AZE | RUS | ENG |

Pul hər şeyi edə bilmir, amma çox şeyi edir - Uğur hekayəsi

Pul hər şeyi edə bilmir, amma çox şeyi edir - Uğur hekayəsi
Vüsal Səlimov: “Mənim özümə də maliyyəçi lazımdır”

İki illik fəaliyyətindən sonra ona baş mühasib işləmək təklifi gəlir, "yox” desə də, iş elə gətirir ki, bu vəzifəni öz üzərinə götürməli olur. Çətin olur, amma bacarır. Bu işdə dostlarının da köməyi az olmur. Bu gün isə düşünür ki, hətta həkim kimi çalışmaq təklifi gəlsə, öyrənməklə onun da öhdəsindən gələ bilər. "İstənilən sahəni öyrənmək mümkündür” deyən müsahibimiz "Modern Group” Şirkətlər Qrupunun Daxili Audit Departamentinin direktoru Vüsal Səlimovdur.

- Haqqınızda məlumata baxdım. Baş mühasib, maliyyə direktoru, audit komitəsinin sədri kimi vəzifələr daha çox gördüm... Amma biz işə ilk başladığınız - bu vəzifələrə qədərki dövrdən danışaq...
- Yeri gəlmişkən, dünən köhnə sənədlərimin içindən birinci əmək müqaviləmi tapdım, nostalji yaşadım, o dövrlər göz önünə gəldi. İlk iş təcrübəm 2006-cı ildə, 4-cü kursun sonlarında olub. "Forum” adlı bir audit şirkətində konsaltinq edirdik. İşləməkdən çox orda öyrənirdim. İki ay işləyəndən sonra hərbi xidmətə getdim, qayıdanda yenə orda işə başladım. Bir ildən sonra başqa audit şirkətinə keçdim. Orda da bir il işlədim. Sonra "Mol Bulak” bank olmayan kredit təşkilatında baş mühasib kimi işləməyə başladım. 
 


- İki illik təcrübədən sonra baş mühasib. Rəhbər vəzifə bir az tez gəlməyib?
- Əslində, təklif olunanda mən bu vəzifəyə hazır deyildim. İşin ilk vaxtları da çox çətin oldu. Hardasa 3 ay bu sahədə təcrübəsi olan adamları yordum. Daim onlardan məsləhətlər alırdım. Onlardan biri indi çalışdığım holdinqin direktoru Anar Bayramovdur, biri də maliyyə sahəsində çalışan digər bir qrup yoldaşım Elçin Əkbərov. Gün ərzində 5-6 dəfə onlara müraciət edirdim. Gah mesaj yazırdım, gah skayp vasitəsilə görüntülü bağlantı yaradıb problemlərimi həll etməkdə köməklik istəyirdim. Onlar da hər zaman yardım edirdilər. Çünki ciddi maliyyə institutu olduğu üçün biliklərin çox olması vacib idi. Mən isə çox zəif idim.

- Vəzifə təklif olunanda hazır deyildinizsə, niyə "yox” demədiniz?
- Əslində, "yox” dedim, çünki "birdən alınmaz” deyə düşündüm. Amma mənə o vəzifəni təklif edən adam əvvəl iş yoldaşım olmuşdu. Dedi ki, əslində, bank sektorunda olan maliyyə sistemi istehsalat şirkətlərinə nisbətən rahatdır, daha tez öyrənmək olar. Amma çox tanış sfera olmadığı üçün qorxurdum. Lakin işin öhdəsindən gələndən sonra fikirlərim dəyişdi. İndi düşünürəm ki, mənə hardasa həkim işləməyi təklif etsələr, bəlkə də o işi də öyrənərəm. O anlamda deyirəm ki, istənilən sahəni öyrənmək mümkündür.
 


- 3 aya işi tam öyrəndiniz?
- Bir ayın yekununda artıq məlumatlı idim. İkinci ay birinci ayda etdiyim səhvləri təkrarlamırdım. 3-cü ayda isə artıq özüm nələrsə təklif edirdim. Çünki insan məsuliyyət hiss edəndə, içində "birdən düzgün etmərəm”, "bacarmaram” kimi qorxu olanda, bu qorxuya qalib gəlmək üçün əlindən gələni edib daha tez uyğunlaşır.

- Əgər sizə kömək edəcək dostunuz yoxdursa, deməli, belə işi üzərinə götürmək heç də asan olmaz?
- Düşünürəm ki, digər insanlar o cür vəzifəyə yaxşı təcrübə yığdıqdan sonra gəlməlidirlər. Mənim bəxtim gətirdi ki, o vəzifəyə təyin olunana qədər maliyyə sahəsində təcrübəli dostlarım var idi.

- 4-cü kursun sonunda işə başlamısınız. Bu vaxta qədər işləmək haqqında düşünməmisiniz?
- Mən İqtisad Universitetində Xüsusi İstedadlar Qrupunda (XİQ) oxumuşam. Kifayət qədər güclü qrup idi. Qrupdan 10 nəfər 3-cü kursun yay tətilində - 2005-ci ildə bankların birinə CV verdik, hamımızı çağırdılar. Orda maraqlandıq ki, 1000-ə yaxın müraciət var. Sonra 10 nəfər seçmişdilər, onların hamısı da bizim qrupun tələbələri idi. Biz yay tətilində işləmək istəyirdik, amma bank dedi ki, iş bütöv günlükdür, gərək universitetə getməyəsiniz. Dərslərlə də bu, alınmadı. Üstündən 3 il keçəndən sonra həmin bankdan zəng vurub dedilər ki, biz sizi 2005-ci ildə müsahibə ilə seçmişdik, bazamızda saxlamışıq, indi də işə dəvət edirik. O vaxt işlərim yaxşı idi, təşəkkür etdim. Mənimlə sağollaşandan sonra bir də zəng gəldi, onda da Anar Bayramovu soruşurdular. Anar CV-sinə o vaxt mənim nömrəmi qoymuşdu. Anarın da işi çox yaxşı idi, elə onun adından da "sağ ol” dedim.
 


- Xüsusi İstedadlar Qrupunda təhsil necə idi?
‑ İngilis dilində təhsil alırdıq. Dərs deyənlərin bir qismi xaricdən dəvət olunmuşdu. Bir hissəsi də yerli böyük şirkətlərin menecerləri idi, pedaqoq deyildilər. Azərbaycanlı olsalar belə, xaricdə təhsil almışdılar. Bizə yaxşı ədəbiyyatlar verirdilər, bilikləri doğru şəkildə çatdırırdılar. Düzgün təhsil sistemimiz var idi. Hamı da öyrənməyə maraqlı göstərirdi. Biz oxuyan ildə iki XİQ qrup var idi, ümumilikdə 30 nəfər bu qrupda təhsil alırdı. Bizdən əvvəl isə 5 qrup olmuşdu. O 5 qrupdan əksəriyyətini tanıyıram, içərisində qıraqda qalan, inkişaf etməmiş biri də yoxdur. Eləcə də bizimlə eyni vaxtda oxuyan o 30 nəfər. Hər kəs kifayət qədər uğurludur.

- 10 illik iş təcrübəniz var, amma elə işlədiyiniz şirkətlərin sayı da təxminən elə o qədərdir. İşi tez-tez dəyişənsiniz?
- (Gülür) Mənə görə bir iş yerində maksimum işləmək müddəti 3 ildir. O müddətdən sonra mütləq dəyişiklik olmalıdır. İşi dəyişmək şərt deyil, elə şirkət daxilində vəzifə irəliləyişi də ola bilər. Rəhbər işləyirsinizsə, ordan sonra artıq irəli getməyə yer yoxdursa, işlədiyin yeri dəyişməlisiniz. 2016-cı ildən sonra o relsə düşmək üçün bir neçə uğursuz cəhdim oldu. Bəzi yerlərə getməmişdən qabaq "ora yaxşı deyil, alınmayacaq” dedilər. Bu fikirlərə qulaq asmadım, gedəndən sonra gördüm ki, düz deyirmişlər. 2-3 iş yeri seçimim düz olmamışdı. Ona görə qısa müddət çalışdıqdan sonra ayrıldım. 2017-ci ilin aprelində "Kontakt Home”da işə başladım, bu seçimim düzgün oldu. Sonra da indi çalışdığım yer, bu da düzgün seçimdir.

- Amma işəgötürənlər adətən, iş yerini tez-tez dəyişənlərə mütləq bunun səbəbləri ilə bağlı sual verirlər. Yəqin ki, sizə də bununla bağlı sual verərlər…
- Bəli, veriblər. Mən iş yeri dəyişməyimin real səbəblərini deyirəm. 2016-cı ilə qədər iş yerimi tez-tez dəyişməmişəm. On ilə yaxın müddətdə dörd yerdə işləmişəm. Son iki ildə də dörd yerdə. Mən işəgötürənlərlə danışanda "əsas 2016-cı ilə qədər olan dövrə baxın” deyirəm.
 


- Ümumiyyətlə, işə düzəlməyiniz necə olur, iş təklifi gəlir, yoxsa elanlarda filan görüb müraciət edirsiniz?
- İndiyə qədər tapdığım heç bir iş hansısa elan vasitəsilə olmayıb. Məndə iki cür olub. Ya məni şirkətə məsləhət görüblər, ya da iş olub, mənə məsləhət görüblər.

- Maliyyə sahəsindən, maliyyəçi olmaqdan danışaq. Necə sahədir?
- Mən abituriyentlərə maliyyə sahəsinə gəlməyi həmişə tövsiyə edirəm. Üstünlüyü odur ki, geniş yayılıb. Maliyyəçinin işi həmişə var. Bu baxımdan yaxşıdır. Bəlkə də, öz sahəmdir deyə mənə bu cür gəlir, amma digər sektorlardan daha cəlbedici görünür.

- İşinizin mənfi, yaxud ən çətin tərəfi nədir?
- Mənfi deməzdim, daha məsuliyyətli tərəfi var. Bu, sahibkara zərər yetirməmə məsuliyyətidir. Daim hər şeyi izləmək, iş baxımından həyəcanlı olmaq lazımdır. Nəyisə qaçırsan, biznesə zərər vura bilər. 2016-cı ilin yanvarından Vergi Məcəlləsində sürətli dəyişikliklər gedir. Orda nəyisə qaçırtmaq olmaz. Mən hər gün bütün dəyişiklikləri izləyirəm.
 


- Bəs rəqəmlər sizi yormur? 
- Bəzən o qədər yoruluram ki, çox sadə səhvi görə bilmirəm. Dəfələrlə analiz edirəm, amma tapmadığımı görəndə bilirəm ki, yorulmuşam. Hər şeyi buraxıb təmiz havaya çıxıb gəzirəm, beyni o rəqəmlərdən təmizləyib qayıdanda həmin səhvi anında görürəm. Yaxşı olar ki iki saatdan bir rəqəmlərdən ayrılıb fiziki hərəkətlər edəsən. Belə halda nəticə effektiv olur.

- Maliyyəçinin pula yanaşması maraqlıdır. Siz də düşünürsünüz ki, pul əl çirkidir?
- Belə fikir var, deyir "mən pulun əl çirki olması fikrilə razılaşıram, pul xoşbəxtlik gətirmir, amma BMW-də ağlamaq, velosipedin üstündə ağlamaqdan daha yaxşıdır”. Başqa bir yanaşma da var ki, "pul əl çirkidir” deyənlər pulu olmayan adamlardır. Mən pulun əl çirki olduğunu düşünmürəm. Reallıqda pul çox problemi həll edir, bir çox insanları xoşbəxt edə bilir. Düzdür, hər şeyi edə bilmir, amma çox şeyi edir.

- "Pul əl çirkidir”i pulu olmayanlar deyirsə və pulun əl çirki olmadığı fikirlə razılaşırsınızsa, deməli, pulunuz var…
- Cef Bezos qədər pulumuz yoxdur, orta statistik azərbaycanlı deyək mənə.  
 


- Gündəlik nəyə pul sərf etməyi əlavə xərc hesab edirsiniz?
- Supermarketlərin özlərinə sərf edən bir siyasətləri var. Tutaq ki, çörək almağa gedirsən, çıxanda 4-5 əlavə nə isə aldığını görürsən. Buna görə deyirlər ki, az alış-verişləri kiçik marketlərdən edin. Mən də böyük marketlərə bir şey almağa gedirəm, amma bu dəqiqə ehtiyacım olmayan çox şey alıb çıxıram. Bunlar da əlavə xərclərdir və məndə daimi olur. Baxmayaraq ki, şirkətlərin maliyyə sisteminə nəzarət edib əlavə pul xərclənməsinin qarşısını alıram, amma özümdə onu tənzimləyə bilmirəm. Mənim özümə də maliyyəçi lazımdır.

- Hər sahə insana müəyyən xüsusiyyətlər verir. Sizdə bu peşədən dolayı hansı xüsusiyyətlər yaranıb?
-  Kimlərsə rəqəmlə danışanda gözləyirəm ki, səhv etsin, tutum. Özümdən asılı deyil. Maliyyədən əlavə audit sahəsində çalışdığım üçün danışıqlarda, hansısa prosesin təsvirində səhvlər axtarıram. Bir də ədəbiyyatçı ailəsində doğulduğum üçün yazılarda hərf səhvləri, durğu işarələrinin yerində olub-olmamasına baxıram.

- Təlimçi kimi fəaliyyətə nə vaxtdan başlamısız?
- 2016-cı ildən. Mühasiblərə, rəhbərlərə və maliyyə menecerlərinə təlimlər keçirəm. Həftənin bütün günləri işdən sonra təlimlərim olur.
 


- Maliyyəçinin xarakterik xüsusiyyətləri təlimçi olmağa nə dərəcədə imkan verir? Çünki yaxşı maliyyəçi olmaq hələ o sahədə təlimçi kimi fəaliyyət göstərmək üçün yetərli deyil…
- Burda mənə kömək edən tərəf ədəbiyyatçı ailəsində doğulmağımdır. Valideynlərim kitab oxumağım cəhətdən tələbkar idilər. Düzdür, əvvəllər mənə məcburən kitab oxutdururdular, amma sonra bu, vərdişə çevrildi, daha sonra hobbi oldu. Bunun sayəsində orta məktəbi bitirənə qədər çox ədəbiyyat oxumuşduq, söz bazamızı zənginləşdirmişdik. İndi də nəyisə izah edəndə, onun alternativ yollarını tapıb fikrimi çatdırmağa çalışıram. Elə bilirəm ki, qarşı tərəfə bildiyimi daha yaxşı çatdırıram. Hansısa təlimdən kiminsə nəyisə başa düşməmiş getdiyi olmayıb. Fikrimi qarşı tərəfə çatdırmaq üçün müxtəlif yollar tapıram.

- Sizə görə uğurunuzun sirri nədir?
- Heç vaxt bildiklərimlə qane olmuram. Məndə tez-tez belə fikirlər yaranır ki, əslində, heç bir şey bilmirəm. Bu, məndə qarşı tərəflərin yanında biabır olmaq qorxusu yaradır. Ona görə daha çox araşdırmaq, məlumat əldə etməyə çalışıram. Düzdür, hər gün müəyyən informasiyalar alırıq, amma bu, həmişə yetərli olmur. Bəzən hansısa firmaya maliyyə istiqamətində məsləhət verəndə iş prosesində yeni bir informasiya çıxır, görürəm ki tam məlumatlı deyiləm. Onsuz da qarşı tərəf onu bilmir, bildiklərimi ona çatdırıb işi görürəm. Amma sonra daha dərindən araşdırıram. Araşdırmasam, özümü zəif hiss edərəm. Düşünürəm ki, uğuru gətirən budur.

Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157