• şənbə, 20 Aprel, 06:15
  • Baku Bakı 14°C

Prezidentin gəncliyə xitabı

27.11.19 15:07 432
Prezidentin gəncliyə xitabı
Azərbaycanın ənənəvi müxalifətinin mövcud durumunun ölkə rəhbəri səviyyəsində dilə gətirilməsi yeni hadisə deyil. Bundan əvvəl də prezident İlham Əliyev AXC-Müsavat hakimiyyətinin 1 il ərzində ölkəni saldığı bərbad durum haqqında həqiqətləri yada salıb. Dövlət başçısı ona siyasi rəqib olmağa can atanların əsl mahiyyətlərini, hakimiyyətə gəlmək üçün hansı xəyanətkar əməllərə yol verdiklərini cəmiyyətə dönə-dönə xatırladıb. Son bir neçə çıxışında prezidentin yenidən müxalifətin fəaliyyətinə toxunması isə səbəbsiz deyil.
AXC-Müsavat hakimiyyətinin zamanından 26 il ötüb. Bu zaman kəsiyində yeni nəsil formalaşıb. Gənc nəsil bilmir ki, indi gecə-gündüz sosial mediada hakimiyyətə hər cür böhtan yaxanlar iqtidarda olanda Azərbaycan hansı xaosu yaşayıb. Ola bilsin, bunu hardasa oxuyub, eşidiblər, amma o prosesləri görməyiblər, öz həyatlarındahiss etməyiblər. İndi 26 yaşlı gəncə həmin dövrdə adi çörək almaq üçün saatlarla növbəyə durduğunu deyəndə, inanmağı gəlmir. Ölkənin parçalanmaq təhlükəsi ilə üzləşməsi, əsl düşmənin unudularaq daxildə silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəyə girişərək bir-birlərinə atəş açmaları, Milli Məclisin "kurilxanaya” çevrilməsi, təsadüfi, savadsız, təcrübəsiz adamların idarəetməni küçə səviyyəsinə endirməsi və s. bu kimi faktlar da onları təəccübləndirir, hətta gülüşünə səbəb olur.
Ötən keçən zamanı fürsət bilən keçmiş iqtidar təmsilçiləri, çıxışlarını, siyasi fəaliyyətlərini məhz bu gənclik üçün hesablayırlar, onları ələ almağa çalışırlar. 1 illik hakimiyyət dövründə çoxlu işlərin görülməsi barədə nağılları gənclərə həqiqət kimi sırımağa cəhd edirlər.
Belə bir məqamda ölkə rəhbərinin gəncliyə xitabən, ənənəvi müxalifətin iç üzünü açması qəribə görünməməli, əksinə təqdir olunmalıdır. Prezidentin gəncliyə ünvanlanan çıxışı hər hansı narahatçılığın əlaməti deyil. Özünün ən güclü dövrünü yaşayan iqtidar, onun rəhbərliyi tarixin təhrif olunmasından, gəncliyin səhv istiqamətə yönləndirilməsi kimi meyllərdən narahatdır.
Azərbaycan güclənib, onun imkanları region müstəvisindən kənara çıxıb. Gənc müstəqil dövlət böyük güc mərkəzlərində təmsil olunmaqdan, belə qurumlara rəhbərlik etməyə qədər irəliləyib; tam müstəqil, maliyyə baxımından heç kimdən asılı olmayan ölkəyə çevrilib. Bu vəziyyətdən istər daxildə, istərsə də xaricdə narahat olanlar iqtidarı ləkələmək üçün zaman-zaman etdikləri cəhdləri intensivləşdirirlər. Azərbaycanın daha da güclü olmasını istəməyən bəzi xarici dairələrlə müxalifətin maraqları bu məsələdə üst-üstə düşür.
Ənənəvi müxalifət onsuz da hakimiyyətə qarşı mübarizə aparmaq əzmini çoxdan itirib. Fəqət hakimiyyətin daha da artan gücü fonunda bu insanlar siyasətdən tamamilə silinmək təhlükəsi ilə üzləşdiklərini yaxşı anlayırlar. Gücü hakimiyyəti ləkələməyə, nüfuzdan salmağa, dünyagörüşü həssas olan gəncliyi ələ almağa veriblər. Hansısa ölkədə baş verən hadisələrdən həvəsə düşərək siyasət qurmaq səviyyəsinə düşən, xalqdan tamamilə qopan ənənəvi müxalifət onu da yaxşı anlayır ki, cəmiyyətdə baş verən dəyişikliklər onlardan da yan keçməyəcək. İndiki yalanlar 1 ildən sonra keçərli olmayacaq, sosial şəbəkələrdə eyni yalanlarla uzağa getmək mümkünsüzləşəcək.
Mitinqlərinə normal bir konfrans iştirakçılarının sayı səviyyəsində adam gələn müxalifətin son cabaları isə dövlət başçısının çıxışları fonunda suya düşməkdədir. Həqiqət acı olur və bu həqiqətlərin xalqın dəstək verdiyi prezident tərəfindən dilə gətirilməsi daha effektiv təsir bağışlayır. Dövlət başçısı ənənəvi müxalifət barədə kifayət qədər məlumatlı görünür. Onun çıxışlarından o da hiss olunur ki, xəyanət yolunda olan müxalifət barədə bildiklərini hələ tam ifadə etmir...
Beləliklə, prezidentin çıxışlarının başqa istiqamətlərə yozulması, yəni "niyə köhnə palan içi tökür” kimi yanaşmaq yanlışdır. Müxalifət utanmadan hakimiyyət yolu arayanda, bunun üçün rəqibini böhtanla sıradan çıxarmağa çalışanda, əlbəttə ki, onun keçmişi sübut kimi qarşıya qoyulmalıdır.
Baxın: müxalifət deyir biz güclənmişik, iqtidar qorxur, ona görə bizi vurur. Gülməlidir deyilmi? Harda gücləndilər, necə gücləndilər?
Müxalifət öz vəziyyətini hamıdan yaxşı bilir. Anlayır ki, bir ovuc insanın qəzəbi ilə hakimiyyəti yarım metr belə geri oturtmaq mümkün deyil, illərdir belə yekə danışmalar, tərəfdarstatistikasından dəm vurmaqmüxalifəti komik duruma düşürüb. Son mitinq cəhdləri də, nə iştirakçı sayı ilə, nə dəşüarlardakı emosiya ilə hakimiyyəti düşünməyə vadar edə biləcək təsir gücünə sahib ola bilmədi. Mitinqlər növbəti dəfə cəmiyyətə müxalifət haqqında obyektiv arayış verdi.
Bu durumda olan müxalifət iqtidara heç bir təhlükə doğura bilməz. İqtidar təkcə ölkənin iqtisadiyyatını, əhalinin sosial müdafiəsini, hərbi qüdrətini və s. gücləndirməyə görəvli deyil. İqtidar ölkənin üzünmüddətli inkişafını, gələcəyini də düşünməli, düzgün ideoloji iş aparmalıdır. İdeolji iş isə əsasən gənclərlə olmalıdır. Necə ki, prezident öz çıxışında ifadə etdi: "İdeoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər”.
Elman BABAYEV
banner

Oxşar Xəbərlər