• şənbə, 27 Aprel, 04:07
  • Baku Bakı 14°C

Prorektor: "Ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənib"

31.07.21 19:15 580
Prorektor: "Ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənib"
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Bunlar həmin strateji kursdur ki, bünövrəsi müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın məqaləsində yer alıb.Kaspi.az məqaləni təqdim edir.
Prezident İlham Əliyevin yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir dövlətin strateji hədəflərində birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur və onu əlavə edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilib, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Məhz bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilib, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 171 minə çatdırılıb.
Bunlardan əlavə, yüksəkkeyfiyyətli ali təhsil verən yeni baza ali təhsil müəssisələri yaradılıb. Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi bu gün təkcə ölkəmizdə deyil, dünyada söz sahibi olan təhsil ocaqlarından sayılır. Həmçinin dünyada tanınan, mütərəqqi ənənələri olan, öz nüfuzuna görə seçilən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları yaradılıb. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb. Burada 4 ixtisas (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfiyyatı və istismarı) ingilis dilində tədris olunur, Fransanın Strasburq və Renn 1 universitetləri ilə ikili diplomun verilməsi həyata keçirilir. Son illərdə bir sıra ali təhsil müəssisələri üçün ən müasir kampuslar yaradılıb, bütün ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənib.
Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramları, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Son 10 ildə Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin yüksək səviyyədə təhsil alması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 4 min nəfərdən çox Azərbaycan vətəndaşı Dövlət Neft Fondunun hesabına dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanıb.
Proqram çərçivəsində təhsil almış tələbələrin böyük əksəriyyəti yüksəkixtisaslı kadrlar kimi ölkəmizə qayıdıb. Hazırda o məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorlarında fəaliyyət göstərir. Proqramın təqaüdçüləri ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ayrı-ayrı dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, transmilli şirkətlərdə ("Microsoft”, "Google”, "Bloomberg”, "Samsung”, "LG”, "BP” və s.) və özəl sektorda uğurla çalışmaqdadır.
"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə 2020-ci il yanvarın 31-də ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin "Menecment (təhsilin təşkili və idarəolunması)” ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki universitetin diplomunu əldə edə biləcək (proqramın məzunları müvafiq olaraq CVU-nun "Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik" magistr ixtisasına da yiyələnəcək).
Bu il 100 illiyi qeyd olunan və bununla bağlı Prezidentin Sərəncam imzaladığı Azərbaycan Dövlət Pedaqoji Universitetində beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı üzrə xətt ölkəmizdə hələ 90-cı illərin sonlarında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. O siyasətin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Milli təhsilimizin ən yaxşı ənənələrini qoruyaraq inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl metodologiyasının özünü doğruldan, təsdiq edən elementləri ilə sintezinə nail olmaq bugünkü təhsil siyasətinin başlıca hədəfidir.
Azərbaycan Respublikasında dövlət təhsil siyasətinin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər universitetimizin də qarşısında müəyyən vəzifələr qoyur. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir və bu yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilək. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, əlbəttə, universitetimiz üçün ilk növbədə türkdilli ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. Bu illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələri genişlənir. Təkcə 2016-2020-ci illər ərzində beynəlxalq əməkdaşlıq fəaliyyəti sahəsində görülmüş işlərin məzmunu belə deməyimiz üçün əsas verir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkiyənin müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıqdan əlavə, "Mövlanə” mübadilə proqramı çərçivəsində də əməkdaşlıq edir. Sözügedən mübadilə proqramı çərçivəsində 2016-cı ildə ADPU-nun İbtidai təhsil fakültəsinin 1 nəfər tələbəsi Kastamonu Universitetinin Eğitim fakültəsində, Təsviri incəsənət, musiqi və çağırışaqədər hazırlıq fakültəsinin 1 tələbəsi Kahramanmaraş Sütçü İmam Universitetinin Gözəl sənətlər fakültəsində mübadilədə iştirak edib.
Qazaxıstanın və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri ilə 9 işgüzar görüş keçirilib. Görüşlərin nəticəsi olaraq 8 əməkdaşlıq müqaviləsi imzalanıb, Rusiyanın Dövlət Humanitar Universiteti (RDHU) ilə anlaşma çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. Belə ki, RDHU-nun Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan 8 tələbəsi ADPU-da iki həftəlik yaz məktəbində iştirak edib.
2016-2019-cu illər ərzində Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış ikitərəfli saziş çərçivəsində, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında ADPU-da təhsil almış 78 nəfər əcnəbi tələbə və magistr, 85 nəfər əcnəbi dinləyici məzun olub. Hazırda 180-dən çox əcnəbi vətəndaş ADPU-nun hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya, Ukrayna vətəndaşları var.
Universitetimizdəki Beynəlxalq əlaqələr üzrə prorektorluq ADPU-nun və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır. Qurum beynəlxalq istiqamətlər üzrə maraqların və hüquqların qorunmasını, beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi işinə nəzarəti təmin edir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq edib. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün mükəmməl təhsil sisteminin olması başlıca şərtlərdən biridir və Dövlət Strategiyasında göstərildiyi kimi, islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini, onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi proqramları xüsusilə qeyd etmək lazımdır. Bu baxımdan təkcə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ölkəmizdə təhsil sisteminin inkişafına ciddi töhfələr verdiyini xatırlatmaq kifayət edər.
Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Prezidentin müvafiq Sərəncamına əsasən təqaüd sistemi təkmilləşdirilib, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin miqdarı 23 min vahid artırılıb, təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib.
Bununla yanaşı, məcburi köçkün statusu olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailəsi statusu almış ailənin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərcləri büdcə vəsaitləri hesabına ödənilir. Peşə təhsili müəssisələrində təhsil alan I, II və III qrup əlillər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər də təhsil haqqından azad edilib.
Bütün bunlar bir daha göstərir ki, son on ildə Azərbaycanda təhsil sahəsində genişmiqyaslı islahatlar aparılıb. Dövlətimizin başçısı təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.
banner

Oxşar Xəbərlər