• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

Professor Əli Həsənovun əsərləri rus dilində çap olunub

10.03.20 13:22 3161
Professor Əli Həsənovun əsərləri rus dilində çap olunub
Azərbaycanın Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqazın geosiyasi, geoiqtisadi münasibətlər sistemində roluna və enerji siyasətinə dair dəyərli nəşrlər
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət kafedrası”nın müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Azərbaycan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geosiyasi münasibətlər sistemində” və "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” adlı əsərləri rus dilində çap olunub.
"Azərbaycan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geosiyasi münasibətlər sistemində” adlanan kitabda dünyanın aparıcı ölkələrinin Xəzər hövzəsi və Cənubi Qafqazda geosiyasi maraqları, yürütdükləri geosiyasət fonunda Azərbaycanın siyasəti araşdırılır.
Nəşrdə Azərbaycanın qədim zamanlardan Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti, eyni zamanda, həmin dövrdə regiondakı geosiyasi vəziyyət və xarici dövlətlərin fəaliyyəti, Azərbaycanın müstəqilliyinin elan edilməsi, onun Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsiri geniş təhlil edilir. Eyni zamanda, müharibənin başa çatmasından sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diplomatik manevrləri və Cümhuriyyətin iflasının səbəbləri araşdırılır. Bununla yanaşı, kitabda Azərbaycanın Respublikasının müasir milli inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri, vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və xarakterik xüsusiyyətləri izah edilir. Əsərdə Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri araşdırılır, Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti təhlil edilir. Həmçinin Cənubi Qafqazın regional geosiyasi maraqlar sistemində xarakteristikası açıqlanmaqla yanaşı, transmilli dünya güclərinin və region dövlətlərin Xəzər-Qara dəniz hövzəsindəki geosiyasi maraqları və transmilli siyasəti təhlil edilir.
"Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” adlı kitabda isə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır.
Bununla yanaşı, Azərbaycanın milli mənafelərinin təmin olunması ilə bağlı dövlət siyasətinin əsasları şərh edilir, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması sahəsindəki rolu öyrənilir. Eyni zamanda, kitabda Xəzər hövzəsinin enerji mənbələri və onun bölgədə yaratdığı müasir geoiqtisadi vəziyyət, eləcə də Xəzərin neft-qaz məhsullarının Avropanın enerji təhlükəsizliyindəki rolu araşdırılır.
Bundan əlavə, nəşrdə Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələri öyrənilir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli enerji ixracı sistemi tədqiq edilir.
Hər iki kitab Azərbaycan siyasətşünaslıq elmi sahəsində yeni istiqamətlər açaraq gələcəkdə müəyyən proseslər inkişaf etdikcə, alimlər qarşısında yeni elmi və praktiki məsələlər qoyur.
banner

Oxşar Xəbərlər