Könüllülər cəmiyyətin önəmli hissəsidir. Dünyada, o cümlədən ölkəmizdə də buna qiymət verilir və dekabr ayının bir günü – 5 dekabr beynəlxalq könüllülər günü kimi qeyd olunur.
Məlumat üçün bildirək ki, MDB ölkələri arasında ilk dəfə könüllülüklə bağlı qanun Azərbaycanda qəbul edilib. Bundan əlavə, Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.9-cu bəndində "Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub.

Könüllülük nədir?

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllüyün məqsədi tapşırıqları yerinə yetirmək, fərdlərə və ictimai təşkilatlara maliyyə dəstəyi olmadan xidmət göstərməkdir. Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür.
"Könüllülüyün yaşı yoxdur”

Sosial-psixoloq Əhəd Kazımov "Kaspi” yə açıqlamasında bildirdi ki, könüllülük gənclər üçün gözəl təcrübə imkanıdır. Müsahibimizin sözlərinə görə, könüllü fəaliyyətin yaşı yoxdur: "İnsanlar ən geci, məktəb yaşlarından bu fəaliyyətə başlamalı və özlərini əməyə öyrətməlidir. Şərt deyil hansısa təşkilatda uzun müddət işləyəsən. Amma hansısa xeyriyyə aksiyasını könüllü şəkildə təşkil edə bilərsən. Könüllü fəaliyyətin insana qazandırdığı ən böyük uğur sosiallaşmadır. İnsan məktəb mühitindən ayrılıb cəmiyyətə inteqrasiya olur və iş prosesini öyrənir. Məktəb, ali təhsil bizə daha çox nəzəriyyə verir. Gənclər təşkilatda könüllü şəkildə işləməklə öz CV-lərini müsbət yöndə istiqamətləndirirlər. Düzdür, bu təcrübə onlara pul qazandırmır, amma pul qazanmağa gedən yolun sirlərini öyrədir”.

"Bizə dövlət tərəfindən qiymət verilir”

Azərbaycanda könüllülük prinsipini ictimailəşdirən və gənclər arasında sevdirən "ASAN Könüllüləri” ilə söhbətləşdik. "ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov bizimlə söhbətində bildirdi ki, könüllülük cəmiyyətin fərdlərinin cəmiyyət maraqlarını öz maraqlarından öndə tutaraq çalışmalarıdır: "Hər bir cəmiyyətin inkişafında və yüksəlişində başlıca rol oynayan amillər həmin cəmiyyətin fərdlərinin sahib olduğu dəyərləridir. Dəyişiklik olmayan cəmiyyət inkişaf da edə bilməz. Könüllülük mənə görə cəmiyyətin fərdlərinin ümumi maraqları, cəmiyyət maraqlarını öz maraqlarından öndə tutaraq çalışmalarıdır. Ümumi maraqlara xidmət edən bu fəaliyyət əslində fərdlərin öz şəxsi inkişaflarına və sahib olduqları dəyərlərə də müsbət təsirini göstərir. Təşkilatımızda olan 9000-dən çox gənclə birlikdə fəaliyyətimiz vahid dəyərlər üzərində qurulub. 3 illik fəaliyyətimiz dövründə də gördüyümüz və reallaşdırdığımız hər bir məsələ ilə bu dəyərləri aşılamağa və yaymağa xidmət etmişik. İstənilən bir gənci ən çox həvəsləndirən, gördüyü işə daha da marağını artıran işinin nəticəsindən çox, onun kənardan necə qiymətləndirilməsidir. "ASAN Könüllüləri”nə hər zaman dövlətimiz tərəfindən, Prezident tərəfindən yüksək qiymət verilib”.
Müsahibimiz deyir ki, indiyədək 140-dan çox layihə, 500-dən çox təlim, 10-larla təşəbbüsə imza atıblar: "Azərbaycanın 7 regionunda 11 fərqli mərkəzində ASAN Könüllüləri fəaliyyət göstərir. Bizim fəaliyyətimiz təkcə ölkə daxilində yox, eyni zamanda ölkə xaricində də gördüyümüz işlərlə aparılır. Biz Azərbaycan gəncliyinin vətənpərvər, dövlətçil, öz inkişafına, təhsilinə diqqət və qayğı ilə yanaşmasını təbliğ etmək istiqamətində işlər görürük və bundan sonra da belə davam edəcəyik. Könüllülük fəaliyyəti hər bir gəncin aid olduğu cəmiyyətə xeyir verməsi, o cümlədən özünü inkişaf etdirməsi, öz gələcək karyerasını planlaması üçün keçməli olduğu vahid mərhələlərdəndir. Bu, eyni zamanda vətəndaşlıq məsuliyyətinin formalaşmasında da vacib rol oynayan məfhumlardandır”.

"Bu dövrdə pulsuz işləmək hünər istəyir”

Allahşükür Məmmədov deyir ki, könüllü kimi işləməkdən zövq alır: "Biz pulsuz işləməkdən və vətəndaşlara xidmət etməkdən zövq alırıq. "ASAN xidmət” Azərbaycan brendidir. Hər bir könüllu də bu brenddə çalışmaqdan zövq alır. Ən əsası da vətəndaşlara pulsuz xidmət etməklə fəxr edirik. Müasir dövrdə pulsuz işləmək hünər istəyir. Hər kəs bunu bacarmaz. Lakin bu, bizim üçün problem deyil. Bizim əsas kriteriyamız pul yox, gülərüz və səbirli olmaqdır. Fəxr edirik ki, biz xalqa xidmət edirik”.

"Bir” Tələbə-Könüllü

Məşhur könüllü proqramlarından biri də Təhsil Nazirliyi tərəfindən hazırlanan "Bir” Tələbə-Könüllü proqramıdır. "Bir” Proqramı tələbə-könüllülərə yeni dostlar qazanmağa, unudulmaz anlar yaşamağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinin inkişafına imkan yaradır. Proqramın həyata keçirilməsində məqsəd tələbələrə könüllülüyün məqsəd və məramının aşılanması, təbliğat - təşviqat işlərinin aparılması, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, tələbə-könüllülər üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülər tərəfindən maraq dairələri üzrə klubların yaradılmasının stimullaşdırılması, tələbə-könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsidir. Proqram 6 müxtəlif istiqamətdən - Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşfet, Zövq al - dan ibarətdir.

Uğurlu gələcək istəyirsinizsə...

İrəli İctimai Birliyi də gənclərin könüllü şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirakına dəstək olur. Birliyin sədri Mirhəsən Seyidov qəzetimizə açıqlamasında bildirdi ki, gənclər gələcəyini yüksək səviyyədə qurmaq istəyirsə o zaman ilk olaraq hansısa humanitar, beynəlxalq təşkilatda və yaxud karyera üçün seçdiyi sahə üzrə fəaliyyət göstərən təşkilatlarda könüllü olaraq fəaliyyət göstərməyə başlamalıdır: "Gənclərin bu gün heç bir qarşılıq güdmədən çalışması onlar üçün gələcəkdə böyük avantaja çevrilir. Hətta universitetin, təhsilin verə bilmədiyi avantajı, yüksəkliyi, hər hansı bir humanitar, beynəlxalq və yaxud digər təşkilatlarda könüllü fəaliyyətiniz verəcəkdir ki, bu avantajın xeyrini həyatınız boyu görəcəksiniz. İrəli İctimai Birliyi European Voluntary Service – EVS (Avropa Könüllülük xidmətinə) qoşulub və gəncləri layihələrdə i.tiraka göndərir. Avropa Birliyi ölkələrinə və Avropa Birliyi tərəfdaş ölkələrinə göndərilən gənclərə maarifləndirici təlimlər keçirilir. "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında könüllüyə dəstək məqsədi ilə birinci Könüllülük Akademiyası layihəsini "İrəli” İctimai Birliyi həyata keçirib. Könüllülük Akademiyasında keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə əsas məqsədimiz gənclərin aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunmasına dəstək olmaqdır”.
Qeyd edək ki, BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər