AZE | RUS | ENG |

Problemli kreditlər məsələsi həll edilir

Problemli kreditlər məsələsi həll edilir
Prezident İlham Əliyev bununla bağlı aparılan işin son mərhələdə olduğunu bildirib

Azərbaycanda son illər geniş şəkildə sosial-iqtisadi layihələr həyata keçirilir. Bütün bunlar təbii ki, ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşmasına istiqamətlənib. Cəmiyyəti narahat edən sosial problemlər Azərbaycan hökumətinin daima diqqət mərkəzində olması da diqqətdən kənarda qalmır. Belə ki, şəhid ailələrinə "birdəfəlik müavinət”in, verilməsi, əmək haqlarının, pensiyaların və tələbələrin təqaüdlərinin artırılması buna misaldır. Bütün bunlarla yanaşı, əhalinin problemli kreditlərlə bağlı narahatlığı da Azərbaycan hökumətinin diqqətində olan məsələlərdəndir. Ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə də problemli kreditlər məsələsinə toxunulub. Dövlət başçısı qeyd edib ki, bu məsələ vətəndaşları narahat edir: "Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir”. Prezident vurğulayıb ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır: "Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında iqtisadçı ekspert Vüqar Byaramov bildirdi ki, Azərbaycan 2019-cu ilə struktur islahatları ilə yanaşı, sosial sferada aparılan islahatlar və sosial təminatın gücləndirilməsi ilə daxil olub: "Son 2 ayda bu sahələrdə aparılan islahatlar iqtisadi inkişafın daha dayanıqlı olmasını təmin edir, eyni zamanda, vətəndaşların iqtisadi islahatlardan daha çox faydalanmasına imkan yaradır. Bu baxımdan, Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilin ötən dövründə həyata keçirilən fəaliyyətləri və islahatları qiymətləndirməklə yanaşı, növbəti aylar üçün prioritetləri müəyyənləşdirdi. Geridə qoyduğumuz 2 ay sosial təminatın gücləndirilməsi baxımından yadda qaldı. Bir tərəfdən minimum əməkhaqqı, pensiyalar artırıldı, sosial sferada vətəndaşları maraqlandıran kifayət qədər ciddi və əhəmiyyətli işlər görüldü. Eyni zamanda, istismara alınmayan binaların istismara alınması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan müvafiq fərmana uyğun olaraq bina evlərində yaşayan mənzil sahiblərinin çıxarışla təmin olunması ilə bağlı aparılan tədbirlər xüsusi qeyd olunmalıdır. Müşavirədə müzakirə edilən məsələlərdən biri də problemli kreditlərin həll edilməsi ilə bağlı ölkə başçısı tərəfindən göstərişin verilməsi və bununla bağlı fərqli təkliflərin müzakirəsi, bu məsələnin araşdırılması oldu. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımın atılması vətəndaşlarımızı daha çox narahat edən məsələlərdən birinin yaxın zamanlarda həll edilməsi anlamına gəlir. Praktiki olaraq bu, ondan xəbər verir ki, hazırda Azərbaycan vətəndaşını maraqlandıran sosial məsələlər dövlət başçısının diqqət mərkəzindədir. Xüsusən son aylar sosial təminatın gücləndirilməsi ilə bağlı atılan addımlar, ölkə başçısı tərəfindən fərqli problemlərin araşdırılması və həll edilməsi ilə bağlı verilən göstərişlər vətəndaşların sosial təminatının gücləndirilməsi, bütövlükdə iqtisadiyyatın inkişafı və inklüziv inkişaf baxımından çox vacibdir”. V.Bayramov vurğuladı ki, problemli kreditlər kredit portfelinin 12 faizini, yəni 1 milyard 585 milyon manat təşkil edir: "Qiymətləndirmələr göstərir ki, təxminən 800 milyon manata ehtiyac var. Problemli kreditlərin həlli mərhələli şəkildə həyata keçiriləcək. Bu təbii ki, əhalinin sosial müdafiəsini gücləndirməsi baxımından çox vacibdir. Problemli kreditlərlə bağlı məsələnin həll edilməsi nəticədə vətəndaşın aylıq ödənişinin azalmasına gətirib çıxaracaq. Güman edirəm ki, bu məsələnin həlli sosial təminatın gücləndirilməsi istiqamətində bir addım olacaq”. İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, problemli kreditlər uzun müddət öz həllini gözləyən məsələ idi: "Əhali kreditləri vaxtında qaytara bilmədiyi üçün onların üzərində faizlər, dəbbələr və sair formada təzyiqlər formalaşıb. Müəyyən dövrdə məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin sayı hətta 700 minə çatıb. Bu da onu göstərir ki, həm vətəndaşın, həm də biznesin maliyyə yükünün artması baxımından problemli kreditlər son 3 ildə bütün sosial qruplar üzərində çox kəskin ağırlıq formalaşdırır”. R.Həsənov qeyd etdi ki, problemli kreditlərin həlli bank sektoru, eləcə də iqtisadiyyatın digər sektorları üçün əhəmiyyətlidir: "Hansı formada aradan qaldırılması müzakirə olunan məsələdir və hazırda bununla bağlı ciddi bir məlumat yoxdur. Amma bu problemin həlli ilk olaraq bank sektoru üçün əhəmiyyətli olacaq. Çünki bank sektorunun mövcud çətinlikdən çıxarılması və sağlamlaşdırılması prosesi, eyni zamanda konsolidasiya siyasətinin özü məhz problemli kreditlər probleminin həll edilməsi məsələsindən keçir. Bankların likvidikliyi, real iqtisadiyyata kredit qoymaq imkanları artır, mənfəət norması yüksəlir və sair. Yəni, istənilən halda problemli kreditlərin həll edilməsi ölkə vətəndaşı və biznes üzərində yükü aradan qaldıra bilər. Təbii ki, bu, həll edilmə mexanizminin necə olmasından da çox asılı olacaqdır. Bəzi təkliflərə görə müəyyən dövr ərzində bu vəsaitlərin dövlət tərəfindən, yaxud da digər alternativ mənbələrdən kompensasiya edilməsi və sonradan geri qaytarılması mümkündür. Bu mexanizmin işlənib hazırlanması indiki halda bir neçə tərəfin iştirakı və qarşılıqlı güzəştlər yolu ilə, konkret olaraq xərclərin bir qisminin vətəndaş üzərindən götürülməsi formasında olsa, daha doğru olardı. Belə olduğu halda, insanların iqtisadi aktivliyi və biznesin təşəbbüskarlığı da arta bilər”.   B. Məmmədli

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311