• şənbə, 20 Aprel, 04:59
  • Baku Bakı 15°C

“Prezidentin Fərmanının sosial-iqtisadi əhəmiyyəti çox böyükdür”

15.01.15 12:42 1634
“Prezidentin Fərmanının sosial-iqtisadi əhəmiyyəti çox böyükdür”
2015-ci il, yanvarın 13-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanın sosial-iqtisadi əhəmiyyətinə, vətəndaşların həyatına hansı formada təsir edəcəyinə aydınlıq gətirən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov “Kaspi”yə bildirib ki, sözügedən sənəd insanların illərlə arzuladığı məsələnin həlli yolunda yaşıl işıq yandırıb: “Şübhə etmirəm ki, illərdən bəri bu problemi yaşayanların əksəriyyəti son imkanlarını bir araya gətirib özlərinə mənzil tikmiş insanlardır. Onlar çətinliklə inşa etdikləri mənzillərinin taleyinin necə olacağını bilmədiklərindən bu günədək narahat vəziyyətdə yaşayıblar. Bu baxımdan Fərmanın sosial-iqtisadi əhəmiyyəti çox böyükdür və Fərman on minlərlə evin sənədləşdirilməsinə zəmin yaradacaq”.
F.Yusifov deyib ki, diqqəti çəkən ən ciddi məqamlardan biri də Fərmanının ikinci bəndində nəzərdə tutulan məsələlərin həlli ilə bağlıdır: “Söhbət əmlakın magistral boru kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, nəqliyyat infrastrukturu obyektləri, suların mühafizə zonaları, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi hallarından gedir. Hesab edirik ki, belə hallar üçün xüsusi qaydaların işlənib hazırlanmasına ehtiyac olacaq. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bir çox hallarda adları çəkilən ərazilərdə tikintilər yerli idarəetmə orqanlarının məsuliyyətsiz yanaşması nəticəsində aparılıb. Həmin sahələrdə daşınmaz əmlakın - mənzillərin tikintisinə rəsmi icazə verən yerli icra orqanı və vəzifəli şəxs, fərqi yoxdur hazırda harada işləyir, məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyətsiz qərar nəticəsində vətəndaşa dəyən zərərin həmən vəzifəli şəxsin hesabından, yaxud yerli icra orqanının büdcəsindən ödənilməsi gündəmə gəlməlidir. Əgər vətəndaş rəsmi icazə almadan qadağan olunmuş ərazini zəbt edərək, orda mənzil tikibsə artıq özü məsuliyyət daşıyır. Fərman belə mənzillərin qeydiyyatını nəzərdə tutmur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər