AZE | RUS | ENG |


Prezidentin məmurlara xəbərdarlığı rəğbətlə qarşılanır

Prezidentin məmurlara xəbərdarlığı rəğbətlə qarşılanır
Fazil Mustafa: “Özünə nəzarət edə bilməyənləri, kimisə döymək istəyənləri cəbhə xəttinə, ermənilərin üzərinə göndərmək lazımdır”

Məmurların davranışları, etdikləri hərəkətlər ictimai əhəmiyyətə malik olduğu üçün hər zaman cəmiyyətin və medianın diqqətini çəkib. Çünki vəzifə sahibi olan şəxs təkcə əməli fəaliyyəti ilə deyil, həm də etiketi, insanlara münasibəti, ailə üzvlərinin davranış tərzi, sosial məsuliyyəti və digər müsbət xarakterləri ilə insanlara örnək olmalıdır. Amma bəzən bir sıra məmurların öz səlahiyyətlərini aşmasını, qeyri-etik davranışlarını, ailə üzvlərinin xoşagəlməz hərəkətlərini müşahidə etmişik. Təbii ki, bu da cəmiyyət tərəfindən müsbət qarşılanmır, bir sıra hallarda həmin vəzifəli şəxslərə qarşı hətta qəzəb hissi oyadır. Dəfələrlə Prezident İlham Əliyev tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, dövlət adına çalışan bu insanlar nəticə çıxarmadıqları üçün tutduqları vəzifə ilə vidalaşmalı olublar.
Buna misal kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu göstərmək olar. 2013-cü ilin yanvarında nazirin oğlu Vüqar Ələkbərov İsmayıllı rayon sakinlərini təhqir etmişdi. Bu isə onların kəskin etirazına səbəb olmuş, böyük narazılıq yaranmışdı. Hadisədən bir müddət sonra Füzuli Ələkbərov nazir postu ilə vidalaşdı.    
2014-cü ilin mart ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin sabiq rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov içkili vəziyyətdə avtomobili ilə qəza törətmişdi. Qəza nəticəsində xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olmuşdu. Hadisədən 2 gün sonra, martın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz Mədətov vəzifəsindən azad edildi.
Son hadisə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucovun işindən uzaqlaşdırılması oldu. N.Orucovun oğlu Rüstəm Orucov bir neçə il əvvəl avtomobili ilə piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilsə də, 2 il sonra şərti olaraq azadlığa buraxılmışdı. O, bir neçə gün öncə 85 saylı avtobusun sürücüsünü təqib edərək döyməsi ilə yenidən gündəmə gəldi. Nəticədə, atası general-mayor N.Orucov vəzifədən azad edilərək sərəncama göndərildi.
Dövlət başçısının bu kimi addımları vətəndaşlar tərəfindən müsbət qarşılanır, onların dövlətə inamını artırır, ölkədə hüququn aliliyinin hökm sürdüyünü nümayiş etdirir.
Prezident İlham Əliyevin digər məmurlara növbəti xəbərdarlığı da gecikmədi. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı qeyd etdi ki, öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq: "Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.
İlham Əliyev bildirdi ki, məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar: "Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, məmurlarla bağlı prezidentin səsləndirdiyi fikirlər ciddi bir mesajdır: "Dövlət başçısının iradəsini bu cür ortaya qoyması cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Çünki ən azından digərlərinə də mesaj verilir. Harınlamışlığa bax ki, kimsəsiz avtobus sürücüsünü döyürlər. Gücün çatır get, cəbhəni keç, orada döyməyə o qədər erməni var ki! Əgər özünə nəzarət edə bilmirsənsə, kimisə döymək istəyirsənsə, belə etməlisən. Elə özünə güvənirsən, bir erməni tut gətir, girovluqda olan Dilqəm və Şahbazla dəyişək. Təbii ki, belə məsələlərlə bağlı prezidentin mövqeyi cəmiyyət tərəfindən dəstəklənir”.
F.Mustafa əlavə etdi ki, cəbhədə kim qəhrəmanlıq etmək istəyirsə, ona şərait yaradılmaldır: "Buraxaq belə insanları ora, nə istəyirlər gedib etsinlər. Fikrimcə, qudurğan məmur övladlarını ermənilərlə üzbəüz olan səngərlərə yönləndirmək lazımdır ki, artıq enerjilərini gedib orada çıxarsınlar. Əvvəllər cəza batalyonları var idi. İndi belə bir hərbi birləşmə yaradıb, belələrini də ora göndərmək lazımdır ki, hirslərini, əsəblərini avtobus sürücülərinin üzərinə yox, erməninin üzərinə töksünlər. Düşünürəm ki, edilən xəbərdarlıqların təsiri olacaq. Amma eyni zamanda qanunun tələbləri də gücləndirilməlidir”.
 
Bəxtiyar MƏMMƏDLİ   

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002