• cümə, 29 Mart, 03:49
  • Baku Bakı 7°C

Pul gətirən qonaqlar

09.10.19 10:00 1079
Pul gətirən qonaqlar
Ölkəmizdə özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin qonaq evi və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi prosesi get-gedə asanlaşır. İki il öncə Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapan və reallaşan məsələ paytaxt və region sakinlərinin öz yaşayış evlərindən daha asan şəkildə qonaq evi və ya hostel kimi istifadə etmələri üçün şərait yaradıb.
Ölkəmizəgəlmək istəyən aztəminatlı insanların yerləşməsi, eləcə də ölkə vətəndaşlarınınsosial vəziyyətlərinə uyğun istirahətlərini əlçatan etməyə hesablanan dəyişiklik turizmin inkişafı istiqamətində irəliləyiş hesab edilməklə bərabər, turist axınının güclənməsi anında həm daxili, həm də xarici tələbatı ödəmək baxımından da əhəmiyyətli hesab edilir. O mənada ki, şəxsi mənzillərin, təsərrüfatların, hostel və ekonom mehmanxanaların - yerləşdirmə obyektlərinin sayının artırılması ölkəmizdə təşkil olunan turlarda, ölkə daxilində hazırlanan turpaketlərin xarici bazarda daha rəqabətli olmasına şərait yaradır. Hər bir halda, bu obyektlərin sayının artırılması daha rahat şəkildə yerli və xarici turistlər üçün ölkədə seçim etmək imkanlarını genişləndirir.İstisna deyil ki, rayonlarda mənzil kirayələyənlər adətən paytaxt sakinləri və xaricdən gələn müəyyən ekonom büdcəli turistlərdir. Hazırda rayonlardakı sakinlər üçün evlərini qonaq evi kimi kirayəyə vermələri ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Amma sual yaranır: hər hansı məhdudiyyətin olmaması turistlərə həmişə yaxşı seçimin verilməsidirmi? Və ya onlar evlərini qonaq evi və ya hostel kimi təqdim edərkən təlimatlardan xəbərdardırlarmı?
Yol xəritəsi
Dövlət Turizm Agentliyinin (DTA)Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)tərəfindən həyata keçirilən "Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramıçərçivəsində regionlardakı kənd evləri sahiblərini müxtəlif mövzular üzrə məlumatlandırmaq və maarifləndirmək məqsədilə hazırlanan "Bələdçi” təlimat kitabçası da səfər edən turistlərin məmnuniyyət səviyyəsini artırmağa yönəlib. Belə ki, kitabça kənd evlərində qalmağı seçən insanlara nümunəvi kənd qonaq evləri təqdim etməklə, sakinlər üçün bir növ yol xəritəsidir.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Regional Turizm və Qoruqların İnkişafı Sektorunun Böyük məsləhətçisi Könül Nuriyeva qəzetimizə açıqlamasında təlimat kitabçasında kənd evində qonaqlama xidmətinin təşkili üçün tələblər və hüquqi əsaslar, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın, əlavə xidmətlərin təşkili, kənd evinin tanıtımı, sanitar-gigiyena, təhlükəsizlik qaydaları, xərclər və qazancın hesablanması, hazırlıq və təsərrüfat işləri üzrə tövsiyələrin əksini tapdığını bildirdi: "Sakinlər turistlərə kirayə verəcəkləri evlərin hüquqi statusu haqqında məlumat əldə etmiş olacaqlar. Təlimatda vergini necə və nə üçün tətbiq etməyin sadə nümunələri qeyd olunub. Kirayə veriləcək evlərin minimal tələbləri, qonaq evinin təhlükəsizlik qaydaları, məmnuniyyət səviyyəsinin necə ölçülməsi, əlavə xidmətlər və s. haqda önəmli məlumatlar yer alıb. Əminəm ki, bu kitabçanı əldə etməklə öz evini başlanğıcdan kirayə vermək istəyən sakin çox detallı məlumat əldə etmiş olacaq”.
Agentlik rəsmisi turistlərin bölgələrdə kənd evlərində və ya hostellərdə yaşama istəklərini onların fərqli təəssürat əldə etmək arzuları ilə əlaqələndirir: "Biz hostel və kənd evlərinin təsnifatını fərqləndirməliyik. Hər kənd evini hostel və ya hər hosteli kənd evi adlandıra bilmərik. Bunların fərqli xüsusiyyətləri var. Hostellərin sayının artırılması ilə bağlı xüsusən regionlarda yaşayan əhali və gəlirlərini turizm sahəsindən əldə etmək istəyən şəxslər üçün ölkəmizdə maarifləndirmə işinə ehtiyac var. Evlərini turistlərə kirayə verən şəxslər əslində bilməlidirlər ki, turistlərin gözləntiləri, kirayə verdikləri evin tələbləri nədən ibarətdir. Ev sakini bəzən evin açarını turistə verməklə işini bitmiş hesab edir. Ona görə də "Bələdçi” kitabını ərsəyə gətirdik”. Sakinlərin vergi qeydiyyatına gəlincə, K.Nuriyeva qonaq evi kimi istifadəyə verilən evlərin sakinlərinin hamısının qeydiyyatdan keçmədiyini bildirdi: "İyul ayında DTA-da kənd qonaq evlərinin ilk toplantısını keçirdik. Hər rayondan 3-4 sakin dəvət etmişdik. Onları dinləyərkən gördük ki, bəzilərinin vergi qeydiyyatı barədə ümumiyyətlə məlumatı yoxdur. Gəlirin itirilməməsi baxımından bunu o qədər də əhəmiyyətli hesab etmirlər. Ancaq onların gələcəkdə mütləq təminatları üçün vergiyə cəlb olunmaları lazımdır».
Turizmi kütləviləşdirmək üçün
"Kənd qonaq evlərinin xidmət səviyyəsi standarta uyğun olmalıdır. Həmin kənd evlərində infrastruktur qurulmalı, işıq-su təchizatı normal olmalı, qida məsələləri diqqətdə durmalı, sanitar-gigiyenik qaydalara riayət olunmalıdır” - deyən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun fikrincə, Avropa, Asiya turistləri bu turizm növünə böyük maraq göstərirlər: "Hər kəs öz evini hostelə çevirib, vergisini də ödəyə bilər. Bu, turizmin inkişafında müsbət irəliləyişdir. Bir şərtlə ki, təlimatlara əməl olunsun. Məsələn, qonşuların yaşayışına maneçilik olmasın. Çünki birgə yaşayış qaydaları var. Heç kəs evinin ətrafında hay-küyün olmasını istəməz. Buna görə də ilk növbədə bu amillər nəzərə alınmalı, daxili nizam-intizam qaydalarına riayət olunmalıdır”.
M.Ağakərimov hesab edir ki, kənd evlərinin qonaq evi kimi verilməsi aztəminatlı insanların ölkəyə gəlməsi üçün geniş imkanlar açacaq, həmçinin dövlət büdcəsinin vergi ilə təminatına şərait yaradacaq. Tələbə-gənclər, o cümlədən digər regionlardan gələn insanlar üçün qonaq evlərində və hostellərdə istirahət əlverişli olacaq. M.Ağakərimov bildirir ki, yaşayış evlərinin hostellərə və ya qonaq evlərinə çevrilməsi təkcə Bakıda deyil, həmçinin regionlarda da həyata keçirilməlidir: "Bu, bölgə camaatının sosial vəziyyətinin yaxşılaşmasına səbəb olar. Hər şeydən əvvəl bölgə turizminin inkişafına dəstək verər. Ölkəmizə gələn əcnəbilər təkcə paytaxta səfər etməklə kifayətlənməz, həmçinin regionlarımızı gəzər, tariximiz, adət-ənənələrimizlə tanış olarlar. Hesab edirəm ki, kənd evlərinin qonaq evi kimi istifadəsinin genişlənməsi ölkəmizə turistlərin kütləvi axınını təmin edəcək. Ona görə də turizmi kütləviləşdirmək üçün vacib olan bütün amilləri həyata keçirmək lazımdır”.
Açıq bazar
Turizmçilər kənd qonaq evlərinin verilməsi prosesinin kütləviləşməsini turizmin inkişafında müsbət addım kimi dəyərləndirirlər.
"Millenium TurizmKonqres DMC” şirkətinin rəhbəriRuslanQuliyevin sözlərinə görə, kənd evlərinin qonaq evləri kimi kirayə verilməsi prosesi çoxdan başlayıb: «Bu işi Cənubdan başlamışıq. Şəki istiqamətində, İsmayıllı və Lahıcda həyata keçiririk. Güzəştli kreditlərin tətbiq olunmasına, kənd icmalarının genişşaxəli fəaliyyətinə ehtiyac var. Bu həm vergi qeydiyyatı, vergi ödəmə, həm də onların motivasiyası baxımından əhəmiyyətlidir”.
"LunaTravel” Turizm Agentliyinin direktoru, hüquqşünasRəhmanQuliyevin fikrincə, adətən insanlar infrastrukturu bütünlüklə təmin olunan məkanlarda dincəlməyə üstünlük verirlər. Yəni yaşadıqları evin yaxınlığında market, bazar, iaşə müəssisəsi və s. olsun: "Təbii ki, müştəri evlərə baxıb seçim edir. İmkanlarına və zövqünə uyğun qiymətə olan evə üstünlük verir. Sakinlər üçün də evlərini qonaq evi kimi istifadəyə vermələri ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bir növ açıq bazardır – kim hansı qiymətə istəyir, o qiymətə də kirayə verir. Bununla belə, hər kəs rəqabətə uyğun olaraq evinin daha təmirli, səliqəli olmasına çalışır. Məsələn, son illər rayonlarda şahidi olmuşam ki, evini kirayə vermək üçün hər kəs həyət-bacasında, evində təmir işləri aparır. Hər hansı rayon sakininin evi baxımsız olanda, o, evini bazara çıxara bilməyəcək. Həm də rəqabət yaratmaq üçün həmin qiymətin içərisinə səhər yeməyi də daxil edir və yaxud ödənişli olaraq günorta və axşam yeməkləri təklif edir. Bu da turistlərə sərf edir. Rayonlarda da sakinlər qonşusuna baxıb sağlam rəqabət aparır. Sadəcə, gələn qonaqların təhlükəsizliyinə təminat vermək, onları səliqəli və təmirli evlərdə saxlamaq, təmiz qidalarla qidalandırmaq məsuliyyəti daşımalıdırlar”.
Ekspert hesab edir ki, evlərini turistlərə verən sakinlər vergidə uçotda dursalar da, vergidən azad olmalıdırlar. Belə ki, sakinlər evlərini turistlərə kirayə verib dolanmalı, rifahları yaxşılaşmalıdır. Belə olan təqdirdə, bu, regionların da inkişafına təkan verər: "Sakinlər vergi qeydiyyatında dursunlar ki, rayonlarda işsizliyin səviyyəsinin aşağı düşməsi haqqında məlumat olsun. Bundan əlavə, sakin evini kirayə verərsə, yaşadığı ərazinin icra nümayəndəliyinin hüquq şöbəsində müqavilə bağlaması məsləhətdir. Müqavilənin surətinə də gələn turistə qol çəkdirməlidir. Bu, evini kirayə verən sakinin turist qarşısında məsuliyyət daşımasının göstəricisidir”.
Qeyd edək ki, regionlarda kənd evlərinin qonaq evləri kimi təqdim olunmasında hələ mövcud problemlər az deyil. Bunu qonaq gedib-gələnlərin sosial şəbəkələrdə paylaşdıqları statuslar, dost- tanışların bölüşdükləri narazı fikirlər də təsdiqləyir. Olsun ki, sahibkarlara ekspertlər və bu işlə məşğul olan subyektlər tərəfindən treninqlərin keçirilməsinə və tövsiyələrin verilməsinə ehtiyac var. Çünki bu addım dolayısı ilə deyil, elə birbaşa "ölkəmizdə hostellər niyə yoxdur” sualının cavabıdır. Ancaq bir şərtlə ki, sahibkarlara çevriləcək gələcək hostel və ya kiçik mehmanxana sahiblərinə süni maneələr yaradılmasın. Həm də dünya təcrübəsində mövcud olan hostel və kiçik mehmanxana xidmətlərinin mükəmməl səviyyədə mənimsənilməsi vacibdir. Xüsusən əldə "Bələdçi” də var...
Təranə Məhərrəmova
Məqalə Dövlət Turizm Agentliyinin Dünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında keçirdiyi müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər