• cümə, 19 Aprel, 03:56
  • Baku Bakı 18°C

Psixoloji dəstəkdən yararlanın ki...

06.04.20 19:31 1642
Psixoloji dəstəkdən yararlanın ki...
Təhsil Nazirliyinin "Qaynar xətt”i fəaliyyətə başlayıb

Hər gün koronavirusa yoluxanların sayının artması ilə bağlı xəbərlər yayılır. Qəribə bir mənzərə yaranıb: insanlar yuxudan qalxan kimi "görəsən, bu gün nə baş verəcək” sualına cavab axtarırlar. Sosial şəbəkələrdə koronavirusu xatırlamayan status tapmaq çətindir. Efirdən səslənən xəbərlər insanları elə vəziyyətə gətirib ki, hamı, sanki koronavirus onun evinin darvazası ağzındadır kimi narahatlıq keçirir. Təəccüblü deyil ki, əksəriyyət təkcə özünün deyil, həmçinin yaxınlarının, uşaqlarının sağlamlığından ötrü narahatlıq keçirir. Koronavirus haqqında hər yerdə - KİV-də, sosial mediada, küçədə, mağazalarda, evdə danışılırsa, ola bilməz ki, uşaqlar da daxil olmaqla, kimsə epidemiya haqqında eşitməsin. Bu baxımdan, insanlar təşviş içərisindədir. Bir növ kütləvi psixoz durumu yaranıb. Mütəxəssislər "koronavirus epidemiyası bitəndən sonra insanların psixoloji durumunu müalicə etmək lazım gələcək, özünütəcrid rejimi də müasir insan üçün böyük sınaqdır, hər adam buna dözmür”- deyə narahatlıqla bildirirlər.
Belə gərginlik içərisində psixoloji yardıma ehtiyac yaranır. Sakitliyi necə tapmaq, iş yerini itirmək qorxusundan uzaq olmaq, valideynlərinin, övladlarının, yaxınlarının sağlığı ilə bağlı əndişədən qurtulmaq, əvvəlki iş həyatına qayıtmaq və s. kimi narahatlıq doğuran suallara cavab tapmaq üçün artıq bu cür psixoloji dəstək mərkəzlərinə bütün dünyada ehtiyac yaranıb. Psixoloqların davamlı məsləhətləri səslənməkdədir.
Təhsil Nazirliyi də vəziyyəti nəzərə alaraq qabaqlayıcı tədbir kimi təqdirəlayiq addım atıb: Nazirliyin yeni 146-3 "Qaynar xətt” xidməti psixoloji dəstək üçün fəaliyyətə başlayıb. Artıq aprelin 6-dan fəaliyyətə başlayan "Qaynar xətt” karantin rejimi elan olunduğundan,evdə qalan şagirdlər, valideynlər, eləcə də bütün vətəndaşlara mənəvi-psixoloji yardımını təklif edir. Təbii ki, sabah başına nə gələcəyini bilməyən, gələcək üçün planlar qurmaqda çətinlik çəkən, özlərini təşvişdən xilas etməyi bacarmayan insanlar üçün bu, əhəmiyyətli dəstək sayıla bilər. Nəzərə alsaq ki, artıq pandemiyanın tüğyan etdiyi əksər ölkələrdə sakinlərə bu cür dəstək layihələri həyata keçirilir, onda bizdə də analoji addımın faydasından, lazım gələrsə, yararlanmağa dəyər. Ən azı sosial şəbəkələrin doğru və ya yalan xəbər yükündən qaçmaq, real psixoloji yardım almaq istəyənlər "Qaynar xətt”ə müraciət edə bilərlər.
Təhsil Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Kaspi”yə açıqlamasında "Qaynar xətt”in yaranmasını koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə evdə qalan şagird, valideyn və digər vətəndaşlar üçün əhəmiyyətli olacağını bildirdi. Belə ki, bu dönəmdə yaşından asılı olmayaraq insanların psixoloji dəstəyə ehtiyacı yaranır: "Ev şəraitində vaxtı necə keçirmək, uşaqları necə saxlamaq, mütaliə etmək, əylənmək, canlı ünsiyyət olmadan bu prosesdə necə rahat yaşamaq, özünü ifadə etmək və əlaqələnmək kimi məsələlər çox ciddi suallar yardır. Belə olan təqdirdə nazirlik məktəb psixoloqlarının iştirakı ilə "Qaynar xətt”i istifadəyə verib. Onlar köməyə ehtiyacı olan insanların suallarını cavablandırmağa, onlara məsləhətlər verməyə hazırdır”. C.Valehovun sözlərinə görə, psixoloqlar prosesə qoşulmaq üçün təlimlərdə iştirak ediblər: "Onlar fors-major rejimdə aidiyyəti sualların cavablandırılması üçün hazırlıq keçiblər. Bu da deməyə əsas verir ki, müəllim və şagirdlər vəziyyətdən çıxış yolu kimi hər hansı sualları ünvanlayarlarsa, ixtisaslı psixoloqlar tərəfindən telefon vasitəsilə uyğun cavablar alacaqlar. Onlara lazımı psixoloji məsləhətlər veriləcək”.
Nazirliyin psixoloji dəstəklə bağlı "Qaynar xətt”inə cəlb olunan psixoloq Vəfa Məmmədova artıq mərkəzə zənglərin daxil olduğunu bildirdi. "Mərkəz bu gündən fəaliyyətə başlayıb. Xidmət hələ yenidir. İnsanların müraciət etməsi üçün məlumatlı olmaları lazımdır. Hesab edirəm ki, bu, gözəl təşəbbüsdür. Çünki psixoloji dəstək hər yerdə pulludur. İnsanların da müraciət etmək üçün həmişə imkanları olmur. Amma bu cür pulsuz xidmət insanların yararlanması üçün əla fürsətdir”. Psixoloq bildirir ki, ən çox narahatlıq doğuran məqam uşaqların vəziyyəti, yəni onların pandemiya ilə bağlı xəbərlərlə əhatə olunmasıdır. Belə ki, uşaqlar evdə səhərdən-axşamacan koronavirusla bağlı narahatlıq doğuran xəbərləri eşidirlər. Belə şəraitdə onları düzgün istiqamətləndirmək vacibdir: "Önəmli olan, müraciət zamanı uşaqların yaş həddini bilməkdir. 10 yaşa qədər uşaqlarda izahat dəyişir. Nisbətən yuxarı yaşlı uşaqlara verilən tövsiyələr fərqlidir. Çünki artıq onların fərqli informasiya kanalları var. Onlar sosial şəbəkə istifadəçiləridir, telekanalları izləyirlər. Uşaqlara yaşlarına uyğun tövsiyələr olunmalıdır. İzahatın isə yolları müxtəlifdir. Onları faydalı tövsiyələrlə istiqamətləndirməyə çalışacağıq”. Psixoloqun fikrincə, belə vəziyyətdə valideynlərin üzərinə böyük məsuliyyət düşür: "Valideynlər, adətən, uşağı diqqətdən kənarda saxlayıb öz iş-gücləri ilə məşğul olmağı xoşlayırlar. Uşaqlar məktəbdə olarkən daha çox diqqətdə saxlanılırlar. Hazırkı vaxtda isə valideynlər bütün diqqətlərini yaşından asılı olmayaraq övladlarına yönəltməlidirlər. Əgər uşaqlar epidemiya ilə bağlı telekanallardan səslənən xəbərləri və ya dost-tanışların söylədiklərini ciddi qəbul edərlərsə, valideyn onları həmin mühitdən bir qədər kənar tutmağa çalışmalıdır. Uşaqların maraq dairəsində nə varsa, valideyn onu həmin istiqamətə yönləndirməlidir. Uşaq daha çox kitab oxumağa, cizgi filmi izləməyə, oyunlar oynamağa, rəsm çəkməyə, dərsləri ilə məşğul olmağa yönləndirilməli, mobil telefonla gün ərzində az təmasda olmalıdır. Bu vəziyyətdə uşaqları ciddi nəzarət altında tutmaq lazımdır, yoxsa onlar stressə düşə bilərlər. Əgər uşaqlar bu söhbətləri ciddiyə alırlarsa, valideynlər vəziyyətlə bağlı onların yanında söhbət açmamağa çalışmalıdırlar”. Böyüklərə gəlincə, təbii ki, onların öz psixoloji durumları da sakit olmalıdır ki, ətraflarındakı insanlara dəstək ola bilsinlər”.
V.Məmmədova bildirir ki, mərkəzə zəng edənlərin təşvişinə uyğun tövsiyələr verilir: "Müraciət edən şəxsin panikasına uyğun kömək edilir. Hər hansı psixoloji durumla bağlı müraciət olunduqda, psixoloq məsləhət yox, tövsiyə verə bilər. Psixoloq kömək üçün müraciət edənə doğru istiqamət göstərir, bacardığı qədər onu yönləndirir”.
Psixoloq bəzi insanların pandemiya ilə bağlı baş verənlərə etinasız yanaşmasına təəssüfünü bildirir: "Virusun yayılmasına boş baxmaq olmaz. Ən əsası, təşvişə düşməmək, soyuqqanlı olmaq lazımdır. Önəmli olan odur ki, özünütəcrid qaydalarına riayət edəsən, psixoloji durumunu pozmamağa çalışasan. Müsbət emosiyalarla özünü əhatə etməyə çalışmalı, mənfi yükdən uzaqlaşmalısan”. Psixoloq inanır ki, "Qaynar xətt”ə üz tutacaq insanlara veriləcək tövsiyələrin böyük faydası olacaq: "Əgər telefon vasitəsilə bizdən dəstək gözləyən insanlara tövsiyələrimizlə yardım edə, onlara rahatlıq bəxş edə biləriksə, bu, bizim üçün böyük sevinc olar. İstəyimiz, insanların bu çətin dönəmdə gərgin situasiyadan çıxmaqlarına yardım etmək, onları düzgün istiqamətləndirməkdir”.
Qeyd edək ki, 146-3 "Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər