Prorektor Dünyamin Yunusov vəfat edib
Azərbaycan
elminə ağır itki üz verib. Azərbaycan Dillər
Universitetinin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov martın 28-də vəfat
edib.
Dünyamin Nurqələm oğlu
Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan
olub. 1957-1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub
və 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil
alıb.
Həmin ali məktəbi 1973-cü
ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin
qrammatikası kafedrasında müəllim saxlanılıb. 1973-cü ilin noyabrından 1974-cü
ilin noyabr ayınadək ordu sıralarında xidmət edib və 1975-ci ilin yanvar
ayından İngilis dililnin qrammatikası kafedrasında müəllimlik fəalliyyətini
davam etdirib.
D.Yunusov müəllimlik fəaliyyəti
ilə yanaşı elmi fəaliyyətini də uğurla davam etdirib, müəllimlikdən
professorluğadək uzun bir yol qət edib.
İşlədiyi müddətdə dəfələrlə
universitet rəhbərliyinin fəxri fərmanlarına və təşəkkür məktublarına layiq
görülüb.
1981-ci ildə işlərindəki
müvəffəqiyyətinə, elmi və ictimai həyatdakı fəal iştirakına görə "Sosializm
yarışının qalibi” olub və döş nişanı ilə təltif edilib.
1985-ci ildə Tbilisi şəhərində
"Müasir ingilis dilində "that” bağlayıcılı və onsuz tamamlıq budaq cümləli
tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi” adlı namizədlik
dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib və qısa müddətdə filologiya
elmləri namizədi alimlik dərəcəsi adını alıb. D.Yunusov 1988-ci ildə dosent vəzifəsinə
seçilib.
2007-ci ildə "Müxtəlifsistemli
dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi” adlı doktorluq
dissertasiyasını müdafiə edib və elə həmin ildə Azərbaycan Respublikası
Prezidenti yanında AAK-nın qərarı ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi
verilib. 2008-ci ilin aprel ayından işlədiyi
İngilis dilinin qrammatikası kafedrasının professoru olub.
D.Yunusov müəllim işlədiyi
müddətdə bir çox xarici ölkələrdə, o cümlədən ABŞ-da, Böyük Britaniyada,
Almaniyada, İtaliyada, Fransada, Belçikada, Qazaxıstanda, Ukraynada,
Gürcüstanda və s. ölkələrdə simpozium, konfrans və konqreslərdə iştirak edib və
təcrübə mübadiləsi keçib.
O, iyirmi kitabın və dörd
yüzə yaxın elmi məqalənin müəllifi olub. Onun kitab və məqalələri ölkəmizdən
çox uzaqlarda da tanınır. D.Yunusovun kitabları eyni zamanda Türkiyə
Respublikasında və İran İslam Respublikasında da nəşr olunub və hal-hazırda həmin
ölkələrin bəzi ali məktəblərində tədris olunur. Onun məqalələri ABŞ-da, Rusiya
Federasiyasında, Ukraynada, Qazaxıstanda, Belarusda, Gürcüstanda və s. ölkələrdə
çapdan çıxıb.
Müxtəlif vaxtlarda o,
ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, "Təhsil və elm” komissiyası
sədrinin müavini olub və 25.11.2015-ci il tarixdən 2016-cı ilin dekabrınadək ADU-nun
rektoru vəzifəsini icra edib.
D.Yunusov "Azərbaycanda
Xarici Dillər” jurnalının "Oxşarlıqlar və fərqlər dilçiliyi” bölməsinin, "Humanitar
elmlərin öyrənilməsinin aktual problemləri” jurnalının redaksiya heyətlərinin
üzvü və ADU – da nəşr olunan "Dil və Ədəbiyyat” jurnalının baş redaktoru olub. O,
eyni zamanda Azərbaycan Respubikası Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının
"Avropa dilləri və ədəbiyyatı” bölməsinin sədri kimi məsul vəzifənin də öhdəsindən bacarıqla gəlib.
D.Yunusov 2011-ci ildə Gürcüstan
Respublikası Təhsil Elmləri Akademiyasının akademiki seçilib.
Onun birbaşa rəhbərliyi və
elmi məsləhətçiliyi ilə yeddi nəfər tədqiqatçı dissertasiya işlərini müdafiə
edib və fəlsəfə doktoru elmi dərəcələrinə layiq görülüb. Üç nəfər tədqiqatçı isə
müdafiə ərəfəsindədir.
D.Yunusov ilk dəfə Azərbaycanda
"İngilis və Azərbaycan dillərinin müqayisəli tipologiyası” / Comparative
typology of the English and Azerbaijani languages / adlı dərslik nəşr etdirib və
bu dərslikdən respublikamızın əksər universitetlərinin filologiya fakültələrinin
tələbələri istifadə edirlər.
D.Yunusov Avropa Nəşr Mətbuat
Evinin təsis etdiyi "Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülüb.
Allah rəhmət eləsin!