• cümə, 29 Mart, 12:48
  • Baku Bakı 14°C

Pullu təhsilin genişləndirilməsi savadsızlaşmaya yol aça bilər

13.06.13 07:58 1801
Pullu təhsilin genişləndirilməsi savadsızlaşmaya yol aça bilər
“Üç uşaq atasıyam və övladlarıma imkanım çatdığı qədər ali təhsil vermək niyyətindəyəm. Ancaq bütün ali məktəblərdə təhsil pullu olsa, aldığım 500 manat maaşla onların birini belə oxuda bilmərəm. Yəni onlar dərslərindən əlaçı olsalar belə, maddi imkanımız olmadığı üçün həyatlarını fəhlə kimi yaşayacaqlar...” Bu sözləri bizimlə söhbətində üç övladı orta məktəbdə təhsil alan Nazim Xəlilov bildirdi.
Qeyd edək ki, parlamentdə dövlət büdcəsinin yükünün azaldılması üçün ali məktəblərin özəlləşdirilməsi, ödənişli təhsilin genişləndirilməsi təklif olunur. Parlamentin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, əgər bir sıra universitetlər özəlləşdirilsə, dövlət büdcəsinin yükü azalar, bununla da təhsildə keyfiyyət artar: “Onsuz da əhalinin müəyyən təbəqəsi - məcburi köçkün ailələri, şəhid övladları, valideynlərini itirmiş şəxslər qanunla təhsil haqqından azad olunub. Odur ki, ödənişli təhsilin artırılması sosial narazılığa gətirib çıxarmayacaq”.
Kasıb təhsil almasın
Milli Məclisin Elm və təhsil komitəsinin sədri olmuş keçmiş millət vəkili, professor Şahlar Əsgərov isə sözügedən təkliflə razılaşmır. Ş.Əsgərov bizimlə söhbətində bildirdi ki, əgər belə bir təklif qəbul olunsa, bu, əhalinin kasıb təbəqəsinin təhsildən məhrum olması ilə nəticələnə bilər: “Belə qərar qəbul edilməzdən əvvəl ölçülüb-biçilməlidir. Çünki özəl ali təhsil müəssisələri keyfiyyətli təhsil verə bilər, amma orada yalnız imkanlı adamların uşaqları oxuyur. Dövlət ali təhsil müəssisələrində isə 10 minlərlə kasıb tələbə də təhsil ala bilir. Dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi Azərbaycan xalqının inkişafına böyük zərbədir. Çünki dünyanın tarixinə nəzər salsaq, görərik ki, dünyanı qabağa aparan alimlər, mühəndislər, yaradıcı insanların əksəriyyəti kasıb ailələrin uşaqlarıdır. Kasıb uşaqları təhsildən məhrum etməklə biz öz inkişafımızın qarşısını alırıq”.
Professorun sözlərinə görə, dünyada özəl təhsil müəssisələrində oxuyanların sayı çoxluq təşkil edir, lakin belə ölkələrin əhalisinin əksəriyyəti övladına pullu təhsil verə bilmək iqtidarında olan insanlardır. Bu təcrübəni Azərbaycanda tətbiq etmək mümkün deyil: “Statistikaya nəzər salsaq, Cənubi Koreyada yaşı 17-dən yuxarı olan hər 100 gəncin 96-sı, Amerikada 84-ü, Monqolustanda isə 50-si ali məktəbdə təhsil alır. Azərbaycan xalqının o qədər var-dövləti haradadır ki, uşaqlarına pullu təhsil versin. Bu səbəbdən belə bir təkliflə razı deyiləm. Əksinə, hesab edirəm ki, dövlət universitetləri saxlanmalı və orada təhsil alan tələbələrin sayı artırılmalı, 10 min, 20 min, 30 min olmalıdır. Amma imkanı olan, övladına daha keyfiyyətli təhsil vermək istəyənlər üçün də özəl ali təhsil müəssisələri fəaliyyət göstərməlidir”.
Təhsilli təbəqə azala bilər
Təhsil eksperti Əjdər Ağayev də qəzetimizə açıqlamasında dövlət ali məktəblərinin özəlləşdirilməsi təklifinə qarşı olduğunu bildirdi. Onun sözlərinə görə, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi əvəzinə, orada təhsilin gücləndirilməsi baxımından yeni layihələr həyata keçirilməlidir: “Təhsil dövlətin daim nəzarətində olan və diqqət tələb edən sahələrindəndir. Dövlət özünün ali təhsil müəssisələrini saxlamalı və o müəssisələrdə gəlir gətirən sahələrin yaradılmasına çalışmalıdır. Buna görə də mən universitetlərin özəlləşdirilməsində heç bir əhəmiyyət görmürəm. Əksinə, mənə elə gəlir ki, ölkədə özəl ali məktəblərin sayı kifayət qədərdir”.
Dünya təcrübəsindən danışan ekspert bildirdi ki, xaricdə özəl ali məktəblər hansısa milyarderlərin hesabına maliyyələşir və bu zaman orada təhsil alan tələbələr müəyyən güzəştlər əldə edə bilir: “Bizdə isə özəl universitetlər tələbələrin təhsil üçün ödədiyi pul hesabına maliyyələşdiyindən əhalinin kasıb təbəqəsinin uşağı burada güzəştli təhsil ala bilmir. Buna görə ali məktəblərin özəlləşdirilməsi əhalinin təhsilli təbəqəsinin azalmasına gətirib çıxara bilər”.
Pulluya keçid hələ tezdir
İqtisadçı ekspert Azər Mehdiyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan yeni sistem quran və inkişaf etmək istəyən bir ölkə olduğundan, bu addımın atılmasının hələ vaxtı deyil: “Bu gün Azərbaycanda dövlət tərəfindən universitetlərə diqqətin artırılması və xüsusən ali məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi məsələsi gündəmdə olmalıdır. Bununla yanaşı, universitet təhsilinin iqtisadiyyat tələblərinə uyğun yenidən qurulması üçün işlər görülməlidir. İqtisadiyyatda “neft gəlirlərinin insan kapitalına çevrilməsini təmin etmək” kimi bir fikir mövcuddur. Universitetlərin də məhz insan kapitalının yetişdirilməsi səviyyəsinə çatdırılması daha öndə olmalıdır. Çünki bizim universitetlər həqiqətən də faydalı mütəxəssislər hazırlaya bilsələr, həmin mütəxəssislər ölkənin dövlət büdcəsinin gəlirlərini təmin edə biləcəklər və təbii ki, onların dövlət büdcəsi hesabına aldığı pulsuz təhsil büdcə üçün yükə çevrilməyəcək”.
İqtisadçı vurğuladı ki, savadlı, lakin təhsil almağa imkanı olmayan tələbələrin yetişdirilməsinə də çalışmalıdır: “Heç kəsə sirr deyil ki, Azərbaycanda vətəndaşların əksəriyyəti övladlarına pullu təhsil vermək iqtidarında deyil”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər