• cümə, 29 Mart, 14:27
  • Baku Bakı 14°C

Prioritet məsələ ərazi bütövlüyümüzün bərpasıdır

24.10.13 08:57 2580
Prioritet məsələ ərazi bütövlüyümüzün bərpasıdır
Prezident İlham Əliyev 19 oktyabrda keçirilmiş andiçmə mərasimindəki geniş nitqində hazırda qarşıda duran əsas prioritet məsələnin ərazi bütövlüyümüzün bərpası olduğunu bəyan edib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağı olmaqla, onun ayrılmaz hissəsidir və heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir: «Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz».
Prezident çıxışında xüsusi olaraq vurğulayıb ki, son 10 il ərzində münaqişənin həlli üçün atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar Azərbaycanın mövqeyini daha da möhkəmləndirib: «Son 10 il ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Hesab edirəm ki, bizim bu istiqamətdə səylərimiz davam etdiriləcəkdir. Çünki bir halda, bilavasitə bu qətnamələr münaqişənin həllinə gətirib çıxarmır, eyni zamanda, biz hüquqi bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və sadaladığım bu təşkilatlarda cəmləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir. Beləliklə, dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır».
Dövlət başçısı problemin həlli istiqamətində növbəti illərdə də səylərin artırılacağını, hər vasitə ilə Ermənistanı tutduğu qeyri-konstruktiv mövqeyindən çəkindirməyə istiqamətlənmiş bugünkü siyasətin davam etdiriləcəyini bəyan edib: «Biz bundan sonra da siyasi və diplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Çünki haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir».
Prezident İlham Əliyev diplomatik səylərlə yanaşı, Dağlıq Qarabağ probleminin ədalətli həlli naminə ötən 0 il ərzində ordu quruculuğu və hərbi büdcənin artırılması sahəsində də mühüm addımların atıldığını qeyd edib və bildirib ki, hazırda hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır.
Ordunun müasir silah-sursatla təminatının yüksək səviyyədə öz həllini tapdığını söyləyən dövlət başçısı hərbi təyinatlı malların idxalı ilə yanaşı, yerli müdafiə sənayesinin inkişafına da böyük diqqət ayrıldığını bildirib: «Son on il ərzində alınmış silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasındakı hərbi balansı artıq pozmuşdur. Bizim üstünlüyümüz dəfələrlə ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Əminəm ki, bu amillər, diplomatik səylər və ümid edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxaracaqdır».
Azərbaycanın Ermənistandan bütün sahələrdə qat-qat güclü olduğunu qeyd edən İlham Əliyev gec-tez ədalətin bərpa olunacağını vurğulayıb: «İqtisadi gücümüz bizim tərəfimizdədir. Haqq-ədalət, tarixi həqiqət bizim mövqeyimizi müdafiə edir. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır. Biz növbəti beş il ərzində bu münaqişənin həlli üçün öz ardıcıl siyasətimizi davam etdirəcəyik. İlk növbədə, dövlət siyasəti aparılacaqdır. İctimai qurumlar da bu işlərdə çox böyük fəallıq göstərirlər. Xocalı soyqırımını soyqırımı kimi dünyada tanıtdırmaq üçün artıq gözəl imkanlar vardır. Bir neçə ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu proses davam etməlidir».
Dövlət başçısı Ermənistanın öz təhlükəsizliyini təmin etmək qüdrətində olmayan bir dövlət olduğunu və açıq şəkildə Azərbaycandan qorxduğunu, onun qarşısında aciz qaldığını etiraf etdiyini də qeyd edib: «Son illərin təcrübəsi onu göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb».
İlham Əliyev nitqində güclü Azərbaycan dövləti adından Ermənistan rəhbərliyinə ciddi mesaj da göndərib: «Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik».
Çıxışında dövlət başçısı strateji hədəf olaraq azərbaycanlıların bütün tarixi torpaqlara qayıtmalı olduqlarını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti, gənc nəsil, bütün vətənpərvər insanlar tarixi ədalətin bərpa edilməsi amalı ilə yaşamalıdır: «Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək».
Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın hücum diplomatiyasına bundan sonra da üstünlük verəcəyini bəyan edib.
Dövlət başçısı nitqində, həmçinin əmin olduğunu bildirib ki, tezliklə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır: «Bir daha demək istəyirəm, məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri üzərində öz həllini tapmalıdır».
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər