• cümə, 29 Mart, 09:49
  • Baku Bakı 5°C

Pul üzərində oturanlar

22.05.15 05:55 1126
Pul üzərində oturanlar
Ermənistanda baş verən prosesləri analiz edərkən belə bir nəticəyə gəlirsən ki, bu ölkədə kriminalın dövlətlə çulğaşması təhlükəli bir həddə yüksəlib. Və artıq bu ölkəni dünya nizamına təhlükə elan etməyin vaxtı çatıb. Bu ölkənin ərazisində İnterpolun xüsusi əməliyyatının keçirilməsi zərurətə çevrilib. Erməni lobbisi Ermənistanı dünya sivilizasiyasının və mədəniyyətinin ocağı, regionda demokratiya və qanunçuluğun vadisi kimi qələmə verməyə çalışsa da, onun bütün bu səyləri nəticəsiz qalır. Bu barədə özünün Facebook səhifəsində “İrs” Partiyasının mətbuat xidmətinin rəhbəri David Sanasaryan bildirib.
Pul üzərində otura-otura pul istəyirlər
Ermənistanın hakimiyyət orqanları hər yerdə maliyyə vasitələri axtarırlar. Lakin mahiyyətcə bunu onun çox olduğu yerdə etmirlər. Yəni Ermənistan hökuməti öz cibindən başqa hər yerdə maliyyə axtarır. Ya da ki, müdriklərdən birinin dediyi kimi, “pul üzərində otura-otura pul istəyirlər”. Hazırda bu sözləri hakimiyyətin bütün sisteminə aid etmək olar. Sistem deyilən anlamda hamını, o cümlədən Robert Köçəryan, Serj Sarkisyan, Ovik Abramyan, Qaqik Çarukyan, Qaqik Beqlaryan, Saşik Sarkisyan, Samvel Aleksanyan, Ruben Ayrapetyan, Mqer Sedrakyan, Manvel Qriqoryan və bütün keçmiş və indiki məmurlar nəzərdə tutulur. Həmin şəxslər Ermənistanda hakimiyyətə malik olub və indi də malikdirlər. Eləcə də Ermənistanda nəhəng biznes-iştiraka malikdirlər. Axı onlardan heç biri gizlətmir ki, Ermənistanda bu və digər iri mülkiyyət sahibidirlər. Onlar indi bəyan edirlər ki, qanun vəzifə ilə mülkiyyətin çulğaşmasını qadağan etmir. Qanun biznes-idarə ilə vəzifəni qarışdırmanı qadağan edir. Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin şəxsi hesablarında, eləcə də Ermənistandan kənarda açılan hesablarda milyonlar, ola bilsin ki, milyardlarla dollar toplanıb. Bu yaxınlarda əcnəbi təşkilatlardan birinin hazırladığı hesabatda Ermənistanla bağlı bildirilib ki, son 10-12 il ərzində ölkədən qeyri-qanuni yolla 7,5 mlrd. dollar çıxarılıb. Bu vəsaitin indi nəyə çevrildiyi bəlli deyil. Hətta adi bank faizləri ilə müəyyən etmək olar ki, bu vəsaiti ölkədən çıxaran şəxslər öz kapitallarını nə qədər artırıblar.
Ermənistanda bu şəxsə heç kim layiqli cavab verə bilməz. Axı o, qardaşdır!
Bu gün kriminal Ermənistanda fəaliyyət göstərən ən başlıca şəxslərdən biri hazırkı prezident Serj Sarksiyanın qardaşı Aleksandr Sarksiyandır. Ermənistanda və onun hüdudlarından kənarda onu “Saşik 50 faiz” ləqəbi ilə tanıyırlar. Bu ləqəbi ona elə-belə verməyiblər. Hamı gözəl bilir ki, Saşik heç bir vaxt fürsəti fövtə verməz və istənilən vəziyyətdə özünün müəyyən etdiyi 50 faiz tarifindən istifadə edir. Məsələn, deyək ki, Yerevanda və yaxud ondan kənarda hansısa bir restoran ona xoş gəlir və Saşik onu ələ keçirmək istəyir. Dərhal da restoranın sahibinə təkliflə çapar göndərilir və həmin yerin sahibi də bundan qaça bilmir. Saşik özünə çox şey götürmür, cəmi 50 faiz. Restoran sahibi də sonda öz biznesinin yarısının ölkənin qeyri-rəsmi sahibinin caynağına keçməsinə razılıq verir.
Saşikin əməlləri erməniləri cana yığıb
Bu günkü Ermənistan reallığında elə bir irili-xırdalı biznes sahəsi yoxdur ki, ora Saşik burnunu soxmasın. Və prezidentin iyrənc qardaşının təklifindən imtina edənin halına acımaq olar. İndiyə qədər mövqeyindən geri çəkilməyən nə qədər insan zərər çəkib - kimi ağır bədən xəsarətləri alıb, kimsə ölkəni qoyub qaçmalı olub. Hətta elə olub ki, prezident qardaşının qabağından geri çəkilməyəni öldürüblər də. Məsələn, “Vanadur” restoranının sahibi Ardon Xandyanın başına gələnləri göstərmək olar. Saşik cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmağı da unutmur. O, daha çox pullarını ölkədən çıxarmağa üstünlük verir. Xaricdə evlər, restoranlar, gecə klubları, şirkətlər alır, bəzi məlumatlara görə, təkcə ABŞ-a 200 mln. dollar köçürüb. Artıq onun ABŞ-la da münasibətlərində problemlər üzə çıxıb. Bir dəfə onun özü də etiraf edib ki, ABŞ onu ölkəyə buraxmaq istəməyib. Səbəb də onun gömrük sənədlərini düzgün doldurmaması olub. Bəlli olub ki, Saşik özü ilə ABŞ-a 30 milyon dollar aparırmış. Onun Rusiya, İspaniya, Çexiya və Bolqarıstanda da biznesi var. Saşik həmçinin İran və BƏƏ-yə qoyunların ixracında da inhisarçı mövqeyə malikdir. Ermənistana meyvə ixracı da onun nəzarətindədir. İş o yerə çatıb ki, Ermənistan yollarında quraşdırılan kamera və radarlar da faktiki olaraq onun mülkiyyətindədir. Daxil olan cərimələrin yalnız 30 faiz dövlət büdcəsinə keçirilir, 70 faiz isə prezident qardaşının cibinə axır.
Necə oldu ki, Dağlıq Qarabağdan olan sürücü Ermənistanda “çörəkli” vəzifələri paylamağa başladı
Deputat və oliqarx olmamışdan əvvəl Saşik Qarabağda avtobus sürücüsü və qaz texniki olub. Pul və hakimiyyət onun başını dumanlandırıb. Erməni qəzetləri hər həftə onun Yerevanın məşhur restoranlarında kef məclisləri keçirməsindən yazırdı. Parlament iclaslarına nadir halda gələn bu şəxs hər zaman kefli və yorğun vəziyyətdə görünməsi ilə seçilib. Sahibkarlar və vergi orqanları ilə problemi olanlar da ilk növbədə ona yaxınlaşıb işləri keçirirlər. Şübhəsiz ki, müəyyən haqq müqabilində. Bu şəxs istədiyi şəxsi pullu işlərə təyin edir, yaxud azad edir. Oğlu Narik isə narkotik aludəçisidir və daim “qanuni oğrular”la oturub durur. Saşikin kriminal dairələrlə əlaqələri barədə çoxsaylı məlumatlar var. ABŞ-dakı erməni cinayətkar şəbəkədə onun da adı keçib.
Kriminal ailə
Prezidentin başqa bir qardaşı Levon isə Yerevan Dövlət Universitetində kafedra müdiridir. Elit tikililəri həyata keçirən şirkəti var. Dələduz sxemlərə malik əcnəbi investorları Ermənistana dəvət edir. İstədiyinə nail olduqdan sonra isə onları qovur. Hazırda məhkəmələrdə bununla bağlı 5 iddia var. Hakim ailənin pullarının yuyulmasında Sarkisyanın kürəkəni Mikael Minasyan da əsas rol oynayır. Hazırda o, Vatikanda səfir işləyir. Ölkə KİV-in 80 faizi onun əlindədir.
Beləliklə, dünya ictimaiyyətinin kriminal rejimlər və təşkilatların çirkli pullarının yuyulmasına qarşı mübarizəni prioritet məsələyə çevirdiyi bir vaxtda ümid yaranır ki, bu mübarizə Ermənistana qarşı da aparılacaq. Belə ki, adları yuxarıda qeyd olunan şəxslərin məsuliyyətə cəlb olunması və onların tək erməni xalqına qarşı deyil, beynəlxalq təhlükəsizliyə qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər