• cümə, 19 Aprel, 10:10
  • Baku Bakı 13°C

Prezidentlə görüş mətbuatın inkişafına böyük stimul verəcək

29.11.13 08:30 1869
Prezidentlə görüş mətbuatın inkişafına böyük stimul verəcək
Prezident İlham Əliyevə ikinci dəfə “Jurnalistlərin dostu” mükafatının təqdim olunduğu mərasimdə
jurnalistikanın ümumi problemlərinə də nəzər salınıb, ətraflı müzakirələr aparılaraq nöqsanların qısa zaman kəsiyində aradan qaldırılacağına əminlik vurğulanıb. Bu mövzuda “Kaspi”nin suallarını həmin görüşdə iştirak edən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli cavablandırır.
- Yadigar bəy, prezidentin “Jurnalistlərin dostu” seçilməsi ilə bağlı təşkil olunan mərasim haqqında təəssüratlarınızı oxucularımızla bölüşə bilərsinizmi?

- Prezidentin jurnalistlərlə görüşməsi çox müsbət haldır. Həmin gündən təxminən bir həftəyə yaxın vaxt keçib. Həmin görüş demək olar, cəmiyyətin vacib hadisəsinə çevrilib. Tədbirin uğurlu olduğu göz qabağındadır və hər kəs onu çox yüksək qiymətləndirir. Bu, təkcə biz jurnalistlər üçün deyil, eyni zamanda, Azərbaycan cəmiyyəti üçün də əhəmiyyətli məqamdır. Orada təkcə jurnalistlər deyil, həmçinin jurnalistika fakültəsinin müəllimləri, qocaman elm adamları və professorlar da iştirak edirdi. Bildiyiniz kimi, bütün spektri əhatə edən media orqanlarının rəhbərləri tədbirə dəvət olunmuşdular. Mənə elə gəlir ki, görüş haqqında, onun cəmiyyətə, mediaya verəcəyi töhfələr barədə hələ uzun müddət danışılacaq.
- Sizcə bu görüş, mətbuatın problemlərinin həllində hansı rolu oynayacaq?

- Mətbuat cəmiyyətin öndə gedən hissəsidir. Azərbaycan isə demokratik inkişaf yolunu tutan ölkədir. Demokratiyanın əsas sütunlarından biri də azad söz, mətbuat azadlığıdır. Bu baxımdan dövlətin inkişafını mediasız təsəvvür etmək mümkün deyil. Təbii ki, hər sahənin nöqsanları olur. Bu mənada, mətbuatın da özünə görə problemləri var. Hesab edirəm ki, təşkil olunan bu mərasim çox vaxtında, yerinə düşən bir görüş oldu. Orada jurnalistika təhsili, yaşlı jurnalistlərin problemləri, yazılı mətbuatın yayımı və s. məsələlərlə bağlı problemlər prezidentin diqqətinə çatdırıldı. Buna görə də düşünürəm ki, tədbirin məhz bu məqama təsadüf etməsi mətbuatın problemlərinin həlli üçün çox böyük stimul verəcək. Çünki tədbirdəki səmimiyyət birbaşa olaraq ölkə rəhbərinin iradəsinin göstəricisi idi. Burada onun mediaya baxışı, düşüncəsi bir daha bəlli oldu. Tədbirdə mətbuatın problemləri ilə bağlı olan qurumlar, dövlət məmurları, vəzifəli şəxslər üçün ciddi ismarışlar göndərildi. Məncə, səsləndirilən fikirlər media problemlərinin həlli yolunda çox ciddi rol oynayacaq.
- Mərasimlə bağlı əks fikirlər də səsləndirilir. Hətta bəzi müxalifət qəzetlərinin rəhbərlərini bu tədbirdə iştirak etdiyinə görə qınayanlar da oldu. Bu münasibətiniz necədir?

- Azərbaycan 22 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyimizi qazandığımız andan müstəqil mətbuatımız fəaliyyət göstərməyə başlayıb. Bu müddət ərzində mətbuatımızla bağlı normal olmayan fikirlər də səsləndirilib. Bu onu göstərir ki, həmin insanlar hadisələrə düzgün yanaşmağı bacarmırlar və olanları düzgün dərk etmirlər. Çünki onlar özləri inkişaf etməyiblər. Dünyanın hər yerində jurnalist üçün ən vacib məqamlardan biri də yüksək vəzifə tutmuş insanla medianın problemlərini müzakirə etməkdir. Yəni sualları birbaşa həmin şəxsə ünvanlamaq və ondan cavab almaq hər bir jurnalistin istəyidir. Sevindirici haldır ki, qara fikirli insanların sayı azdır. Bu görüş haqqında hətta müxalifət qəzetləri də müsbət fikirlər dərc ediblər. Bütün hallarda, bu mərasim bizim üçün bir fürsət oldu.
- Görüşdə Azərbaycan mətbuatının bütün problemləri qaldırıldımı? Bunun üçün şərait yaradılmışdımı?

- Tədbir çox sadə, təvazökar durumda həyata keçirildi. Təbii ki, bir görüşdə bütün problemlərin sadalanması mümkün deyil. Hesab edirəm ki, bütün nöqsanların səsləndirilməsinə, xırdalığa qədər gedilməsinə heç ehtiyac da yox idi. Çünki görüşün formatı başqa idi. Tədbir biz jurnalistlərin cənab prezidenti ikinci dəfə «Jurnalistlərin dostu» seçməyimizlə bağlı təşkil olunmuşdu. O, jest edərək sözlərini demək üçün jurnalistlərə imkan yaratdı. Düşünürəm ki, orada söylənilən fikirlər həm cəmiyyət, həm də bəzi məmurlar üçün kifayət edə bilər. Təbii ki, söhbət mətbuat işçilərinə müəyyən problemlər yaradan məmurlardan gedir. Bildiyiniz kimi, bu gün jurnalistin ilkin mənbədən məlumat əldə etməsində çətinliklər var. Həmçinin reklam bazarının formalaşması da ideal vəziyyətdə deyil. Zənnimcə, bu tədbirdən sonra orada səslənməyən problemlərin həlli istiqamətində də müəyyən addımlar atılacaq, sadalanan nüanslar zaman-zaman həllini tapacaq.
- Siz necə, gələcəkdə də bu cür görüşlərin təşkil olunmasını arzulayırsınızmı?

- Tədbir zamanı prezidentin media nümayəndələri ilə mütəmadi olaraq görüşdüyü diqqətə çatdırıldı. Bu, onun mediaya olan diqqət və qayğısından irəli gəlir. Ona görə də inanıram ki, prezident hər fürsət tapdığında jurnalistlərlə görüşəcək. Onun iyul ayında jurnalist həmkarlarımızı mənzillə təmin etdiyi mərasimi xatırlamaq yerinə düşər. Hesab edirəm ki, prezidentlə görüşlərin təşkil olunması üçün qarşılıqlı addımlar atılmalıdır. Bu gün medianın problemlərindən biri də peşəkarlıqla bağlıdır. Qeyd etməliyəm ki, medianın yalnız öz ölkəsində maliyyələşməsi, ölkə kənarındakı hər hansı bir qurumdan maliyyə asılılığının olmaması çox ciddi məqamdır. Mətbuatın maliyyə məsələlərini üzərinə götürən KİV-lərə Dövlət Dəstəyi Fondu var. Onlar çox uğurla fəaliyyət göstərirlər. Ümid edirəm ki, mətbuatın reklamla bağlı problemlərinin həlli üçün də bir qurum yaradılacaq. O qurumun KİV DF-nin nəzdində təşkil olunması isə daha yaxşı olardı. Ona görə də prezidentlə görüşlərin təşkilində maraqlı olmalıyıq. Hələlik isə, aidiyyəti qurumların bu tədbirdə səsləndirilən fikirlərdən nəticə çıxaracağına əmin olduğumu vurğulamaq istərdim. Prezidentin yolladığı ismarışlardan elə biz jurnalistlər də nəticə çıxarmalıyıq. Media əhlinin fakta söykənməyən informasiyalar yayması narahatlıq və narazılıq doğuran məqamlardandır. Təbii ki, jurnalistlərin faktları əldə etməsində çətinliyin olunduğunu, sorğulara vaxtında cavab verilmədiyini də danmaq olmaz. Bütün sadaladığım məsələlərin həlli üçün yenidən görüş təşkil olunacağına inanıram.
- Tədbirdə iştirak etməyən media təmsilçiləri narazılıqlarını gizlətməyiblər. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, tədbir prezidentin iqamətgahında təşkil olunmuşdu. İndiyə qədər baş tutan təqdimetmə mərasimlərində çoxlu sayda jurnalistlər və məmurlar iştirak ediblər. Sonuncu tədbirdə isə əvvəlki sayda iştirakçının olması mümkün deyildi. Məkan səbəbi ilə 50-yə qədər jurnalistin iştirakı reallaşdı. Bu, sırf texniki məsələ olduğuna görə kiminsə başqa fikirlər səsləndirməyinə gərək yoxdur. Mərasim daha geniş məkanda təşkil olunsaydı, həmkarlarımızın hər biri orada iştirak edəcəkdi. Yəni, hansısa siyasi baxışdan və ya kiminsə fəaliyyət istiqamətindən söhbət gedə bilməz. Önəmli olan belə bir görüşün baş tutması, yüksək səviyyədə həyata keçirilməsidir. Onun cəmiyyətdə bir nömrəli olaya çevrilməsi bunu bir daha təsdiqləyir. Əsas odur ki, görüşdə iştirak etməyən bütün jurnalistlərimizin marağı təmin olundu və onların fikirləri də orada söylənildi.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər