Prezidentin köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb
Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin
Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu
ölkənin 40-dan artıq jurnalisti Azərbaycanda səfərdədir. Onlar iki gün ərzində
Bakıda Azərbaycan jurnalistləri ilə bir araya gələcək, jurnalistikanın aktual
problemlərinə dair məsələləri müzakirə edəcəklər. Bakıda fəaliyyət göstərən
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası,
Azərbaycan Mətbuat Şurası və "Yeni çağ” media qrupu da bu forumun
təşkilatçıları sırasındadır.
AZƏRTAC xəbər verir ki, forumda iştirak etmək üçün Bakıya gələn
türkiyəli jurnalistlərin bir qrupu iyulun 20-də Prezident Administrasiyasında
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənovla görüşüb.
Görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən,
Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə
görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən "Cənub
Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji
təhlükəsizliyinə töhfəsindən danışdı.
Azərbaycanın və qardaş Türkiyənin regionda artan rolunu vurğulayan
Prezidentin köməkçisi türkiyəli jurnalistlərin suallarını cavablandırdı.