• çərşənbə, 24 Aprel, 11:12
  • Baku Bakı 13°C

Pul alıb xərcləmisən, hesabatını da ver

14.05.13 08:47 1853
Pul alıb xərcləmisən, hesabatını da ver
Bir müddət əvvəl Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına (QHT) və siyasi partiyalara xəbərdarlıq edərək, vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına maliyyə hesabatlarının verilməsini vacib sayıb. Bildirilib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.
Qaydaya əsasən, QHT üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilməlidir. QHT illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim eləmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Həmçinin qeyd olunub ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.
Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, bir sıra siyasi partiya və təşkilatlar maliyyə hesabatlarını yenə də verməyiblər. Buna görə də bir neçə gün bundan öncə Ədliyyə Nazirliyi Azərbaycanda illik maliyyə hesabatlarını təqdim etməyən xarici qeyri-hökumət təşkilatlarının (QHT) adlarını açıqlayıb. Bildirilib ki, 71 təşkilat, o cümlədən İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi”nin Azərbaycan nümayəndəliyi, Böyük Britaniyanın “Feed the Children”, “İslam köməyi” humanitar təşkilatlarının nümayəndəlikləri, İsrailin “Soxnut” Ümumdünya Yəhudi Agentliyinin, Norveçin “Norveç Qaçqınlar Şurası”nın, Fransanın “Ekilibr” Humanitar Təşkilatının, “Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti Federasiyası” təşkilatının, Yunanıstanın “Dünya həkimləri-Yunanıstan” humanitar təşkilatının, Rusiyanın “Ümumdünya İslam Gənclər Assambleyası” təşkilatının, Səudiyyə Ərəbistanın “Beynəlxalq İslam Nicat Təşkilatı”nın, “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH”-ın, ABŞ-ın Kaliforniya Ştatının “İnternews Network” humanitar təşkilatının, Türkiyə Respublikasının Qızıl Aypara Cəmiyyətinin nümayəndəlikləri Azərbaycandakı aidiyyatı qurumlara illik maliyyə hesabatlarını təqdim etməyiblər.
Qeyd olunan məsələ ilə bağlı “Kaspi”yə açıqlama verən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət baş verənlərdən təəccübləndiyini bildirib. O, qanun qarşısında hər kəsin eyni dərəcədə məsuliyyət daşıdığını xatırladıb. Deyib ki, Azərbaycan dövləti qanunun bütün imkanlarından istifadə edərək həmin təşkilatları uyğun şəkildə hüquq müstəvisinə dəvət etməlidir: “Açığı, bu informasiya məni xeyli təəccübləndirir. Necə yəni illik maliyyə hesabatını təqdim etmirlər? Belə şey olar? Qanun varsa, tələb varsa və onlar da ölkəmizdə fəaliyyətlərini qanun çərçivəsində qurduqlarına əmindirlərsə, buyursunlar, zəhmət çəkib hesabatlarını versinlər. Şəxsən mən bir ictimaiyyət nümayəndəsi olaraq dövlətimizin bu yöndə atacağı addımları dəstəkləməyə indidən hazıram”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov da hesab edir ki, ölkəmizdə mövcud olan yerli və beynəlxalq QHT-lər, eyni zamanda fondlar Azərbaycan qanunvericiliyinə görə illik maliyyə hesabatlarını təqdim etməyə borcludurlar. Onun sözlərinə görə, əks halda belə təşkilatların fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq addımlar atılmalıdır: “Təəssüf ki, bir çox beynəlxalq təşkilatlar birbaşa Azərbaycan qanunvericiliyini pozur və açıq-aşkar qanunlara hörmətsizlik nümayiş etdirirlər. Təbii ki, mənim vətəndaş və ziyalı olaraq bu kimi hallara münasibətim çox pisdir. Hesab edirəm ki, Azərbaycan qanunlarına hörmətsizlik göstərən fiziki və hüquqi şəxslərə münasibətdə dövlət ən sərt şəkildə, qanunlara söykənərək mövqeyini ortaya qoymalıdır. Bu yaxınlarda baş prokuror tərəfindən də bu cür neqativ hallara qarşı münasibət sərgiləndi. Hər bir qanun pozma halının qarşısının alınmasında dövlət öz sözünü deməli və gücünü göstərməlidir. Digər tərəfdən, təəssüf doğurucu və ənənə halını almış bir fakt ondan ibarətdir ki, bu cür təşkilatların iş birliyi qurduqları xüsusi QHT-lər də var. Beynəlxalq təşkilatlar yalnız onların layihələrinin maliyyələşdirilməsinə vəsaitlər ayırırlar. Bu halda sual olunur, əgər bu təşkilatların fəaliyyətində gizli məqamlar və məqsədlər yoxdursa, bəs niyə onlar illik hesabatlarını təqdim etməməkdə israrlıdırlar?”
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı Azərbaycan qanunvericiliyinə uyğun olaraq QHT-lərin hər il Maliyyə Nazirliyinə, donor təşkilatlara, o cümlədən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə və Statistika Komitəsinə müvafiq hesabatlar təqdim etdiyini diqqətə çatdırıb. Bildirib ki, fəaliyyəti şəffaf olan, qeyri-qanuni əməllərlə məşğul olmayan bütün təşkilatlar üçün belə hesabatların verilməsi normal qarşılanır: “Xaricdən, xüsusən xarici donor təşkilatları tərəfindən layihələri maliyyələşən qurumlar var ki, onların demək olar mütləq əksəriyyəti buna əməl etmir. Bunlar yalnız öz donor təşkilatlarına hesabat verməklə kifayətlənirlər. Bu da onların işinin qeyri-şəffaf olması və yaxud müəyyən şübhələrin yaranmasına gətirib çıxarır. Ona görə də mənə belə gəlir ki, dövlət qurumlarının qanunvericilik çərçivəsində çıxış edərək bu cür tələblər irəli sürməsi düzgündür. Azərbaycanda fəaliyyət göstərən hər bir QHT hesabat verməlidir. Əgər biz hesabat veririksə, niyə xarici təşkilatlar bunu etməsinlər? Görürsən ki, bəzi təşkilatlarda bu baxımdan müəyyən saymamazlıq hissi də var. Adətən onlar donor təşkilatlarla danışıb işi bitmiş hesab edirlər. Azərbaycanın dövlət qurumlarına hesabat verməməklə pul gizlədirlər. Amma onların fəaliyyətinə baxanda görürsən ki, bunlar layihə həyata keçiriblər və yerli QHT-lərdən də qat-qat çox vəsait alırlar. Bu səbəbdən onların hesabatı mütləq tələb olunmalıdır. Belə təşkilatların fəaliyyəti ilə müəyyən qurumlar da maraqlanmalıdır ki, Azərbaycan əleyhinə hər hansı bir iş görə bilməsinlər”.
M.Zülfüqarlı onu da əlavə edib ki, yalnız fəaliyyəti qeyri-şəffaf olan təşkilatlar, Azərbaycan dövlətçiliyi əleyhinə müəyyən işlərlə məşğul olan qurumlar hesabat verməkdən çəkinirlər: “Hesabatların verilməməsinə başlıca səbəb layihənin tam həyata keçirilməməsi də ola bilər. Tutaq ki, Avropa qurumlarından maliyyə dəstəyi alan QHT layihə çərçivəsində 20-30 seminar keçirməlidir, ancaq bunun 2-3-nü keçirir. Qalanlarını sənədlərlə tərtib edir ki, guya 30 dəfə bu cür seminar keçirilib. İkinci halda, elə layihə ola bilər ki, bu, Azərbaycanın xeyrinə deyil, əleyhinədir. Müşahidələr onu göstərir ki, xarici donor təşkilatlar bilavasitə bu cür layihələrə dəstək verirlər”.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qadirov sözügedən məsələnin böyük narahatlıqlara yol açdığını dilə gətirib. Qeyd edib ki, Azərbaycanda işini quran istər yerli, istərsə də xarici QHT-lər qanunlara hörmətlə yanaşmalı, şəffaflıq naminə hesabatlarını vaxtlı-vaxtında təqdim etməlidirlər: “Bu məsələ bizim çox ağrılı yerimizdir. Çünki həmin beynəlxalq təşkilatlarla biz dəfələrlə əməkdaşlıq etmək istəmişik, lakin qarşı tərəf hər zaman bundan imtina edib. Bu təşkilatlar bir qisim yerli QHT-lərlə əlbir olub birgə işləyirlər. Onların fəaliyyətinin şəffaflığını sübut edəcək hesabatları isə aidiyyəti dövlət qurumlarına təqdim etmirlər. Beynəlxalq konfransların birində mən həmin beynəlxalq təşkilatların rəhbər təmsilçilərindən soruşdum ki, əgər doğurdan da Azərbaycanı demokratiyanın təbliği ilə məşğulsunuzsa, bütün QHT-lərlə işbirliyinə açıqsınızsa, nəyə görə yalnız bir neçə üçüncü sektor təmsilçiləri ilə əməkdaşlıq edirsiniz? Əfsus ki, sualıma doğru-düzgün cavab ala bilmədim. Mənim fikrimcə, sözügedən təşkilatlar tərəfindən hesabatların verilməməsinə başlıca səbəb, onların fəaliyyətində qaranlıq məqamların çoxluğudur. Hətta bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda öz missiyalarından kənar fəaliyyətlə məşğul olurlar. Bəzi xarici təşkilatlar humanitar fəaliyyət adı altında öz mənsub olduqları ölkələrin siyasi ambisiyalarını, dövlətlərinin siyasi tapşırıqlarını yerinə yetirirlər. Elə təşkilatlar var ki, onların baş ofisləri Ermənistanda, Azərbaycan ərazisini işğal edən, 1 milyona yaxın azərbaycanlını öz ev-eşiyindən didərgin salan, Xocalı kimi qətliamları həyata keçirən bir ölkədə yerləşir. Belə olan halda həmin təşkilatlar Azərbaycanda hansı humanitar aksiyanın reallaşmasında maraqlı olarlar? Bu amil bir sıra şübhələrə yol açır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər