AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezidentin səsləndirdiyi fikirlərin tarixi məqamları

Prezidentin səsləndirdiyi fikirlərin tarixi məqamları

Siyasət
04 İyun 2020, 18:45 5493
Musa Qasımlı: "Bu, həm işğalçı Ermənistana, həm də dünyaya mesajdır”

Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə, soyqırımı siyasəti yürüdən Ermənistan bir əsirdən artıqdır dünya ictimaiyyətini uydurma faktlarla aldatmağa çalışıb. 1990-cı illərdə Azərbaycanın 20 faiz ərazisini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal edən Ermənistan, Cənubi Qafqaz regionunda yenidən gərginlik yaradıb. Erməni rəsmiləri öz dövlətlərinin işğalçılıq siyasətinə haqq qazandırmaq üçün Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı əsassız fikirləri gündəmə gətirib, tarixi reallıqları saxtalaşdırmağa cəhdlər ediblər. Bu barədə Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlarla çıxış edib, Ermənistan rəhbərliyini çıxılmaz duruma salıb. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Prezident İlham Əliyev Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən faktlarla erməni baş nazir Nikol Paşinyana beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçib. Hər üç hadisə Ermənistan dövlətinə və cəmiyyətinə sarsıdıcı zərbə olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, həmçinin digər tarixi Azərbaycan torpaqlarının vəziyyəti barədə həqiqətlərin dünya ictimaiyyətinə ən yüksək səviyyədə çatdırılması idi.
 
 

Prezident İlham Əliyev Tərtər rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşərkən bir daha Azərbaycanın tarixi torpaqlarının zaman-zaman Ermənistana verilməsi, Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğal edilməsi faktına diqqət çəkib. Bildirib ki, bu tarixi faktları unutmaq və bağışlamaq qeyri-mümkündür. Prezident qeyd edib ki, indiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Onun sözlərinə görə, XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələr də göstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürüldüyünü dilə gətirən Prezident İlham Əliyev 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidənin ucaldıldığını xatırladıb. İrəvanın qədim Azərbaycan şəhəri olduğunu qeyd edən dövlət başçısı bildirib ki, əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası (ADR) İrəvanın Ermənistana verilməsi, bağışlanması barədə qərar qəbul etməzdi: "...Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimizin Ermənistana verilməsi düzgün addım olub? ...Bunu unutmaq və bağışlamaq da olmaz. Guya bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! ...Azərbaycanın qədim diyarı Zəngəzur da Ermənistana verildi və bununla da böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi”.
 


Əsrin əvvəllərində ADR hakimiyyəti tərəfindən İrəvan da daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistana verilməsi və tarixi ərazilərimizdə erməni dövlətinin yaradılması üçün bağışlanmaz güzəştlərin edilməsi mövzusu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, tarixçi alim Musa Qasımlı deyib ki, heç bir millətin tarixi ütülü, nizamlı olmur. Onun fikrincə, vacib olan hər bir millətin öz tarixində baş verən hadisələrdən nəticə çıxarması, ibrət almasıdır ki, gələcəkdə eyni səhvlər təkrarlanmasın: "Prezident İlham Əliyevin nitqi məhz buna hədəflənib. Ölkə başçısının bundan əvvəl də etdiyi çıxışlarda ADR dövrünə daim hörmət və ehtiram ifadə olunub. İstərdim ki, Prezidentin səsləndirdiyi fikirlərin tarixi məqamlarına diqqət yetirək. Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurub, böyük tarixi olaya imza atıb. Bu, cahanşümal bir hadisədir. Amma həmin dövrdə bizim itkilərimiz də olub. O itkilərdən biri İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi idi. Bu, reallıqdır. Əgər biz tarixi ütülü şəkildə təqdim etsək, keçmişdə baş verənlərdən heç bir ibrət ala bilməz, nəticə çıxara bilmərik. Prezidentimizin qeyd etdiyi "Cümhuriyyət İrəvanı güzəştə gedib” fikrinin böyük mənası var. Bu, həm işğalçı Ermənistana, həm də dünyaya mesajdır. Bu o deməkdir ki, hazırda Ermənistan adlı bir dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb və bu dövlətin paytaxtı olmadığı üçün Azərbaycanın o zamankı Milli Şurası İrəvanı ermənilərə güzəştə gedib”.
 


Deputat M.Qasımlı deyib ki, "Ararat Respublikası” 1918-ci ildə Azərbaycan-türk torpaqlarında yaradılıb və o dövrdə yeni yaradılan bu dövlətin ərazisi 9,2 min kvadrat kilometr olub: "1918-ci il iyulun 15-də ABŞ-ın Tbilisidəki konsulu Smitin Amerika Dövlət Departamentinə vurduğu teleqram var. Həmin teleqramda qeyd olunur ki, Türkiyə və Almaniya tərəfindən müstəqilliyi tanınan "Ararat Respublikası” İrəvan, Yeni Bəyazid, Aleksandropol qəzasından ibarətdir və sərhədləri Göyçə gölünə qədərdir. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının iclasında erməni Milli Şurasının müraciəti müzakirə olunub. İclası Həsən bəy Ağayev aparıb və qeyd edilən məsələni gündəmə gətirib. Arxiv sənədlərində qeyd olunub ki, Milli Şuranın 28 üzvündən cəmi 18 nəfər iclasda iştirak edib. Amma səsvermənin nəticəsinə görə 20 nəfər qeyd olunub. Baş nazir Fətəli xan Xoyski iclasda bildirib ki, erməni federasiyasına bir paytaxt lazımdır, bu məsələ həllini tapmalıdır. Federasiyanın nədən ibarət olması barədə həmin dövrün sənədlərində hər hansı məlumat yazılmayıb. Ermənilər o zaman İrəvanı paytaxt kimi istəmirdilər. Onlar Aleksandropolu - Gümrünü paytaxt kimi istəyirdilər. Lakin türk ordusu Gümrüdə olduğu üçün oranı paytaxt edə bilmirdilər. Buradan bir haşiyə çıxaraq qeyd edim ki, ermənilər 1921-ci ilin 16 mart tarixli Moskva və 13 oktyabr tarixli Qars müqavilələrini ləğv etmək istəyirlər. Hər iki müqavilədə yazılıb ki, bundan əvvəlki müqavilələr ləğv edilir. Bu o deməkdir ki, əgər ermənilər öz istəklərinə çatsalar, hansı ki, bu, mümkün deyil, onda gərək türk ordusu yenidən Gümrü şəhərində olsun. Çünki 1918-ci ilin dekabrın 2-də imzalanan müqavilə bu idi. Bir qədər əvvəl vurğuladığım kimi, iclasda bildirilir ki, hər iki Milli Şura müzakirələr aparıb ermənilərlə konfederasiya qurmağın şərtlərini razılaşdıracaqlar. Bu konfederasiyanın şərtlərinin nədən ibarət olması da bilinmir”.
 
 

Tarixçi-alim bildirib ki, Azərbaycan Milli Şurasının o zamankı iclasında aparılan müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb, lehinə və əleyhinə səs verməklə qəbul edilib: "Arxiv sənədlərinə görə, iyunun 1-də keçirilən iclasda İrəvandan olan deputatlar sənəd təqdim ediblər. Onlar tələb ediblər ki, İrəvan şəhəri ermənilərə güzəştə gedilməsin. Azərbaycan tərəfinin isə motivləri var idi ki, İrəvan Ermənistana güzəştə gediləcək, milli sülh olacaq və ermənilər gələcəkdə ərazi iddiası irəli sürməyəcəklər. Milli Şuranın sözügedən iclasında İrəvandan olan deputatların çıxış etməsinə imkan verilməyib, sadəcə onların müraciəti protokola tikilib, İrəvan güzəştə gedilib. O dövrdəki siyasi-tarixi reallıqları nəzərə alaraq deyə bilərəm ki, əgər həmin vaxt İrəvan güzəştə gedilməsəydi, bu, uzun müddət müzakirə obyektinə çevriləcəkdi. Onu da nəzərə almaq gərəkdir ki, çar Rusiyası 1914-cü ildə erməni təşkilatlarını artıq Tiflisdən İrəvan şəhərinə köçürmüşdü. Yəni 1914-cü ildən erməni ictimai-siyasi təşkilatları İrəvan şəhərində cəmləşdirilmişdi. Digər tərəfdən, həmin dövrdə Azərbaycan üçün başlıca məsələ son dərəcə strateji əhəmiyyət daşıyan Bakının işğaldan azad olunması idi. Həmin vaxt Tiflisdə elan olunan hökumətimizin həm Gəncəyə gəlməyə, həm də Bakını işğaldan azad etməyə gücü-qüdrəti yox idi. Bu da bir reallıqdır ki, o zaman hər şeyi hərbi güc, hərbçilər həll edir, digər tərəfi fakt qarşısında qoyurdular. Azərbaycan ziyalıları, ictimai-siyasi xadimləri bütün güclərini səfərbər edib məhz Bakını azad etməyə, cümhuriyyətin paytaxtını bu şəhərə köçürməyə çalışırdılar. Osmanlı xadimləri də o illərdə hesab edirdilər ki, Azərbaycan ermənilərlə dil tapmalı, müstəqilliyini uzunömürlü etməlidir. Çünki çar Rusiyası tərəfindən Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər burada bir fakta çevrilmişdilər”.
 


Millət vəkilinin qənaətincə, tarixdən dərs almalı, ibrət götürməliyik ki, gələcəkdə səhvlərə yol verməyək: "Prezident İlham Əliyevin nitqində prinsipial əhəmiyyət daşıyan bir məqam var. Bu, Cümhuriyyətimizin üçrəngli bayrağının bərpa edilməsidir. Həmin hadisə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında baş verib və rəsmi Bakıya da eyni addımı atmaq tövsiyə olunub. Bu, bizim tariximizin parlaq səhifəsidir və deyə bilərik ki, dövlət müstəqilliyimizin təməli rəsmi şəkildə məhz o zaman Naxçıvanda qoyulub. Bütün sadalananları ümumiləşdirsək, Prezident İlham Əliyevin nitqindən çıxarılan başlıca nəticə budur ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqedədir, 1918-ci ildə İrəvan şəhərinin güzəştə gedilməsi kimi hadisə təkrarlanmayacaq, tarixi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bunun üçün iki amil vacibdir. Dövlət və ordu güclü olmalı, əlverişli beynəlxalq, tarixi şərait yetişməlidir. Bu gün Azərbaycan dövləti və ordusu güclüdür, ölkəmiz Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alıb. Azərbaycanın dövlət başçısı İlham Əliyev də prinsipial mövqeyə sahib olmaqla, milli-dövlətçilik maraqlarını ən yüksək səviyyədə qoruyur, müdafiə edir”. 

Rufik İSMAYILOV