• çərşənbə axşamı, 19 mart, 11:55
  • Baku Bakı 8°C

Problemlərini “dalaşaraq-qırışaraq” həll edən ailə - Ailə

27.04.18 12:30 5938
Problemlərini “dalaşaraq-qırışaraq” həll edən ailə - Ailə
Arifə Mikayılova: "Sevgi varsa, səbirsizlik də, sosial çətinliklər də insanın vecinə olmur”
Pozitiv və səmimidirlər. Elə onları bir-birinə cəzb edən də bu xüsusiyyətləri olub. Dostluqla başlayan münasibət ailə qurmaqla nəticələnib. Onlara görə, yalnız sevgi xoşbəxtlik demək deyil. Ailədə sevgi ilə yanaşı, fədakarlıq, səmimilik varsa, xoşbəxtlik də məhz oradadır.

Rubrikamızın budəfəki qonaqları 5 ildir eyni həyatı bölüşən jurnalist Tural İbadlı həyat yoldaşı Arifə Mikayılovadır. Cütlüyümüzün Azad və İzel adlı iki övladları var.

Bakı Jurnalistika Məktəbində tanış olublar. Kursa 1 həftə sonra gələn Turalın təqdimatı Arifənin diqqətini çəkib. Səmimi, mehriban kurs yoldaşı olublar, 2 il sonra isə evləniblər: "Tural kursa bir həftə sonra gəlmişdi. Həmin gün fikrim ancaq kompüterdə idi. Tural çıxış edərkən, danışığı diqqətimi çəkdi və kompüterdən ayrılıb baxdım. O gündən sonra çox səmimi dost olduq. Amma ailə quracağımız ağlıma belə gəlməzdi. Kursdan sonra həmkar olduğumuz üçün təlimlərdə, tədbirlərdə tez-tez görüşürdük. Bir dəfə montaj proqramını öyrənməli idim. Tural telefon nömrəsini mənə verdi ki, axşam zəng vurub yadıma salarsan, proqramı göndərərəm. Axşam zəng vuranda çox təəccüblə cavab verdi”.

Tural: "Arifə zəng vuranda, dayımgildə qonaqlıqda idim. Hər kəs Arifə ilə danışdığımı hiss edib, "qızla danışır” deyib zarafatlaşmağa başladılar. Ona görə, özümü itirdim”.

"Arifəyə dedim ki, avtobusun pulunu ver”

Tural deyir ki, ilk dəfə kursa gələndə Arifə diqqətini çəkməyib. Arifəni tanıdıqca, sevməyə başlayıb: "Düzünü desəm, kursa ilk dəfə gələndə qeyri-adi hissim yox idi. Amma sonra bütün günü bir yerdə tədbirlərdə, kurslarda olurduq. Həm işləyirdik, həm də oxuyurduq. Mən işdən çıxdığım yerdə, təsadüfən Arifə işə düzəldi. Söhbətimiz daha da səmimiləşdi. Onunla hər gün maraqlanır, kollektiv haqqında danışırdıq. Hətta bir dəfə avtobusa minmişdim. Pulqabım yadımdan çıxıb evdə qalmışdı. Arifəyə zəng vurdum ki, özünü təcili "elmlərə” çatdır, gediş haqqını ver, avtobusdan düşə bilmirəm. İki dəqiqədən bir də zəng vururam ki, harda qaldın. Arifə çatana qədər sürücü məni avtobusdan qovdu (gülürlər)”.

"Anama gəlin ola bilər”

Arifə: "Tural çox mehriban, ünsiyyətcil və zarafatcıldır. Bu keyfiyyətləri diqqətimi çəkirdi. Kursda bizi həmişə güldürürdü. Kursda növbətçilik var idi. Hər gün bir nəfər qabları yuyurdu. Bir dəfə gördüm ki, Tural kefsiz şəkildə oturub. Həmin gün növbətçi idi. Yazığım gəldi, qabları onun yerinə mən yudum. Tural çox fərqli idi, başqalarından seçilirdi. Bu xüsusiyyətlərini çox sevirdim”.

Tural: "Arifə qabları yuyanda, xoşuma gəldi. Fikirləşdim ki, anama gəlin ola bilər. Həm də mən zarafat edəndə, Arifə mənim zarafatlarıma çox gülürdü, bu da xoşuma gəlirdi (gülürlər-A.Ə). Mən insanları tanıya bilirəm. Arifəyə qədər çox dostum-tanışım olub. İnsan var ki, hər yerdə davranışları fərqlidir. Arifə elə deyildi. Axtardığım sədaqəti, səmimiliyi Arifədə tapdım. Ailə qurmaq ciddi məsələdir. Özünə həyat yoldaşı seçmək asan qərar deyil. Həqiqətən götür-qoy etmək lazımdır. Həyat yoldaşı məsləhət ala biləcəyin insan olmalıdır. Ən əsası, iş mühitini anlamalıdır. Jurnalistika elə sənətdir ki, konkret iş saatı yoxdur. Bəzən olur ki, çox gec saatlarda evə gəlirəm. Bunu da ancaq jurnalistikadan anlayan qadın başa düşə bilərdi. Axtardığım bütün kriteriyaları Arifədə tapdım. Yoxsa, anamın o qədər siyahısı var idi ki... Amma mənim ailə quracağım insan mütləq təhsilli, savadlı olmalı idi. Təhsilsiz insanla mən necə söhbət edə bilərdim?! Həyat yoldaşınla söhbət də maraqlı olmalıdır. Nəyisə müzakirə edə bilməlisən. Məni ən vacib kriteriyam o idi ki, həyat yoldaşım məndən çox bilsin və ondan nə isə öyrənim. Arifə təhsilli, dünyagörüşlü, savadlı qız idi. Ən əsası məndən çox bilirdi. Mən nəyisə səhv edəndə, deyir bu elə yox, belə olmalıdır. Qadın maraqlı olmalıdır. Səndən çox bilən adamla danışmaq, bölüşmək, məsləhətləşmək insana zövq verir”.


"Niyə də olmasın...”

Tural Arifəni münasibətə razı salmaq üçün bütün xüsusi günlərdə təbrik edir, onunla tez-tez maraqlanırmış: "Gördüm ki, əl çəkmir. Hər gün bir bəhanə ilə zəng vurub, mənimlə maraqlanır. Çox diqqətcil idi. İndi unutsa da, o vaxt xüsusi günləri unutmurdu. Ad günümü gecə saat 12-dən təbrik edirdi. O vaxt "Bakcell”in "7 qəpik” tarifi təzə çıxmışdı. Tural bu tariflə bir saat mənimlə, rəfiqəmlə danışırdı. Rəfiqəm mənə zəng vurub deyirdi ki, Turalla danışmaqdan yorulmuşam. Hər gün yığıb bir saat səninlə maraqlanır. Mən də həmişə Turala müsahib nömrələri üçün müraciət edirdim. Sonra fikirləşdim ki, niyə də olmasın”.

Amma Turalın sərbəstliyi, tez-tez xarici ölkələrə getməsi, qız dostları ilk günlər Arifəni qısqandırıb: "Arifə ilk vaxtlar çox qısqanırdı. Bir dəfə mənim "facebook” parolumu almışdı. Mənə də deyir ki, bəs sən niyə istəmirsən? Deyirdim ki, mən istəmirəm. Sən bax. Dalaşırdı ki, yox, sən də mənim parolumu istə”.

Arifə: "Vicdan əzabı çəkirdim. İstəyirdim ədalətli olsun. Amma indi elə deyiləm. Tanıma prosesində normal qısqanclıqlar idi. Bilirəm ki, onun işi budur və çevrəsindəki qadınlarla mənim də münasibətim var”.


"Problemi dalaşaraq, qırışaraq həll edirik”

Cütlüyümüz jurnalist ailəsinin çətinliklərindən də danışdı. Arifə deyir ki, Turalın tez-tez səfərə çıxması, iş stressi evdəki münasibətlərinə təsirsiz ötüşmür: "Tural bəzən evə gec gəlir. Səfərlərdə çox olur. Uşaqlar üzünü görmür və atalarından ötrü darıxırlar. Bəzən həftəsonu da tədbirə gedir. Jurnalistin işi həmişə stressli olur. O da bəzən stressini evdə hiss etdirir”.

Tural: "Mən çox həssasam və adi şeylərə əsəbiləşirəm. Bu da stressli olmağıma səbəb olur. Məsələn, adi bir söz deyirəm, ikinci dəfə soruşanda əsəbiləşirəm. Jurnalistikanın stressli olmağı çox pisdir. Qalan hər şey yaxşıdır”.

Hər ailədə olduğu kimi, jurnalist həmkarlarımızın da ailəsində müəyyən problemlər olur. Amma onlar özlərinə xas şəkildə bu problemin də öhdəsindən gəlirlər. Arifə deyir ki, dalaşaraq, qırışaraq həll edirlər: "Münaqişə olanda hamı özünü haqlı hesab edir. Ona görə də dava-dalaş olur. Bizim ailədə hər ikimiz od oluruq . Dalaşandan sonra görürəm ki, söhbəti belə həll etmək mümkün deyil, kənara çəkilib, öz-özümə deyinirəm. Qayıdanda görürəm ki, Tural susub oturub”.


"Tural da 3-cü uşaq olur”

Tural: "Mən bəzən yola verirəm. Məsələn, Arifə deyir ki, Tural filan şeyi edərsən. Deyirəm ki, yaxşı, narahat olma. Sonra yadımdan çıxır, etmirəm. Bütün "yaxşı”lar yığılıb problemə çevrilir. Arifə istəyir ki, işlər bölüşdürülsün. Amma məndə elə deyil. Həqiqətən yadımdan çıxır. Sonra da Arifə deyir ki, niyə etmədin?”

Arifə: "Evə onsuz da gec gəlir. İstəyirəm ki, mənə kömək etsin, işim yüngülləsin. Amma əksinə olur. Tural da 3-cü uşaq olur. Elə bil iki yox, 3 uşağım var. Amma uzun müddət küsülü qalmırıq. Sakitləşəndən sonra ikimiz də oturur, danışır, problemimizi həll edirik. Mən də səbirsizəm, o da mənim xüsusiyyətimdir. Mənə deyirlər ki, səbirli ol, sus. Amma mən də həmin vaxt susmuram. Tural da ilk 3-5 dəqiqə əsəbi olur. Sonra sakitləşir. Müzakirə vaxtı deyir ki, günah ondadır. Bizim mübahisələrimizdə 90 faiz günah Turalda olur”.


"Hesabat verməyi xoşlamıram”

Cütlüyümüz bir-birində sevmədikləri xüsusiyyətlərdən də danışdı. Tural deyir ki, hesabat verməyi xoşlamır: "Arifə çox deyinir. Mən hesabat verməyi xoşlamıram. Deyirəm filan yerə gedirəm. Subay olanda da anam hesabat soruşanda əsəbiləşirdim. Bir də bir şeyi ikinci dəfə deyəndə əsəbiləşirəm. Deyirəm bunun bayaq dedim axı... Yaxud hansısa problem olur. Mən bilirəm ki, problemin həlli budur. Məsələn, Arifə deyir ki, uşağın otağının divar kağızını dəyişək. Mən deyirəm ki, birinci istilik sistemini çəkdirək, sonra divar kağızını dəyişək. Arifə deyir ki, yox, birinci divar kağızını dəyişək. Mən onun maddi tərəflərini, qazanclarını riyazi izah edirəm, həll olunur. Amma əvvəl mübahisə yaranır, sonra həll olunur. Mən bilirəm ki, istilik sistemi çəkiləndə divar dağılmalıdır. Arifə deyir yox, birinci divar kağızı vurulmalıdır”.

