• cümə, 29 Mart, 14:34
  • Baku Bakı 14°C

Prezidentliyə namizəd İvanişvilini sərt tənqid etdi

25.07.13 10:05 1664
Prezidentliyə namizəd İvanişvilini sərt tənqid etdi
Gürcüstanda prezident seçkilərində namizədlər arasında qarşılıqlı ittihamlar, eləcə də ən müxtəlif bəyanatlar səslənməkdə davam edir. Bəlli olduğu kimi, bir vaxtlar Mixail Saakaşvili ilə birlikdə “qızılgül inqilabı” etmiş sabiq spiker Nino Burcanadze də prezidentliyə iddialılar arasındadır. Qonşu Rusiyanı bir vaxtlar kəskin tənqid edən Burcanadze indi artıq hesab edir ki, Rusiya ilə münasibətlərini normallaşdırmadan inkişaf etmiş Gürcüstan qurmaq mümkün deyil.
“Demokratik hərəkat”ın lideri iki dəfə - 2003-2007-ci illərdə prezident səlahiyyətlərini icra edib. Birinci dəfə Eduard Şevardandzeni, ikinci dəfə isə Mixail Saakaşvilini. İndi isə Burcanadze oktyabrın 27-də keçiriləcək prezident seçkiləri postuna iddialıdır. Bununla bağlı Rusiyanın “İzvestiya”nın suallarını cavablandıran eks-spikerə təbii ki, birinci sual Rusiya ilə bağlı ünvanlanıb. O, Rusiya hakimiyyətinin yürütdüyü siyasətdə daha çox savad, səlahiyyətin çatmadığını dilə gətirərək, hər bir şeyin öz adı ilə çağırmağı cəsarətlilik adlandırır. Onun sözlərinə görə, Gürcüstan - Rusiya münasibətlərini normallaşdırmadan heç bir zaman normal, inkişaf etmiş, vahid bir dövlət qurmaq mümkün deyil: “Koalisiya Rusiya ilə münasibətlərin normallaşması barədə danışır. Lakin bu zaman real olaraq hansısa bir addım atmağa cürət etmir. Ola bilsin ki, bunu “rusiyayönümlü orientasiya”da ittiham olunmamaqla bağlı atır. Digər tərəfdən biz müşahidə edirik ki, hakim koalisiya qərbin bütün nümayəndələrinə qul nəzərləri ilə baxır. Merabişvilini həbs etdilər və indi də buna görə az qala ondan üzr istəməyə hazırlaşırlar. Hakimləri tənqid etdilər, sonra isə vəd edirlər ki, onlara toxunmayacaqlar”. Eks-spiker vurğulayıb ki, məhz həmin hakimlər illər ərzində siyasi sifarişli qərarlar qəbul edirdilər: “Onlar praktiki olaraq “Stalin üçlükləri”dir. Məhz onların köməyi ilə Gürcüstanda 190-dan artıq siyasi məhbus yaranıb. “Gürcü arzusu” vətəndaşların intim həyatını əks etdirən 12 mindən artıq fayl və məxfi çəkilişi ölkə xaricindən kənarda izah edə bilmədi”.
Nino Burcanadze qalib gələcəyi təqdirdə “Gürcü arzusu”na müxalif olacağı barədə suala da cavab verib. O bildirib ki, bu istisnadır: “Başa düşürəm, seçilən prezident öz hökumətinə və yaxud parlamentinə müxalifətdə ola bilməz. Dövlət başçısı cəmiyyəti birləşdirməyə yönəlmiş siyasət yürütməlidir. Bu səbəbdən də mən qalib gələcəyim təqdirdə baş nazir Bidzina İvanişvili ilə aktiv əməkdaşlıq etmək istəyirəm. Ona gürcü siyasətində əsas məqsədlərə çatmaq üçün çox böyük dəstək gərəkdir. Mənim prioritetlərim - ədalətin bərpası, beynəlxalq arenada, ilk növbədə Rusiya-Gürcüstan münasibətlərində dəyişiklik yaranmasına nail olunmasıdır. Bu çox vacibdir”. Keçirilən rəy sorğularının nəticələrinə görə, seçkilərdə ikinci turun olacağı ehtimal olunur. Reytinq göstəricilərinə görə, “Gürcü arzusu”ndan prezidentliyə namizəd Georgi Marqelaşvili və Burcanadze də bu siyahıya düşə bilər. Eks-spiker də ikinci turun keçirilə biləcəyini ehtimal edir: “Mən özümün birmənalı şəkildə qələbə qazanacağıma əminəm” - deyən eks-spiker əlavə edib ki, cəmiyyətdə əhval-ruhiyyəyə yaxşı bələddir. “Bundan əlavə, mən yeganə namizədəm ki, reytinqi günlərlə deyil, saatlarla yüksəlir. Xalq arasında artıq “Gürcü arzusu”ün fəaliyyətindən narazı olanlar yaranıb. Ədalətin bərpa olunması əvəzinə insanlar bəlli olmayan bir xətt əldə ediblər. Mixail Saakaşvilinin nəzarətində olan “Vahid Milli Birlik”lə birgə fəaliyyət aparılır. Bu da gürcü siyasətinin bütün sahələrində özünü göstərir. Saakaşvili dövründə siyasi baxışlarına görə işdən qovulan ən müxtəlif peşələrin sahiblər, o cümlədən müəllimlər, həkimlər, mühəndislər gözləyirdilər ki, onu bərpa edəcəklər. Lakin ədalət yalnız “Gürcü arzusu” nümayəndələrinə qarşı bərpa edildi. Əhalinin digər bir qismi barədə isə heç danışılmır da” deyə o bildirib. Onun qənaətincə, “Gürcü arzusu” müstəqil şəkildə problemləri həll etmək iqtidarında deyil: “Real pozitiv sıçrayışlar baş vermədi”. O ki qaldı beynəlxalq arenaya – Burcanadze bildirib ki, “burada böyük dəyişikliklər gözləyirdilər. Məsələn, Rusiya istiqamətində. Lakin siyasi proses asılı vəziyyətdə qaldı. Əvəzində Rusiya Gürcüstanın içərilərinə doğru - Cənubi Osetiya istiqamətində sərhədlərini genişləndirməyə başladı. İnsanlar anlayır ki, şərab, meyvələr və birbaşa reyslər istiqamətində danışıqlar lazımdır. Lakin vacib olanı başqadır. Yəni artıq koalisiyanın seçkiqabağı verdiyi vədlərin öhdəsindən gələ bilməyəcəyinə inananlar günbəgün artır. Mən isə vəd verirəm ki reallıqda onları yerinə yetirə bilərəm”. Eks-spiker Saakaşvilinin seçkilərdən taleyinə də toxunub. O vəd edib ki, qalib gələcəyi təqdirdə, Saakaşvili rejimi dövründə törədilən cinayətlərin obyektiv təhqiqatını aparacaq. Obyektiv və müstəqil təhqiqatın aparılacağını vəd edən Burcanadze bu halda əmindir ki, Saakaşvili və onun komandası həbsxana divarları arxasına düşəcək: “Saakaşviliyönümlü “Milli Birlik” hərəkatı isə hesab edirəm ki, qadağan edilməlidir. Minimum müəyyən müddətə siyasi həyatdan uzaqlaşdırılmalıdır. Ola bilin bu, qərbdə kiminsə xoşuna gəlməsin. Lakin mən məsələnin qərbli həmkarlarımı, opponentlərimizə məsələnin mahiyyəti ilə bağlı obyektiv məlumat verəcəyəm. Bundan sonra əminəm ki, Saakaşvilini müdafiə edənlər az olacaq”. Nino Burcanadze hesab edir ki, bir neçə il bundan əvvəl Rusiya ilə Gürcüstan arasındakı müharibənin baş verməməsi üçün hər şey etmək olardı: “Mən müharibəyə dörd gün almış vəzifəmdən getmişdim, postumda qalsaydım, onun qarşısını ala bilərdim. Həmin dövrdə mənim Saakaşvili və onu ətrafına təsir etmək imkanlarım azalırdı. Spiker olan zaman mümkün qədər bunun qarısını almağa çalışırdım. Məsələn 2008-ci ilin aprelində. O zaman Saakaşvilinin ətrafı Rusiyaya müharibə etməyə çalışırdı. Mən bunun qarşısını aldım və prezidenti yaşana biləcək fəlakətdən qaçmağa çağırdım. Lakin onun komandası Saakaşvilini inandırmağa çalışırdı ki, Rusiyanın tankları paslanıb və biz qalib gələcəyik. Əgər Gürcüstanda normal, keyfiyyətli prezident olsaydı, biz müharibədən qaça bilərdik. Rusiyada da müharibənin baş verməsində maraqlı qüvvələr var idi. Onlar üçün Saakaşvilini təxribata çəkmək əlverişli idi”. Sonda isə eks-spiker qalib gələcəyi təqdirdə, ilk səfərini Rusiyaya edəcəyini deyib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər