• cümə, 29 Mart, 02:16
  • Baku Bakı 7°C

“Professor dedi ki, bilirsənmi, mən Azərbaycan Prezidenti ilə eyni fakültədə təhsil almışam” - Soydaş

07.12.19 11:00 1661
“Professor dedi ki, bilirsənmi, mən Azərbaycan Prezidenti ilə eyni fakültədə təhsil almışam” - Soydaş
Zeyd Qarayev: "Yeməkdən əlavə, həm də insanlarımızın qonaqpərvərliyi üçün darıxıram”
Beş ildən çoxdur ki, Polşada yaşayır. Deyir ki, məktəbdə oxuyarkən xaricdə təhsil almaq və yaşamaq arzusu olmayıb. Amma qəfildən Avropada oxumaq həvəsi yaranıb. Öz istəyi ilə Avropaya getsə də, Bakı üçün darıxdığını söyləyir. Deyir ki, hətta bir neçə ildən sonra vətənə qayıtmaq niyyəti var.
Müsahibim Polşanın Krakov şəhərində yaşayan və "Accenture” şirkətində data analitik olaraq çalışan soydaşımız Zeyd Qarayevdir.
Zeyd deyir ki, orta məktəbdə oxuyarkən xaricdə təhsil almaq haqqında düşünmürmüş: "Şirvan şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışam. 9-10-cu sinifdə oxuyanda 4-cü qrupa, tibbə hazırlaşırdım. Amma 10-cu sinfin sonlarına yaxın anidən fikrimi dəyişdim. Belə qərara gəldim ki, Avropada təhsil almalıyam. Ona görə də, ingilis dilimi təkmilləşdirməyə başladım. Seçim zamanı bir neçə ölkə arasında qərarsız qalmışdım. Amma mənim üçün ən münasib olanı Polşa idi. Əslində, İtaliya və ya Almaniyada təhsil almaq istəyirdim. Bu ölkələrdə təhsil haqqı və yaşayış xərcləri isə çox bahadır. Ona görə də, Polşanı seçdim. Bura gəlməzdən əvvəl Polşada yaşayan tanışlarım var idi. Seçimimə bu amil də təsir etmişdi”.
"Burada tələbə həddən artıq yüklənmir”
Andrey Friç Modjevski adına Krakov Universitetindən yenicə məzun olan Zeyd, Polşanın təhsil sistemini çox bəyəndiyini söyləyir: "Azərbaycan universitetlərində təhsil almadığıma görə, hansısa müqayisə apara bilmərəm. Bir neçə universitet adı saymaq olar ki, Avropa ölkələri arasında ilk sıralarda qərarlaşır. Mən bir neçə ay bundan öncə beynəlxalq əlaqələr üzrə təhsilimi başa vurdum. İxtisasım beynəlxalq turizmdir. Burada təhsil almaq istəyənlər nəzərə almalıdır ki, Polşada oxuyursansa, bir qədər çox oxumalı və əziyyət çəkməlisən. Düzü, imtahanları vermək mənim üçün elə də çətin olmadı. Dərs yükü o qədər də ağır deyil. Yəni burada tələbə həddən artıq yüklənmir və özünə ayırmağa vaxtı qalır. Müəyyən səviyyədə oxuduqdan sonra imtahanları vermək heç də çətin deyil”.
Həmsöhbətim hazırda Polşanınt məşhur şirkətlərindən biri olan "Accenture” şirkətində data-analitik olaraq çalışır: "İki ildir ki, bu şirkətdə işləyirəm. Bu işə qəbul olanda ikinci kursda oxuyurdum və diplomum yox idi. İngilis dilini mükəmməl bildiyimə və onlara lazım olan keyfiyyətlər məndə olduğuna görə bu işə qəbul olundum. Həm oxuyub, həm işlədiyim dövrdə müəyyən çətinliklərim var idi. İşə başlayandan sonra əsas çətinliyim vaxtla bağlı olurdu. Bəzən dərslərə gedə bilmirdim. Dərslərdə iştirak edə bilmədiyim vaxtlarda bəzi professorlar bunu anlayışla qarşılayırdı, bəziləri isə əksinə. İştirak etmədiyim dərslərin imtahanını vermək heç də asan deyildi”.

"İşçinin rahatlığı ən mühüm məsələlərdən biridir”
Deyir ki, əslində, Polşada iş tapmaq o qədər də çətin deyil. Sadəcə olaraq, bəzi şeyləri bilmək lazımdır: "Əsas məsələ sənin dil biliklərinin mükəmməl olmasıdır. Həmçinin İT sahəsini bilmək üstünlükdür. İkinci dil kimi türk dilini bilirəm. Əgər bu iki keyfiyyət sizdə varsa, asanlıqla iş tapa bilərsiniz. Əlbəttə ki, iş tapmaqla hər şey bitmir. Burada işləməyin asan olduğu kimi, çətin tərəfləri də var. İşçilərin rahatlığı, onlara qarşı rəftar şirkət üçün çox önəmlidir. Burada hər bir işçiyə böyük hörmət var. İşçinin rahatlığı ən mühüm məsələlərdən biridir. Məsələn, iş vaxtı başım ağrıyırsa, uzanıb istirahət edə, yata bilərəm. "Accenture” beynəlxalq şirkət olduğuna görə, burada dünyanın müxtəlif ölkələrindən olan insanlar işləyir. Hər bir millətin isə özünəməxsus xarakteri və öz dəyərləri var. Bəzən qarşı tərəfi anlamaqda çətinlik çəkirsən. Dil, din, mentalitet fərqliliyi iş prosesində çətinlik yaradır. Amma ümumilikdə götürdükdə, işini peşəkar şəkildə görə bilirsənsə, ciddi çətinlik olmur”.
"Polyaklar həm də anlayışlı xalqdır”
Həmsöhbətimi Polşada ən çox təəccübləndirən, ölkənin iqlimi olub: "Polşanın iqlimi çox dəyişkəndir. Qış çox soyuq və sərt keçir. Bəzən temperatur mənfi 20 dərəcəyə qədər düşə bilir. Hərdən burada bir gün ərzində üç fəslin havası müşahidə edilir. Bəzən günəşli bir gündə dostlarımızla piknikə çıxarkən, qəfildən yağış başlayır. Burada çoxlu dost və tanışlarım var. Mən bura təzə gələndə, polyaklar Azərbaycanı o qədər də yaxşı tanımırdı. Artıq 5 ildir ki, burada yaşayıram. İndi yavaş-yavaş Azərbaycanın tanındığını görürəm. Beynəlxalq tədbirlərin təşkili Azərbaycanı daha da tanıtdırdı. Artıq polşalı turistlər Azərbaycana səfər edirlər. Polyakları xarakterizə etsək, deyə bilərəm ki, insansevər millətdirlər. Həmçinin humanist xalqdırlar. Polyaklar həm də anlayışlı xalqdır. Amma hər yerdə olduğu kimi, burada da pis və yaxşı nümunələr var. Təəssüf ki, burada bir qədər irqçidirlər. Mən Krakov şəhərində yaşayıram. Bu şəhər Avropanın ən çirkli şəhərlərindən biridir”.
Müsahibim deyir ki, ilk illərdə təhsil və yaşayış xərclərini valideynləri qarşılayıb: "Mən təhsilimi təqaüdlə deyil, öz hesabıma alırdım. İşə başlayandan sonra təhsil xərclərimi özüm ödədim. Bir dəfə imtahana girərkən professor məndən soruşdu ki, haralısan? Azərbaycandan olduğumu deyəndə, gülərək soruşdu ki, prezidentiniz İlham Əliyev necədir? Bu sualının qarşısında təəccübləndiyimi görən professor dedi ki, bilirsənmi, mən Azərbaycan Prezidenti ilə eyni fakültədə təhsil almışam. Mənim onunla dostluq əlaqələrim var. Hətta sizin prezident məni və digər fakültə yoldaşlarımızı bir dəfə Azərbaycana dəvət etmişdi. Azərbaycana getdik və bizi orada çox gözəl qarşıladılar. Azərbaycanın qonaqpərvərliyi mənim çox xoşuma gəlmişdi. Sizin ölkənin prezidenti ilə mən çox yaxın dostam. Bu hadisə məni çox təəccübləndirmişdi. Həmin imtahandan sonra həmin professorla münasibətlərimiz daha da yaxşılaşdı. Bəzən hətta onunla görüşüb kofe içirdik”.

"Yəqin ki, öz ölkəmə qayıdacağam”
Polşa mətbəxinin həddindən artıq bərbad olduğunu söyləyən müsahibim, beş il ərzində yemək bişirməyi öyrənib: "Polşa mətbəxi ilə Azərbaycan mətbəxi müqayisə edilə bilməz. Ən çox narazı qaldığım məqam məhz budur. Xarici ölkənin mətbəxinə uyğunlaşmaq həqiqətən çox çətindir. Polşa mətbəxinə isə ümumiyyətlə, uyğunlaşmaq olmur. Azərbaycanın yeməkləri və mətbəxi o qədər ləzizdir ki, Polşa mətbəxinə uyğunlaşmaq çox çətin məsələdir. Bu, təkcə mənim üçün deyil, bütün azərbaycanlılar üçün belədir. Ona görə də, əlimdən gəldiyi qədər çalışıram ki, öz yeməyimi özüm bişirim. Burada yeməklərin çoxu donuz ətindən hazırlanır, mən isə donuz əti yeyə bilmirəm. Azərbaycanda olanda heç vaxt yemək bişirmirdim. Burada məcbur olub yemək bişirməyi öyrəndim. Yeməkdən əlavə, həm də Bakı, insanlarımızın qonaqpərvərliyi üçün darıxıram. Bizim millətin istiqanlılığı burada yoxdur”.
Sonda Zeyddən gələcək planları haqda da soruşduq: "Təhsilimi artıq bitirmişəm. Amma hələlik bir neçə il Avropada yaşamaq istəyirəm. Sonra Azərbaycana qayıda bilərəm. Polşada qalmaq niyyətim yoxdur. Mən vətənpərvər insanam. Azərbaycanda yaxşı iş tapan kimi yəqin ki, öz ölkəmə qayıdacağam. Bu günə kimi istədiyim bir çox şeyə nail ola bilmişəm. Valideynlərim də hər zaman məni dəstəkləyib. Bura mənim düşüncə və dünyagörüşümün formalaşmasında böyük rol oynadı. Amma artıq burada qazandığım bilik və bacarıqlarımı öz ölkəmdə tətbiq etmək niyyətim var”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər