• çərşənbə axşamı, 23 aprel, 16:57
  • Baku Bakı 24°C

Prezidentlərin görüşü yenə nəticəsiz bitəcək

12.03.14 11:48 1425
Prezidentlərin görüşü yenə nəticəsiz bitəcək
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” sosial şəbəkəsindəki səhifəsində bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutacağına inandığını yazıb. Həmçinin qeyd edib ki, yalnız dövlət başçıları sülh problemi ilə bağlı çətin məsələləri müzakirə edə bilərlər.
Yerli politoloqlar isə görüş baş tutacağı təqdirdə belə, hər hansı müsbət nəticənin əldə olunacağına ümid etmirlər.
Politoloq Elman Nəsirov qəzetimizə verdiyi açıqlamasında Uorlikin bu yazısının onların prezidentlər səviyyəsində görüşün keçirilməsində maraqlı olduqlarının göstəricisi hesab etdiyini dedi: “Vyana danışıqlarında razılaşma əldə edilmişdi ki, qarşıdakı aylarda prezidentlərin görüşü keçirilsin. Həmsədrlər çox yaxşı anlayırlar ki, belə görüşlər keçirilməsə, böyük pauzalar yaransa, bu, atəşkəs rejiminin kəskin şəkildə pozulmasına, hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər. Onlar öz fəaliyyətlərində bir məqam haqqında çox yüksək fikir səsləndirirlər. Gördükləri işləri qiymətləndirdikdə vurğulayırlar ki, onların 22 illik fəaliyyətləri olmasaydı atəşkəs rejimi qorunub saxlanmaz, müharibə qarşısıalınmaz olardı. Yeri gəlmişkən, bu il martın 24-də ATƏT-in Minsk qrupunun yaradılmasının 22 ili tamam olur. Deyilənlərdən belə çıxır ki, həmsədrlər üçün ən aktual məsələ heç də münaqişənin həlli deyil. Onlar sadəcə hadisələrin müharibə ssenarisi üzrə inkişaf etməməsinə çalışırlar. Ona görə də amerikalı həmsədr tezliklə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsini istəyir”.
Politoloq bu görüşün arzu olunmasını təsadüfi hesab etmir: “Martın 3-də Ermənistan xarici işlər nazirini Parisə dəvət etdilər, martın 10-da Azərbaycan xarici işlər naziri orada oldu və həmsədrlərlə danışıqlar apardı. Martın 11-də isə həmsədrlərin Moskvaya səfəri planlaşdırılıb. Ermənistan mətbuatının yazdığına görə Nalbandyan da Moskvada olacaq. Bunun ardınca isə martın 13-də Nalbandyan yenidən Parisə gedəcək və fransalı həmkarı ilə görüşəcək. Göründüyü kimi, intensivlik baxımdan bu məsələdə heç bir problem yoxdur. Həmsədrlərin regiona səfəri də tez-tez baş tutur. Amma Ermənistan tərəfinin son dövrdə verdiyi bəyanatların xronikasını hazırlasaq görərik ki, münaqişənin həlli ilə bağlı heç bir pozitiv, konstruktiv mövqe yoxdur. Bir çox hallarda hətta geriçəkilmə müşahidə olunur. Belə olan təqdirdə prezidentlər səviyyəsində görüş keçirilsə belə, irəliyə doğru hər hansı addım atılacağına ümid yoxdur”.
E.Nəsirov qeyd etdi ki, görüşün uğursuz olacağı barədə düşünmək üçün digər əsaslar da var: “Dünyadakı erməni lobbisi və diasporunun son dövrlər verdiyi bəyanatlara fikir versək, 2014 və 2015-ci ili münaqişənin həlli üçün uğursuz hesab etmək olar. Əslində, onlar uğursuz ifadəsini işlətmirlər. Deyirlər ki, bu iki ildə Ermənistanın hansısa güzəştə getməyə mənəvi haqqı çatmır. Çünki bu il Birinci Dünya Müharibəsinin başlamasının 100 ili tamam olur və guya həmin müharibə zamanı qondarma erməni soyqırımı baş verib. 2015-ci ildə isə o qondarma soyqırımın 100 illiyidir. Bildirilir ki, güzəşt olarsa, guya qətlə yetirilmiş milyon yarım insanın ruhuna hörmətsizlik olar. Hesab edirəm ki, həmsədrlər bu dəfə sırf hərbi əməliyyatların başlamaması üçün canfəşanlıq edirlər. Son sözü prezidentlər deyir deyə, istəyirlər ki, onların görüşü baş tutsun. Xarici işlər nazirlərinin funksiyası prezidentlərin görüşü üçün münbit şəraiti təmin etməkdir, əsas qərarı onlar verə bilməzlər. Həmsədrlər nazirlərlə tez-tez görüşürlərsə, bunun ardınca prezidentlərin görüşü keçirilmirsə, deməli, ortaq nöqtəyə gəlinməyib. Şübhəsiz ki, buna səbəb Ermənistan tərəfinin düzgün mövqe sərgiləməməsidir”.
Politoloq Qabil Hüseynli də prezidentlərin növbəti görüşü təşkil olunacağı təqdirdə pozitiv addım müşahidə edilməyəcəyini vurğuladı: “Prezidentlərin görüşü təşkil olunursa, onların stolunun üstünə hazır kağız qoymaq lazımdır. Çünki biz görüş xətrinə görüş keçirmirik. Ölkə başçıları hazırlanmış nəyi isə müzakirə etməlidirlər, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparmalıdırlar, konsensusa gəlməyə çalışmalıdırlar. Bilirsiniz ki, prezidentlərin görüşlərini əsasən xarici işlər nazirləri hazırlayırlar. Nazirlərin ötən il Paris şəhərində baş tutan görüşü isə uğurla nəticələnmədi. Onlar məqbul nəticəyə gələ bilmədikləri üçün prezidentlərin ötən ilin sonlarına planlaşdırılmış görüşü də baş tutmadı. Liderlərin görüşü nəzərdə tutulursa, ya görüş ərəfəsində xarici işlər nazirlərinin yeni görüşü olacaq, ya da xarici işlər nazirləri öz təkliflərini birbaşa danışıqlar stolu üzərinə göndərəcəklər. Nəticəyə gəldikdə isə bu məqamda, xüsusilə, Krımda vəziyyətin gərginləşdiyi vaxtda ermənilərin daha aqressiv olacağını, danışıqlar stolu ətrafında konstruktivliyə meyl etməyəcəklərini söyləyə bilərəm”.
Q.Hüseynli hesab edir ki, referendum, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, Dağlıq Qarabağın statusu, Azərbaycanın ərazi bütövlüyü - bu məsələlərdən heç olmasa birində və ya ikisində konsentusa nail olunmazsa, prezidentlərin danışıqları nəticəsiz bitəcək: “Görüşə mütləq hazır təkliflərlə və ideyalarla getmək lazımdır. Hələ ki, ortada belə bir şey müşahidə etmirik. Nə mətbuata, nə də müəyyən dairələrə hazır təkliflərin olduğu haqda məlumat sızdırılmayıb. Ona görə də mən prezidentlərin görüşünün pozitiv sonluğa varacağına inanmıram. Ermənistan tərəfi Rusiyanın Krımı işğal etməsindən sonra artıq təhdid dilində danışmağa başlayıb. Həmsədrlər də bölgədə müharibənin yaranmasının qarşısını almaq üçün bu görüşü təşkil etmək fikrindədirlər. Deməli, görüş sırf çözüm üçün deyil, bölgədə atəşkəs rejiminin və mövcud status-kvonun qorunub saxlanmasına xidmət edəcək”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər