Problemli kreditləri yaradan problem...
Hər bir problemi
yaradan səbəblər olur. Səbəbləri də kateqoriyalara bölmək olar. Əsas səbəblər, ikinci, üçüncü
və c. dərəcəli səbəblər. Biz bu gün ölkənin bank
sistemində getdikcə artmaqda olan problemli kreditlərin yaranması səbəblərindən və bu vəziyyətin aradan
qaldırılmasının real ola biləcək yollarından bəhs edəcəyik. Problemli
krediti yaradan əsas səbəblər hansılardır? Araşdırmalar göstərir ki, bütün
fors major halları istisna olunmaqla, problemli kreditlərin yaranmasının
başlıca səbəbi, bankların kredit verdikləri müştərilər haqqında bilərəkdən və ya bilməyərəkdən kifayət qədər məlumat əldə etməmələridir. Yaranmış
durumun səbəblərini araşdırılarkən bəlli olur ki,
bizim banklar müştəriləri seçərkən heç onların barəsində ən adi
informasiyaları da əldə etmək istəməyiblər. Müştəri cəlb edərkən bir qayda olaraq kəmiyyət göstəricilərinə üstünlük verilib,
keyfiyyət göstəricilərinin olduğu isə tamamilə unudulubdur.
Belə "müştəri seçiminin” nəticələri göz
qabağındadır. Bu üsulla "kreditləşmə” bu gün bank sistemini çox ciddi problemlərlə üz-üzə qoyub. Bankların
tamahkarlığı və "kim daha çox
kredit verərsə o da daha çox qazanar” kimi ağılsız bir şüarla
bir-biri ilə apardıqları yarışma, onların çoxunu çökdürmək həddinə gətirib çıxarıb. Bəzi nüfuzlu beynəlxalq maliyyə qurumları cari
ilin sonuna banklardakı problemli kreditlərin 20-25%-ə qədər arta biləcəyini bəyan edirlər. Əslində bir çox banklar
artıq bu həddi çoxdan keçdiklərini yaxşı bilirlər. Sadəcə, gözləmə mövqeyi seçib, dövlətin onları bu
bataqlıqdan nə vaxt və necə çıxaracağını gözləyirlər. Belə olan halda istər – istəməz bir sual
yaranır. Əgər söhbət sonda gəlib dövlətin üzərinə çıxacaqsa, deməli dövlət bankların fəaliyyətini tam nəzarətdə saxlamağa və vurduqları zərərə görə onların
məsuliyyətini qanunla müəyyən etməyə borcludur. Necə ki, dövlət bunu ona zərər vuran başqa müəssisələr və vətəndaşlara münasibətdə edir.
Cinayət Məcəlləsi ilə dövlətə vurulan zərərə görə hər bir müəssisə və vətəndaş cinayət məsuliyyətinə cəlb edildiyi kimi,
bank da öz yanlış hərəkətləri nəticəsində dövlətə vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu gün
bankların fəaliyyətində nəticə etibarılə dövlətə zərər vuran əməllərin geniş kök salmasının əsas səbəbi də belə əməllərə görə onların məsuliyyətinin hüquqi müstəvidə konkret
qoyulmamasıdır. Bank krediti kimə gəldi paylayıraq onun geriyə ödənişini təmin edə bilmir, nəticə etibarilə əhalidən və müəssisələrdən cəlb etdiyi əmanətləri qaytarmaqda çətinliklərlə üz-üzə qalır. Belə olduqda o müflis
olmaq həddinə çatır. Bu məqamda yeganə xilas yolu isə dövlət dəstəyi olur. Digər tərəfdən bank əhalinin, mülkiyyət formasından
asılı olmayaraq müəssisə və təşkilatların sərbəst vəsaitlərini cəlb edib, onları başqa ehtiyacı olan tərəflərə kredit kimi satmaqla
qazanc əldə edən bir təşkilatdır.
Bundan başqa, o, eyni zamanda əhali və müəssisələr üçün müxtəlif
hesablaşmaları aparmaqla və onlara digər xidmətlər göstərməklə mənfəət əldə edir. Deməli hüquqları dövlət tərəfindən qorunan vətəndaşlara və müəssisələrə xidmət göstərən bank, öz fəaliyyəti ilə dövlətə zərər vurursa o qanun
qarşısında cavab verməlidir. Nə qədər ki, biz bankların məsuliyyətini bu səviyyədə qoymamışıq,
onların "daha çox qazanmaq hərisliyi” nə soykənən özfəaliyyəti davam edəcək və belə fəaliyyət nəticəsində yaranacaq
borcları sonda dövlət ödəməli olacaqdır.
Fikrət Yusifov
"Ekonomiks” Beynəlxalq İqtisadiAraşdırmalar Birliyinin sədri,
iqtisad elmləri doktoru, professor