• cümə axşamı, 28 mart, 13:28
  • Baku Bakı 16°C

Proqnoz: Bakının mənzil bazarında qiymət artımı davam edəcək

26.02.14 14:11 1373
Proqnoz: Bakının mənzil bazarında qiymət artımı davam edəcək
Bakı şəhərinin mənzil bazarında davam edən qiymət artımı bu ilin yanvar ayında da özünü göstərib.
«MBA Consulting Group» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Bakının daşınmaz əmlak bazarında aktivlik yanvar ayında 1,98%, ötən ilin müvafiq ayı ilə müqayisədə 8,17% artıb. Əvvəlki aylarda bazarda davamlı artan qiymətlərə baxmayaraq, ötən ay bazarda aktivliyin artması müşahidə edilib. Bununla yanaşı hesabat ayında təklif portfelində ucuz mənzil seqmentində azalmalar tələbin artımı ilə müşahidə edilib. Bazarda struktur dəyişikliyi davam edib, nəticədə bazar indikatorlarında müvafiq dəyişikliklər qeydə alınıb.
İlkin yaşayış mənzil bazarında yanvarda aktivliyin artması, bazarda əqdlərin sayının artımının nəticəsi kimi baxmaq olar. Son illər üzrə qiymət indeksinin artımı müşahidə edilir ki, buna bir tərəfdən paytaxtda söküntü prosesinin artması, digər tərəfdən isə tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artması səbəb olub.
Yanvarın sonuna Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırmaya məruz qalan iri çoxmənzilli yaşayış binalarının sayı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 600 ədəd olub. Ötən ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfelinin strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Bazarda təklifin həcmində ay üzrə artım (əsasən «premium» və «VİP» evlər), il üzrə isə azalma müşahidə edilib.
Son bir il ərzində təklifin həcmində azalma tendensiyası aşkar görünsə də, yanvar ayında ümumi təklif portfelində yaşayış mənzil sahələrinin sayında ötən ilin II yarısına nisbətən canlanma müşahidə olunub. Bu artıma səbəb kimi, bir sıra tikinti şirkətlərinin və investorların öz maliyyə problemlərinin həlli olaraq bazara əlavə (əsasən qiyməti 1500-4000 dollar/kv.metr olan) mənzil çıxartması ilə bağlamaq olar. Artım əsasən bahalı mənzil bazarında müşahidə edilir.
Ay ərzində ucuz mənzillərin təklif portfelində azalma davam edib, çoxmənzilli yaşayış binalarında təklif portfelinin artması isə müvəqqəti xarakter daşıyır.
Hesabat ayında iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi şəhərin III zonasında mütləq çoxluq təşkil edirsə, villa və fərdi evlərin satış portfelində IV zona üstünlük təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə bu zonada həm əhali sıxlığının artmasına, həm də qiymət artımına zəmin yaradır. Məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olur və təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır.
Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti yanvar ayı ərzində 2,30%, ötən ilin müvafiq ayına nəzərən isə 25,1%, ilkin mənzil bazarında isə müvafiq olaraq 3,05% və 33,9% artaraq 1181 dollar/kv.m olub.
Yanvar ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətinin artması mənzil bazarında qiymətlərin artımı ilə bağlı olub. Qiymət artımının II və III zonalarda daha intensiv olmasına şəhərin mərkəzinin məhz həmin zonalara doğru genişlənməsinin nəticəsi kimi baxmaq olar.
Əvvəlki ildən fərqli olaraq 2014-cü ilin əvvəlindən «elit» mənzillərin qiymətlərində sıçrayışlı artım müşahidə edilir. «Elit» mənzillərə qiymət artımı şəhərin II zonası olan Yasamal və Nəsimi rayonlarında daha çox hiss edilir.
Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki, bu ilin yanvar ayında bazarda aktivlik və qiymətlərin artımına 2013-cü ilin davamı kimi baxmaq olar. Bazardakı mövcud durum (söküntü ehtimallarının artımı) yaxın aylarda qiymətlərin yenə də artacağı ehtimallarını yaradır. Ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir.
banner

Oxşar Xəbərlər