Arifə: "Tural çox səbirsizdir. Mən də Turala deyirəm ki, icazə almırsan. Həyat yoldaşları bir-birini xəbərdar etməlidir. Amma əsəbiləşsə də, planlarını mütləq öyrənirəm. Sevdiyim üçün Turalın bütün səbirsizliyinə dözürəm. Ümumiyyətlə, sevgi varsa, sosial çətinliklər də insanın vecinə olmur. Ailədə xoşbəxtliyin sirri sevgidir. Çətinliyə, həmin insanı sevirsənsə, dözə bilərsən. İki kəlimə içdən gələn söz insanı dəyişir, pozitiv düşünürsən. Hər şeyin başında sevgi dayanır. Sevgi bütün çətinlikləri aşır”.

Cütlüyümüz ailə qurarkən sıfırdan başlayıb. Tural deyir ki, 4 il sonra ev alıblar: "Biz sıfırdan başladıq. 4 il kirayədə qaldıq, amma sosial çətinlikləri problem etmədik. Daha sonra ev tikdik. Bizim cəmiyyət lüks ev tikmək, bahalı əşyalar almaq üçün borc-xərc edirlər. Əslində, başını içinə sala biləcəyin, isti evin varsa bu, xoşbəxtlikdir. Ailədə qadın pul dağıdırsa, o ailədən ailə olmaz. Mən pul xərcləyənəm, amma Arifə yığıcıdır”.

Arifə: "Müasir qızlar başa düşmür ki, gəncin birdən-birə hər şeyi ola bilməz. Ailə nədir bəs? Ailənin təməlini bir yerdə qurmaq lazımdır. Onda bağlar daha güclü olur. İnsana maddiyata görə yanaşmaq düzgün deyil. Əsas onun əxlaqı, savadı, ağlı olmalıdır. Ağlı, fərasəti varsa, hamısı həll olunacaq. Qadın həyat yoldaşına ruh yüksəkliyi verməlidir. Sosial çətinliklərimiz oldu, amma bu, bizim münasibətimizi sarsıtmadı”.


"Əlindən zəhər olsa da, yeyərəm”

Mətbəx məsələsinə gəldikdə isə ilk günlər yemək baxımından Turalın bəxti gətirməyib. "Sənin əlində zəhər olsa da, yeyərəm” desə də, bu sözünə sona qədər sadiq ola bilməyib: "Evliliyimizin ilk aylarında yemək bişirə bilmirdim. Gürcüstanda yaşadığımız üçün anamla da əlaqə saxlayıb soruşa bilmirdim. İlk bişirdiyim aşı yandırmışdım. Tural da həvəslə yeyirdi ki, ləzzətlidir. Deyirdi əlində zəhər olsa da yeyərəm. Bir dəfə Tural toyuq əvəzinə pətənə almışdı. Mən də bilmirdim onu necə bişirmək lazımdır. Qupquru olana qədər tavada qızartdım. Tural da ləzzətlə yeyirdi. Milli yeməklər bişirəndə çətinlik çəkirdim. Tural axır dilə gəldi ki, bəsdir də, bütün mətbəxlərin dadına baxdıq, öz yeməklərimizdən bişir”.

Tural: "Evə gələn kimi qoxudan bilirdim ki, Arifə yenə yeməyi yandırıb”.

Sonda gənc ailələrə məsləhət verən cütlüyümüz vurğuladı ki, ailə qurarkən mütləq özləri seçim etsinlər: "İnsanın öz etdiyi səhv olsa belə, bilirsən ki, öz səhvindir. Amma başqasının istədiyini etsən, çox peşman olursan. Özünə həyat yoldaşı seçə bilməyən adam, başqa yerdə necə uğur qazana bilər? Ömür boyu yaşayacağın insanı özün seçməlisən. Bəzi ailələr var ki, nişanda, yaxud toy günü tanış olurlar. Danışmadan, tanımadan, bilmədən onunla necə yaşaya bilərsən? Mütləq tanıyıb, ünsiyyət qurub, sevib-seçib evlənmək lazmdır”.

Aygün ƏZİZ








banner

Oxşar Xəbərlər