Vətəndaş amili dövlət siyasətinin məhək daşıdır - Video

Vətəndaş amili dövlət siyasətinin məhək daşıdır - Video

Siyasət
21 Oktyabr 2019, 14:30 854

Əli Həsənov: "Azərbaycan müxalifəti 26 ildir ki, iflasa uğrayıb və xalq tərəfindən boykot olunub”

 

Azərbaycan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov oktyabrın 20-də AzTV-nin "Həftə” verilişinin qonağı olub. O, əvvəlcə Prezident İlham Əliyevin 2018-ci ilin aprel ayından başlayaraq elan etdiyi islahatlar kursu və onun nəticələri, istiqamətləri ilə bağlı fikirlərini çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının dövlət başçısından bu və ya digər sahələr üzrə, ümumilikdə ölkədəki mövcud iqtisadi, siyasi, sosial nəticələrin yaxşılaşdırılması barədə mütəmadi gözləntiləri var. 

Azərbaycan vətəndaşlarının maraqları

Prezidentin köməkçisinin sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə bütün sahələri əhatə edən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır: "Cənab İlham Əliyevin 2018-ci ilə qədər Prezident kimi fəaliyyətində, 2018-ci ildən yenilənməyə və modernləşməyə doğru sistemləşdirilmiş yeni siyasətinin təməlində əsasən sosial amil – vətəndaş amili dayanıb. 2018-ci ildə Prezident İlham Əliyev növbəti dəfə Prezident seçiləndən sonra ölkədə yeni islahatlar kursu elan etdi. İqtisadi sahədə neft gəlirlərindən asılılığın getdikcə azaldılması, qeyri-neft sektorunun inkişafı, o cümlədən kənd təsərrüfatı, aqrar islahatlar, ölkədə bazar iqtisadiyyatı mexanizmlərinin, normalarının dərinləşdirilməsi, şəffaflaşdırılması deyilənlərə nümunədir. Bu fonda Azərbaycan vətəndaşlarının iş şəraitinin, gündəlik dolanışığının, maaşlarının dinamik şəkildə artırılması siyasətinin vahid kursu elan edildi. Bu sahədə bir il müddətində həyata keçirilən siyasət və əldə edilən nəticələr ortadadır. Vergi yığımı, gömrük orqanlarının dövlət büdcəsinə köçürmələrinin artması, sahibkarlığın inkişafı sahəsində ümumilikdə əldə edilən gəlirlər sosial sahəyə, sosial siyasətə yönəldilib. Yəni, dövlətin həyata keçirdiyi islahatlar kursunun böyük bir qismini iqtisadi islahatlar təşkil edir. İndiyə qədər qəbul edilən dövlət proqramlarını, onların həyata keçirilməsini, konkret olaraq iqtisadi proqramların reallaşmasını, sənayeləşməni, dövlətin xarici aləmlə iqtisadi əlaqələrinin yaradılması və genişləndirilməsini, Azərbaycanın aqrar potensialının – rezervlərinin işə salınmasını, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun artırılmasını, onların güzəranının yaxşılaşdırılmasını, müvafiq sahələr üzrə dövlətin ixrac potensialının artırılmasını və büdcə gəlirlərinin çoxalmasını qeyd etmək olar”. 

Struktur islahatlar indi də davam etdirilir

Ə.Həsənov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların böyük bir qismini struktur islahatlar təşkil edib. Onun fikrincə, 2018-ci ilin aprel ayından başlayaraq, indinin özündə də ölkədə radikal struktur islahatlar həyata keçirilir: "Ayrı-ayrı dövrlərdə yaradılmış, lakin idarəçilikdə ciddi rol oynamayan, kifayət qədər məsrəflə başa gələn bir çox strukturlar ləğv olundu. Bu strukturların ləğv edilməsi sadəcə bir mexaniki proses deyildi. Həmin strukturlarda Azərbaycan vətəndaşları çalışırdı. O insanların digər ehtiyac duyulan sahələrə yerləşdirilməsi siyasəti həyata keçirildi. Vətəndaş amili Prezident İlham Əliyevin, bundan öncə isə ulu öndər Heydər Əliyevin siyasətində dövlət siyasətinin məhək daşı olub. Ona görə də struktur islahatlar nəticəsində iş yerlərini itirən vətəndaşların mütləq əksəriyyəti tələbat duyulan digər sahələrdə işlə təmin olunublar. Struktur islahatlar indi də davam etdirilir. Prezident İlham Əliyev idarəetmədə bu gün də özünü doğrultmayan strukturların yenidən qurulması, birləşdirilməsi, bəzi strukturların böyüdülməsi işlərinin sistemli şəkildə həyata keçirilməsi üçün lazımi addımlar atır”. 

Sosial müdafiəyə ehtiyacı olan insanların ədalətsiz şəkildə istismarının qarşısı alınıb

Prezidentin köməkçisi bildirib ki, sosial sahədə də geniş islahatlar həyata keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət sosial sahənin əvvəlki dövrlərlə müqayisədə təkmilləşdirilməsinə xidmət edib: "Azərbaycanda özünü doğrultmayan, ağrılı bir sosial təminat sistemi var idi. Xüsusən aztəminatlı vətəndaşların dövlət büdcəsindən müəyyən vəsaitlərlə təmin olunması sahəsində qaranlıq məqamlar, korrupsiya, rüşvət amilləri özünü göstərməkdə idi. Sahibkarlıq subyektlərində, o cümlədən şirkətlərdə, ayrı-ayrı müəssisələrdə çalışan vətəndaşların sosial müdafiəsi, pensiya təminatı, sosial fondlara ödənişlər lazımi səviyyədə deyildi, insanların əmək müqaviləsi olmadan işə cəlb olunması və sair bu kimi arzuolunmaz hallar özünü göstərirdi. Belə bir hal normal dövlətlərdə qəbuledilməzdir. Ona görə də müvafiq addımlar atıldı. Cəmi bir il ərzində həyata keçirilən sosial siyasət nəticəsində vətəndaşlarımızın gələcək həyatı, pensiya təminatı yaxşılaşdırıldı. Pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar və əldə edilən nəticələr göz qabağındadır. Sosial müdafiəyə ehtiyacı olan insanların ədalətsiz şəkildə istismarının qarşısı alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi tədbirlər sayəsində bu sistem təkmilləşdirilib, əhaliyə ünvanlı yardımlar sistemi işə salınıb. Digər tərəfdən, vətəndaşların ələbaxımlılıq psixologiyasından qurtarılması üçün sistemli iş qurulub, həyata keçirilməkdədir. İslahatlar nəticəsində dövlət büdcəsində qənaət edilən vəsaitlər yenidən əhalinin, aztəminatlı insanların sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, bazar iqtisadiyyatına çətin uyğunlaşan kateqoriyaların həyatının yaxşılaşdırılmasına yönəldilir”. 

Azərbaycan dövləti fəal sosial siyasət yürüdür

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövləti fəal sosial siyasət yürüdür: "Dövlətin qətiyyən borcu deyil ki, vətəndaşın bu və ya digər təbii fəlakət nəticəsində itirdiyi əmlaka görə vəsait ödəsin. Bunun üçün bütün dünyada sığorta sistemi var. Vətəndaş daşınar və daşınmaz əmlakını sığortaladır, təbii fəlakət nəticəsində o əmlaka dəyən ziyana görə də vətəndaşa ödəməni müvafiq sığorta şirkəti edir. Baxmayaraq ki, Azərbaycan dövləti bütün bu məsələlərdə dövlətin funksiyasına daxil olan məsələləri həyata keçirir, eyni zamanda dövlətin funksiyasına daxil olmayan məsələləri də reallaşdırır. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən son bir illik siyasətdə sosial siyasət günü-gündən təkmilləşib. Bu, Azərbaycanın gələcək inkişafına gözəl stimul verir, əhalinin dövlətlə münasibətlərinin təməlində sağlam vətəndaş-dövlət münasibətləri qurur”. 

İctimai, siyasi, iqtisadi həyatımızın reallıqları

Ə.Həsənov Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı İlham Əliyevin islahatlarla bağlı səsləndirdiyi fikirlərdən sitat gətirərək qeyd edib ki, bu islahatlar rahatlıqla həyata keçirilmir, buna qarşı maneçilik törətmək istəyən qüvvələr, məmurlar, sahibkarlıq subyektləri, o cümlədən dövlətin vergisini tam şəkildə ödəməyən strukturlar var: "Hələ də dövlətin vergi və sosial təminat sistemlərindən yayınmaq istəyən, şəffaflığa meylli olmayan strukturlar var. Bu insanlar şəxsi maraqlarını təmin etmək üçün bəzi hallarda müvafiq islahatlar kursuna rəhbərlik edən nazirlərə, komitə və şirkət rəhbərlərinə qarşı qeyri-sivil yollarla mübarizə aparır, onları şantaj edirlər. Cənab Prezidentin qeyd etdiyi kimi, təəssüf ki, bu işdə mediadan da istifadə edirlər. Bunlar hamısı ictimai, siyasi, iqtisadi həyatımızın reallıqlarıdır. Əlbəttə ki, Azərbaycan dövləti müasir dünyanın bir parçasıdır. Dünyanın digər ölkələrində mövcud olan bütün pozitiv və neqativ proseslərin bu və ya digər göstəriciləri Azərbaycanda da var.Azərbaycan ideal bir cəmiyyət deyil. Azərbaycan dövlətinin yürütdüyü siyasət nə qədər pozitiv olsa, nə qədər vətəndaşların maraqları üzərində qurulsa da, bu siyasətin də nöqsanlı tərəfləri var. Ona görə də Cənab Prezident çağırış edirdi ki, yeni təfəkkürlə, enerji və həvəslə işə girişən insanlara mane olmaq lazım deyil. Uzun müddət dövlət qulluğunda, sahibkarlıq sahəsində fəaliyyət göstərən insanlar yavaş-yavaş dövlətin, zəmanənin, zamanın yeni tələblərinə uyğunlaşmalıdır”. 

200 min adamın ritmik həyatının pozulması

Ə.Həsənov radikal müxalifətin 19 oktyabr mitinqindən də danışıb. O bildirib ki, 28 May meydanı ətrafında avtobuslardan, metrolardan gün ərzində 200 minə yaxın Bakı şəhər sakini istifadə edir və icazəsiz mitinqə cəhd həmin insanların ritmik həyatını pozub: "O cümlədən, həmin meydanın ətrafı kifayət qədər sıx şəkildə sahibkarlıq obyektləri, dükanlar, ticarət mərkəzləri, məktəblər, xəstəxanalar, institutlar olan bir yerdir. Azərbaycan müxalifətinin bu antimilli, antivətəndaş aksiyası sözün həqiqi mənasında həmin gün Bakıda 200 mindən artıq insanın ritmik həyatını pozdu. Həmçinin nəqliyyatın ritmik hərəkətini, şəhərin ictimai-siyasi asayişini pozdu. Polis orqanları asayişi qorumaq üçün məcbur oldu ki, vətəndaşların hərəkətini məhdudlaşdırsın. Ona görə də mən polis orqanlarının və Azərbaycan dövlətinin adından dinc vətəndaşlarımıza, həmin gün o aksiyaya heç bir aidiyyatı olmayan vətəndaşlarımıza yaratdığımız bu diskomforta görə üzr istəyirəm. Əslində, müxalifət üzr istəməlidir. Bu işin məsuliyyətini kimsə daşımalıdır, ya daşımamalıdır?! 200 min adamın ritmik həyatının pozulmasının məsuliyyətini müxalifət, təşkilatçılar, Azərbaycanın mərkəzini qarşıdurmaya, xaosa, anarxiyaya çevirmək istəyən siyasətçilər daşıyır. 25-26 ildir ki, mənim də təmsil olunduğum hakimiyyət Azərbaycan dövlətini idarə edir. Azərbaycanın iqtisadi-siyasi, sosial siyasətini formalaşdırır və həyata keçirir.Azərbaycan vətəndaşları ilə təmasa girir. Onların istək və arzularını həyata keçirmək üçün siyasət yürüdür. Azərbaycan vətəndaşları da bütövlükdə bu hakimiyyətdən razıdırlar. Bunu keçirilən sorğular da göstərir”. 

Azərbaycan müxalifəti 25-26 ildir ki, iflasa uğrayıb

Prezidentin köməkçisi deyib ki, bir ölkənin hakimiyyətini, liderini dəyişməyin yolu vətəndaşların iradəsindən, istəyindən keçir. Onun sözlərinə görə, bu iradəni, istəyi qazana bilməyən istənilən qüvvə iflasa məhkumdur: "Necə ki Azərbaycan müxalifəti 25-26 ildir ki, iflasa uğrayıb, Azərbaycan xalqı tərəfindən boykot olunub. Bunu birmənalı şəkildə bizim vətəndaşlar anlamalıdır. Əli Kərimli və onun ətrafındakı antimilli qüvvələr 26 ildir ki, eyni cəfəng fikirlərlə hakimiyyətə və dövlət idarəçiliyinə, asayişə, dövlətin islahatlarına,yürütdüyü fəal sosial siyasətə qarşı çıxırlar. Baxın, xarici ölkələrdə asayişi pozmaq istəyən vətəndaşlara qarşı polis hansı qəddarlıqla tədbirlər görür. Sivil dünyanın mərkəzi Parisdə, Barselonada, Amsterdamda, Londonda biz dəfələrlə belə halların şahidi olmuşuq. Dövlətin, vətəndaşların asayişini, ritmik həyatını, nəqliyyatın hərəkətini pozmaq istəyən insanlar müvafiq olaraq polislə, asayiş keşikçiləriylə üz-üzə gəlirlər və onlara qarşı istənilən vasitə məqbul hesab olunur. Ancaq biz 26 ildir ki, bunları ötüşdürürük”. 

Yenilənən Azərbaycana yeni müxalifət lazımdır

Ə.Həsənov bildirib ki, 26 ildir Azərbaycan xalqı tərəfindən boykot olunan radikallar üçün müxalifətçilik bir həyat tərzinə, yaşam mənbəyinə çevrilib: "Onlar üçün müxalifətçilik dünyanın anti-Azərbaycan qüvvələri ilə əlaqələr üçün vasitəyə çevrilib. Azərbaycan zəngin geoiqtisadi, geosiyasi, geostrateji amildir. Müasir dünyanın, qlobal güclərin hər biri Azərbaycanın sahib olduğu sərvətdən özünə pay almaq istəyir. Bu sərvət isə yalnız Azərbaycan vətəndaşına məxsusdur. Bu sərvətdən özünə pay almaq istəyən qüvvələr bu və ya digər formada dövlətə təzyiq mexanizmləri işə salırlar. O qüvvələr radikal müxalifəti dövlətə qarşı istifadə edirlər. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev müasir, müstəqil, iradəli, qətiyyətli siyasət yürüdür. Bu siyasətin təməlində isə yalnız Azərbaycan xalqının maraqları dayanır. Məhz buna görə də dövlət başçısı Azərbaycanın milli-dövlətçilik maraqlarına cavab verməyən istənilən təklifə yox deyib. Yox dediyi üçün də anti-Azərbaycan dairələr radikal müxalifəti müəyyən addımlar atmağa təhrik edirlər. Onlar da bu həyat tərzini qəbul ediblər və dəyişməyə meylli deyillər. Bununla belə, Azərbaycanda sağlam müxalifət də var. Bu sözlər, iradlar ümumilikdə müxalifətin ünvanına deyilmir. Azərbaycan dövlətinə, hakimiyyətinə sağlam opponentlik edən, dövlətlə, insanlarla sağlam münasibətlər quran müxalifət də var. Lakin radikal müxalifət bu sağlam opponentlik institutunu – sağlam müxalifəti gözdən salır. Belə müxalifət – radikallar əfsuslar olsun ki, düzələn deyil. Yenilənən Azərbaycana yeni müxalifət lazımdır. Bu yeni müxalifəti də müasir Azərbaycan gəncliyi yaratmalıdır”.


Rufik İSMAYILOV